Mərhum prezidentin 44 ailəyə verdiyi pay torpağını komitə sədri başqa şəxsə satıb
Mərhum prezident Heydər Əliyevin 1997-ci ildən başlatdığı özəlləşdirməsinə əsasən Abşeron rayonu Mehdiabad Üzümçülük Sovxozunun nəzarətində olan torpaqlar əmlak pay torpağı şəklində bu sovxozun ərazisində yaşayan 44 ailəyə paylanıb. Bununla əlaqədar olaraq sözügedən 44 ailəyə özəlləşdirmə prosesini həyata keçirmək üçün baş nazirin sabiq birinci müavini Abbas Abbasovun sədrliyi ilə yaradılan Aqrar İslahatlar Komissiyası tərəfindən 1998-ci ilin noyabrında Dövlət Mülkiyyət Hüququna dair Dövlət Aktları verilib. Bununla da, Mehdiabad Üzümçülük Sovxozunun 20 hektar torpağı 44 ailə arasında ədalətli şəkildə bölüşdürülüb və bu prosesdən narazı tərəf qalmayıb. İnsanlar özəlləşdirmə zamanı əldə etdikləri pay torpağını uzun müddət istifadə etməyiblər. Amma günlərin bir günü məlum olub ki, “gözəgörünməz” qüvvə bu 44 ailənin torpaqdan istifadə etmədiyini görərək bu “imkandan” yararlanmaq niyyətinə düşüb.
Dedilər ki, bu torpaqlar başqa şəxsə satılıb...
Mehdiabad Üzümçülük Sovxozunun ərazisində olan torpağın 72 sotunu 1996-ci ildə özəlləşdirən vətəndaş Həzi Kazımovun 2010-cu ildə ciddi problemləri yaranıb. O, torpağının bir hissəsini satmaq və əldə etdiyi pulla problemini həll etmək qərarına gəlib. Elə bu məqsədlə də 2010-cu ildə Dövlər Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedərək öz torpağının çıxarışını əldə etmək istəyib. Ancaq bu zaman Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən vətəndaşa bildiriblər ki, ona məxsus olan torpaq kiminsə torpağı ilə üst-üstə düşür. Bundan sonra vətəndaş dərhal Abşeron rayon Torpaq Şöbəsinə gələrək bu qurumun vaxtı ilə ona verdiyi ərazinin başqa bir şəxsə məxsus olan ərazi ilə üst-üstə düşdüyünü bəyan edərək müvafiq izahat istəyəb. Abşeron Torpaq Şöbəsində müvafiq xəritəyə baxılıb, araşdırma aparılıb və vətəndaşa bildirilib ki, təsdiq olunan xəritəyə və sənədə əsasən bura ona məxsusdur. Bu cavabdan sonra vətəndaş bir qədər rahatlanıb. Amma az sonra bəlli olub ki, Heydər Əliyevin özəlləşdirmə siyasətinə uyğun olaraq 44 ailəyə verilən 20 hektar sahə bütövlükdə onlara bəlli olmayan şəxs tərəfindən Orucov Səməd Qiyas oğlu adlı bir vətəndaşa satılıb....
Kərəm Həsənovun XXI əsr idarəçilik sistemində yeni kəşvi
Maraqlısıdı odur ki, Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bu 20 hektar ərazinin gerçək sahibləri olan 44 ailəyə şəhadətnamə verməsə də, sonradan bu ərazini ələ keçirən Səməd Orucova müvafiq çıxarış verib. Bizim araşdırmalarımız isə göstərir ki, sözügedən 44 ailə bu torpaqları 1996-1998-cı illərdə dövlətin özəlləşdirmə siyasətinə uyğun olaraq pay torpağı formasında alıb. Səməd Orucov isə bu ərazini 2007-ci ildə əldə edib. Başqa sözlə, dövlətə məxsus olan bu ərazi vətəndaşlara satılsa da, sonradan onu hansısa dövlət qurumu Səməd Orucova satıb. Bu isə faktiki olaraq qanunlara sayğısızlıq, habelə Heydər Əliyevin apardığı özəlləşdirmə siyasətini tanımamaqdır. Araşdırmalar göstərir ki, sən demə 44 ailəyə məxsus olan 20 hektar torpağı Səməd Orucova Kərəm Həsənovun sədri olduğu Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Əmlak Komitəsi satıb. Bu komitənin vətəndaşa məxsus olan torpağı dövlətin əmlakı şəklində təkrarən başqa bir vətəndaşa satması XXI əsrdə idarəçilik sistemində “möcüzə” və ya analoqu olmayan “kəşf” adlandırmaq olar.
Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov məhkəmədə uduzub, amma...
Dövlət strukturu olan Dövlət Əmlak Komitəsinin vətəndaşlara məxsus olan torpağın qanunsuz olaraq başqa bir şəxsə satmasından sonra bu torpağın gerçək sahiblərinin bir qrupu məhkəmədə iddia qaldıraraq mülkiyyətlərini qorumaq istəyiblər. Xətai rayon məhkəməsində bu mülki məsələ ciddi şəkildə araşdırılıb. Bu məqsədlə məhkəmə sorğusu nəticəsində Abşeron rayon torpaq şöbəsindən, Aqrar İslahatlar Komissiyasından, Dövlət Xəritəçəkmə Komitəsindən arxiv sənədləri əldə edib. Bu zaman bəlli olub ki, Səməd Orucov adlı şəxsin adı bu sənədlərdə yoxdur. Bu dəlillərə və faktlara söykənənən məhkəmə qətnamə qəbul edib. Həmin qətnamədə torpaqların əsl sahiblərinə məxsus olduğu bildirilib. 2012-ci ildə qətnamə icraata yönəldilib. Amma bunun üstündən xeyli müddət keçdikdən sonra Dövlət Əmlak Komitəsi və Səməd Orucov apelyasiya şikayəti veriblər. Maraqlıdır ki, komitə apelyasiya şikayətini tələb olunan müddətdən bir xeyli keçdikdən sonra verib. Apleyasiya məhkəməsi bir il müddətində işə baxıb, ekspertiza keçirilib, arxiv sənədləri əldə olunub. Bütün sənədlərdə göstərilib ki, bu torpaqlar Səməd Orucova deyil, sovxozun ərazisində yaşayan bu 44 ailəyə məxsusdur. Amma buna baxmayaraq apellyasiya instansiyası Xətai Məhkəməsinin iddiasını qüvvədə saxlamayıb, həmçinin ortada ciddi faktların və dəlillərin olduğundan Dövlət Əmlak Komitəsinin iddiasını da təmin edə bilməyib. Bu səbəbdən də işə Bakı İnzibati-İqtisad Məhkəməsində baxılması haqqında qərar çıxarıb.
Torpağın əsl sahibləri isə qərardan narazı qalaraq Ali Məhkəməyə kassaiya şikayəti veriblər. Ali Məhkəmə vətəndaşların şikayətini təmin edərək işi apellyasiya instansiyasına qaytarıb. Apellyasiya instansiyası məsələyə aidiyyəti üzrə baxıb və bir daha məlum olub ki, torpaqların gerçək sahibləri 44 ailədir və Dövlət Əmlak Komitəsi ilə Səməd Orucov arasında baş tutan alqı-satqı qeyri qanunidir. Amma bu dəfə apellyasiya şikayəti bəyan edib ki, Xətai Məhkəməsində işə aidiyyəti üzrə düzgün baxılmayıb və həm də məhkəməninin bu işə baxmaq səlahiyyəti olmayıb. Beləcə Dövlət Əmlak Komitəsinin istəyinə uyğun olaraq Xətai Məhkəməsinin çıxardığı qətnamə ləğv edilib və işin Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə göndərdiyi bildirilib. Bununla da əslində Kərəm Həsənov istəyinə müəyyən qədər nail ola bilib. Ancaq 44 ailə yenidən bu qərardan kassasiya şikayəti verib.
Xoruzun quyruğu görünür-Həsənovların burada fermer təsərrüfatı var
Burada maraqlı nüans həmdə ondan ibarətdir ki, gedən məhkəmə çəkişmələrində Səməd Orucovun hüquqi nümayəndəsi və ya vəkili iştirak etmir. Əvəzində onun hüquqlarını dolayısı yolla Dövlət Əmlak Komitəsi müdafiə edir. Bu da göstərir ki, komitənin bu işdə xüsusi marağı var.
