Yeni təhsil naziri Mikayıl Cabbarovun gəlişinə sevinməyənlər də var. Bununla bağlı dia.az-ın əldə etdiyi bilgilərə görə, gerçəkdən də indiki yüksəlişinə görə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə borclu olmalı olan Mikayıl Cabbarov əslində məhz Əliyev qardaşlarına qarşı getməsilə hakimiyyət olimpində ucalmağa müvəffəq olub. Elə buna görədir ki, bu gün həm məhbəsdə olan Fərhad və Rafiq Əliyevlərin və həm də elə azadlıqda olan digər qardaşlarının bu təyinatı içdən sevinərək qəbul etmələri heç cürə inandırıcı deyil. Bütün bunlar barədə danışan mənbə bildirir ki, bu gün yeni nazirin tərcümeyi-halı açıqlanarkən onun 1999-2002-ci illərdəki fəaliyyət dövrü «özəl sektorda işləyib» şəklində izahlandırılır: «Bunun açması isə «Azpetrol»dur. Yəni həmin müddətdə Mikayıl Cabbarov «Azpetrol»da işləyib. Ona ilk etimadı Rafiq Əliyev göstərib. Sonradan «etibarlı adam» kimi Rafiq Əliyev Mikayıl Cabbarovu Fərhad Əliyevə təqdim edib və Fərhad Əliyev hətta onu nazir müavini postuna qədər yüksəldib». Mənbəmiz iddia edir ki, amma bu «etimad» məsələsində Əliyev qardaşlarının nə qədər yanıldıqları sonradan bəlli olur: «Fərhad Əliyev, Rafiq Əliyev 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs olunurlar. Onlara qarşı istintaqda ilk ifadəni verən, əsas şahid rolunu oynayan da elə bu «etibarlı adam» olur. Nəticədə Mikayıl Cabbarov Fərhad Əliyevin digər qardaşı Əlipənah Əliyevin yerinə «İçərişəhər» Qoruq İdarəsinə rəhbər təyin edilməklə mükafatlandırıldı». Mənbəmiz bildirir ki, Ramiz Mehdiyevin inşaat sektorunda bir nömrəli adamlarından biri olan və «Ağ şəhər Zakir» kimi tanınan şəxslə bacanaq olan Mikayıl Cabbarov mətbuatda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə əks cinahın kadrı kimi təqdim edilsə də, bu heç də belə deyil. Əksinə bu gün Ramiz Mehdiyevin şəxsən Mikayıl Cabbarovu təqdim etməsi təsadüfi deyildi və o özünün hələ də qüdrət sahibi olduğunu nümayiş etdirməyə çalışdı və bunu bacardı».
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?