Qərb Azərbaycanda Avrointeqrasiya ideyalarına dəstəyi azaldıb; Nəticədə, Azərbaycanda Avropa dəyərləri ilə bağlı məyusluq artır, onların yerini demokratiya prinsiplərinə zidd olan ideyalar tutur
Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti institutlarına qarşı aqressiv siyasəti və demokratiyanın boğulması fonunda Qərb dövlətləri passiv mövqe tutur. Nəticədə, Azərbaycanda Avropa dəyərləri ilə bağlı məyusluq artır, onların yerini demokratiya prinsiplərinə zidd olan ideyalar tutur. Bu barədə bugünki mətbuat konfransında Azərbaycan Avropa Hərəkatının (AAH) prezidenti Ramin Hacılı bildirib. Onun sözlərinə görə, Qərb diplomatik missiyaları son zamanlar vətəndaş cəmiyyəti institutlarına dəstəyi zəiflədiblər. AAH demokratiyanı öz dəyərləri elan edən 37 səfirliyin və 8 beynəlxalq təşkilatın fəaəliyyətinin üç istiqamətdə monitorinqini həyata keçirib. Diplomatik missiyaların saytlarının monitorinqi göstərdi ki, onların əksəriyyəti artıq əlaqə vasitələrini göstərmir və ya yanlış göstərir. Elektron ünvanlara göndərilən məktublar geri qayıdır və ya onlara cavab verilmir. Əlaqə telefonları vasitəsilə zəruri məlumatları alamq olmur. Bir çox səfirliklərin sosial şəbəkələrdə əlaqə vasitələri yoxdur. “Diplomatik missiyaların əksəriyyəti biznes mərkəzlərində və digər müdafiə olunan obyektlərdə yerləşməsi vətəndaşların bu təşkilatlara baş çəkə bilməməsinə səbəb olur. Əlaqə vasitələrinin olmaması isə səfirliklərlə əlaqə imkanından məhrum edir”, deyə Hacılı bildirib.İnformasiya təminatı sahəsində Almaniya səfirliyi daha uğurlu olub. AAH ona xüsusi mükafat verib. ABŞ, Fransa, Böyük Britaniya, Polşa, Yunanıstan, Bolqarıstan və Moldova səfirliklərində vəziyyət nisbətən daha əlverişlidir. Monitorinq zamanı vətəndaş cəmiyyəti institutları arasında sorğu da keçirilib. Onlar səfirliklərin demokratik dəyərlərin təşviqi məsələsində passivliyini qeyd ediblər. Monitorinqin üçüncü istiqaməti səfirliklərin özlərinin demokratik ideyaların yayılmasında iştirakına aid olub. “Bu yaxınlarda səfirliklərdən birinin iştirakı ilə film nümayişi keçirilib. Tədbirdə cəmi 11 nəfər iştirak edib. Eyni zamanda, bir tələbə təşkilatı bənzər tədbirə 70 nəfər cəlb edib”, deyə Hacılı bildirib. O qeyd edib ki, Avropa dəyərlərinə ictimai marağın azalması İranyönlü və Rusiyayönlü əhval-ruhiyyənin güclənməsinə şərait yarada bilər. O, Avropa Şurasının Bakı ofisinin işini xüsusilə tənqidə məruz qoyub. “Artıq bir ildir ki, Bakıda AŞ nümayəndəliyinin rəhbəri yoxdur. Keçmiş nümayəndə deyirdi ki, o, müvəqqəti şəxsdir. Avropa Şurası fəaliyyətsiz qaldıqda İran Mədəniyyət Mərkəzinin fəaliyyəti üçün meydan açılır”, deyə Hacılı bildirib. Buna görə, son on il ərzində Azərbaycan cəmiyyətində Qərbə qarşı etibar sarsılıb və eyni zamanda islama maraq artır. AAH demokratiya və Avrointeqrasiya ideyalarının yayılması üzrə fəaliyyəti genişləndirir. Təşkilatın ölkənin 14 regionunda nümayəndəliyi var. AAH həmçinin mayın 9-da qeyd olunan Avropa Günü keçirməyə hazırlaşır. Həmin gün idman marafonu keçiriləcək. 2015-ci ildə Azərbaycanda Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar da tədbirlər kompleksi hazırlanır. Mətbuat konfransında AAH-nin yeni baş katibi – Almaniyada ali təhsil almış Aygül Cəfərova da təqdim edilib. AAH 1948-ci ildə Uinston Çerçill və digər xadimlər tərəfindən demokratik dəyərlərin təbliği məqsədilə yaradılmış Beynəlxalq Avropa Hərəkatının bir hissəsidir. Hərəkatın nailiyyətlərindən biri 1949-cu ildə Avropa Şurasının yaradılması olub.
Sorğu
Yeni dizaynımız necədir?