Milli Şura ilə bağlı danışıqlar bitib; 51 nəfərlik tərkib bütün maraqlı tərəflərlə razılaşdırılıb və yaxın günlərdə elan ediləcək...
Milli Şuranın 51 nəfərlik tərkibi artıq bütün maraqlı tərəflərlə razılaşdırılıb. “Yeni Müsavat”ın dəqiqləşdirilməmiş, ancaq mötəbər qaynaqdan əldə etdiyi xəbərdə bildirilir ki, qurumun tam adı Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) olacaq. Ancaq qısa variant kimi Milli Şuranın işlədilməsinə üstünlük veriləcək. Son iki gündə qurumda birləşəcək bütün qüvvələrlə danışıqlar başa çatdırılıb. Öncədən gözlənildiyi kimi, qurumda təmsil olunanların sayı 51 olacaq. Qaynağın xəbərinə görə, Milli Şurada Azərbaycan iqtidarına müxalifət mövqeyində dayanan bütün siyasi partiyaların liderləri, aparıcı gənclər birliklərinin rəhbərləri, eləcə də Ziyalılar Forumunun bir sıra üzvləri təmsil olunacaq. EL hərəkatı yaranan zaman ideyanı bəyənsələr də qurumda təmsil olunmayan ziyalılar isə Milli Şuradan da kənardadır. Bu nüfuzlu şəxslərlə bir neçə dəfə danışıqlar aparılmasına rəğmən, onlar siyasi iddialarının olmadığını əsas gətirərək prosesə yalnız mənəvi dəstək vermək istədiklərini bildirib, şurada təmsilçilikdən imtina ediblər. Yada salaq ki, Milli Şuranın ideya müəllifi Rüstəm İbrahimbəyov son müsahibələrindən birində bildirmişdi ki, bu qurumu Azərbaycan ictimaiyyətinin geniş təbəqələrini eyni çətir altında toplayan birlik kimi görmək arzusundadır. Hətta uzun müddət siyasi həyatdan kənar qalsa da, bir zamanlar ölkənin siyasi həyatını yönləndirən, hakimiyyətdə təmsil olunan şəxsləri də Milli Şurada görmək istədiyini vurğulamışdı. Bu şəxslərin sırasında Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət Hacıyeva da var idi. “Yeni Müsavat”ın əldə etdiyi bilgiyə görə, Lalə Şövkətlə aparılan danışıqlar da müsbət nəticə verib. Bir neçə şərt irəli sürən ALP lideri ilə ümumi məsləhətləşmələrdən sonra ortaq məxrəc əldə edilib. Müzakirələrin gedişində ideyaya müsbət yanaşdığını bildirsə də detallarla bağlı təkliflər verən bir neçə partiya ilə isə razılıq əldə olunmayıb. ADP, Açıq Cəmiyyət Partiyası, Ümid, Vətəndaş və İnkişaf Partiyası Milli Şuraya qəbul edilməyib. Sızdırılan informasiyalarda bildirilir ki, bu partiyaların Milli Şuranın yaradılması ilə bağlı təklifləri əsassız və vaxt itkisinə səbəb olacaq faktor kimi qəbul edilib və həmin qüvvələrlə işbirliyi müvəqqəti olaraq dayandırılıb. Bütün maraqlı tərəflərlə danışıqlar müsbət nəticələr verdikdə sonra mayın 1-də Eldar Namazov Rüstəm İbrahimbəyovla görüşmək üçün Rusiya paytaxtına yolda düşüb. Böyük ehtimalla, tərəflər arasında əsas müzakirə mövzusu Milli Şuranın sədrliyi ilə bağlı olacaq. Eldar Namazov bir neçə dəfə açıq şəkildə bildirib ki, bütün müxalifətin birləşdirici fiquru kimi Rüstəm İbrahimbəyovu görür və Milli Şuraya da o başçılıq etməlidir. R.İbrahimbəyov isə öz növbəsində bildirmişdi ki, müxalifətin birlik komandasına başçılıq etməyə o halda razılıq verər ki, geniş müxalifət qüvvələri bir qurumda birləşməyə razı olsun. Əslində 2 gün öncə Bakıda razılaşdırılan 51 nəfərlik siyahı elə R.İbrahimbəyovun istəyinin yerinə yetirilməsi deməkdir. Bu halda yalnız bir məsələ qalır - R.İbrahimbəyovun verdiyi sözün üstündə dayanması.(musavat.com) Milli Şura ideyasının həyata keçmək ərəfəsində olduğu müxalif kəsim üçün sözün əsl mənasında son illərin ən şad xəbərlərindən biri sayıla bilər. Bu, demokratik cəbhə adına çox böyük uğurdur. AXCP-Müsavat-El “üçlüyü” arasında Milli Şuranın yaradılması istiqamətində ciddi razılıqların olduğunu AzPolitika.info-nun mənbələri də təsdiq edirlər. Hələlik bu razılaşmadan kənarda qalan ən ciddi qüvvə kimi Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası diqqəti çəkir. Əldə etdiyimiz məlumata görə, Rəsul Quliyev partiyasının AXCP və Müsavatla bərabər şəkildə Milli Şurada təmsilçiliyində israr edir. Amma qarşı tərəf yalnız Rəsul Quliyevin özünü 51 nəfərlik siyahıda görmək istədiyini bildirib. ADP və “Ümid”lə isə Milli Şurada təmsilçiliklə bağlı ciddi danışıqlar aparılmayıb. Fikrimizcə, AXCP, Müsavat, EL hərəkatının təmsilçiliyi, Ziyalılar Forumunun dəstəyi ilə yaranan Milli Şura müxalifətin əsas qüvvələrinin birliyi hesab oluna bilər. Bu halda kənarda qalan qüvvələrin mövqeyi ciddi əhəmiyyət daşımayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?