FHN şefi hakimiyyət nərdivanının yuxarı pilləsinə ayağını atmaq üçün startda dayanıb
2013-cü il seçki ili olduğundan və ölkədəki siyasi vəziyyət əvvəlki illərdən fərqli olaraq mürəkkəb səmtə yönəldiyindən hakimiyyətdəki ən iri oliqarxların mövqeyi və iddiaları üzə çıxmağa başlayır. Məsələ burasındadır ki, bu gün Azərbaycan hakimiyətində təmsil olunan oliqarx nazirlər iki hissəyə bölünür. Tutduğu vəzifəni qoruyub saxlamağa çalışanlar və mövcud imkanlarından daha artığını əldə etmək istəyənlər. Faktiki olaraq bu gün tutduğu vəzifəni qoruyub saxlamağa çalışanlar və bununla kifayətlənən nazirlər tərəzinin ağır gözünü tuturlar. Tərəzinin yüngül gözündə dayanan elə oliqarxlar da var ki, hakimiyyət nərdivanının daha bir neçə pilləsinə dırmanmaq və sonda başa çıxmağa iddialıdırlar. Düzdür, belə nazirlərin sayı azdır və onların böyük əksəriyyəti iddia və niyyətlərini çuvalda gizləyə bilirlər. Lakin elə nazir də var ki, artıq öz iddialarını gizləyə bilmir və ya tədricən niyyətini gerçəkləşdirmək üçün altdan-altdan əməli işə başlayıb. Əldə etdiyimiz məlumatlar və aparılan müşahidələr sübut edir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov məhz hakimiyyət nərdivanının yuxarı pilləsinə ayağını atmaq üçün startda dayananlardandır. Artıq neçə aylardır ki, Kəmaləddin Heydərovun ən yaxın ətrafı camaat arasında siyasi fon yaratmaqla məşğuldurlar. Hər yerdə belə təbliğat aparılır ki, Kəmaləddin Heydərov baş nazir olmadıqca bu ölkənin iqtisadiyyatı düzəlməyəcək, işsizlik problemi aradan qalxmayacaq. Onların təbliğatına görə, Kəmaləddin Heydərov baş nazir olan kimi bölgələrdə zavodlar, fabriklər, müəssisələr açacaq və Qəbələ rayonunu necə düzəlbibsə, Azərbaycanın digər rayonlarını da elə düzəldəcək. Hətta onlar «bir “Gilan” şirkəti ilə bu qədər iş görə bilirsə, gör baş nazir olsa nələr edər» ifadələrini səsləndirməkdən belə çəkinmirlər. Bundan başqa Kəmaləddin Heydərovun yeyib-yedizdlirən adam olduğu, ona işləyənlərin yağ-bal içində üzdüyü deyilir. Sözsüz ki, bütün deyilənlər təbliğat xarakterlidir və belə demək mümkünsə qeyri rəsmi şəkildə seçkinin təbliğat-təşfiqat kampaniyasına bənzəyər düşünülmüş gizli siyasi gedişlərdir. Sirr deyil ki, heydərovçular bunu havayı etmir və qarşılığında milyonlarla vəsait mənimsəyirlər. Amma həmin heydərovçulara da, bütün ictimai-siyasi fəaliyyətlə məşğul olanlara da və ən əsası xalqın əksər təbəqəsinə gün kimi aydındır ki, Kamaləddin Heydərov necə kadrdır. Azərbaycan hakimiyyətində ilk dəfə işçilərə paket vermək məsələsinin əsasını qoyan və bu günü üçün onları yetişdirib xalqın içinə piar aparmaq üçün salan məhz Kəmaləddin Heydərovdur. Heç kəsə sirr deyil ki, bu gün hansısa sahibkar ölkəyə 90 min manatlıq mal gətirirsə, əlavə 90-100 min manat gömrükdə «şapka» verməli olur. Hazırda xaricdən gəlib Azərbaycana daxil olarkan eşitdiyin ilk kəlmə «monapoliya» olur ki, onun da yaradıcısı və bu gün icraedicisi Kəmaləddin Heydərovdur. Dövlət Sərhəd Xidmətinin rəisi olan qudası Elçin Quliyevlə bütün tranzitləri inhisarında saxlayan, o cümlədən narkotrafikə nəzarət edib bu sahənin ticarətini quran məhz fövqəlnazirdir. İndi heydərovçular belə təbliğat aparır ki, Kəmaləddin Heydərov baş nazir olmasa, ölkə düzəlməyəcək, insanların yaşayışı yaxşılaşmayacaq. Axı bu sabun köpüyü kimi insanlara sıranmış boş vədlərdən başqa bir şey deyil. Kəmaləddin Heydərov elə bacarıqlı adamdırsa, niyə Zaqatalada zəlzələdən əziyyət çəkənlər zar-zar ağlayır? Hamı bilir ki, zəlzələnin fəsadını aradan qaldırmaq üçün yarım milyard pul ayrılıb və bu işə bilavasitə nəzarəti Kəmaləddin Heydərov həyata keçrir. Milyonlarla vəsait havaya sovurulduğundan bu gün zaqatalalılar çıxılmaz vəziyyətə düşüb və günahı da haqlı olaraq fövqəlnazirdə görürlər. Kəmaləddin Heydərov elə ölkə düzəldəndirsə, Zaqatalanı düzəldərdi. Məsələ burasındadır ki, heydərovçuların apardıqları təbliğat təkcə fövqəlnazirin baş nazir olmaq iddiası ilə yekunlaşmır. Hətta onlar öz aralarında danışarkən deyirlər ki, vaxtı ilə Heydər Əliyev də bizim kimi camaat arasında təbliğat apardı və sonda hakimiyyətə gəldi. Hətta onların belə bir devizi də var: «hakimiyyətə yol siyasi partiya olub yuxarıdan başlamaqla deyil, aşağıdan başlayıb yuxarıya getməklə gerçəkləyiş». Nəzərə alınsa ki, Azərbaycan Konistitusiyasına görə müxtəlif səbəblərdən prezident vəzifəsini icra edə bilməyəndə səlahiyyətlər avtomatik olaraq baş nazirə keçir, onda Kəmaləddin Heydərovun niyə belə böyük miqyasda təbliğat apardığı aydınlaşa bilər. Görünən odur ki, Kəmaləddin Heydərov indi baş nazir postu uğrunda hakimiyyət binasının sonuncu mərtəbəsini tutub növbəti beş ildən sonra beş mərtəbəli evin altıncı mərtəbəsinə çıxmaq istəyir. Təbii ki, bina sahibi bu iddia və niyyəti başa düşüb onun bu günkü mənzilindən qovmasa.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?