Araşdırma zamanı Səməd Orucovla maraqlanaraq bu şəxsin hansı biznes fəaliyyəti ilə məşğul olduğunu, bu 20 sot torpağa hansı yollarla əldə etdiyini aydınlaşdırmaq istədik. Səməd Orucovun özü ilə canlı təmas yarada bilməsək də, müəyyən məlumatlar əldə edə bildik. Belə ki, Səməd Orucov soyuducu təmiri emalatxanasında sürücü vəzifəsində çalışdığı, “qazel” markalı avtomobil sürdüyü məlum oldu. Azərbaycanda yaşayan hər kəs bilir ki, sürücü işləyən bir şəxsin əmlak uğrunda amansız mübarizə gedən Azərbaycanda 20 hektar torpaq sahəsinə malik olması real deyil. Çünki hazırda sürücü 400-500 manat əmək haqqı alır. Bu əmək haqqı ilə isə 10 ilə ən yaxşı halda 10 sot torpaq almaq mümkündür. Bu da deməyə əsas verir ki, vətəndaş Səməd Orucovun adı əslində burada formaldır, bu böyük ərazini isə tamam başqa bir şəxs ələ keçirib və onun məmur olması ciddi şübhə doğurmur.
Ən maraqlısı budur ki, Dövlət Əmlak Komitəsi bu 20 hektar ərazini Səməd Orucova “satarkən” hüquqi əsas yaratmaq məqsədilə maraqlı bir gediş edib. Belə ki, komitə 44 ailəyə bildirib ki, torpağı vətəndaşa satarkən qeyri qanuni hərəkətə yol verməyib. Çünki Abşeron Rayon Xalq Deputatları Sovetinin 1991-ci il, 193 nömrəli qərarına əsasən “Azərsutikinti” Fəhlə Təhcizatı Birliyinin yardımçı təsərrüfat yaratmaq üçün Abşeron üzümçülük sovxozundan 20 hektar torpaq sahəsinin ayrılıb və 1993-cü ildə torpaqdan istifadə hüququna aid Dövlət Aktının verilib. Komitə bildirib ki, Səməd Orucovla apardığı alqı-satqı bu qərara uyğun şəkildə aparılıb.
Ancaq 1996-1998-ci illərdə sovxozun ərazisində yaşayan şəxslərə pay torpağı kimi verilən bu ərazinin 2007-ci ildə komitənin başqa bir şəxsə satmasının nə dərəcədə qanuni olduğu sualı açıq olaraq qalır.
İkincisi, özəlləşdirməyə əsasən insanlar yaşadığı ərazidə olan torpaqlar üzərində mülkiyyət hüquqi alıblar. Səməd Orucovun isə sovxozun ərazisində heç zaman yaşamadığı, hazırda Naxçıvan qeydiyyatında olduğu bildirilir.
Daha bir maraqlı nüans: 44 ailənin təxminən 22 nəfərini Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun müavini Rafiq Cəlilov qəbul edib. O, torpağın gerçək sahiblərinə deyib ki, Səməd Orucovun torpaq üzərində xüsusi mülkiyyətçi olmasına dair şahədətnaməsi var və buna görə, ora bahalı torpaqdır, sotu 3-4 min manatdır. Amma 44 ailədə olan sənədlərdə bu torpağın təyinatının kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilib və belə torpaqların sotunun satışı qiyməti 300-400 manatdır. Dolayısı yolla komitə sədrinin müavini təklif edib ki, 44 ailə kompramisə getsin. Başqa sözlə, bu torpaqların sotunu 400-500 manata satsınlar.
Əldə etdiyimiz məlumata görə, hazırda Səməd Orucov və bu 44 ailə arasında mübahisəli olan 20 hektar torpağın içərisində hansısa şəxsin fermer təsərrüfatı var. Araşdırmalar göstərir ki, bu təsərrüfatda hazırda qoyun saxlanılır və qoyunlarda elə bu sahədə otarılır. Bu fermer təsərrüfatının Rafiq Həsənov adlı şəxsə məxsus olduğu bildirilir. İddialardan biri də ondan ibarətdir ki, komitə sədri Kərəm Həsənovun Rafiq Həsənov adlı qardaşı var. Ancaq fermer təsərrüfatı olan şəxsin komitə sədrinin qardaşı olub-olmadığı haqda əlimizdə konkret fakt yoxdur. Həm də mətbuatdan bəllidir ki, komitə sədrinin Malik Həsənov adlı qardaşı var və bu şəxs AZİNKO adlı şirkətin rəhbəri olub.
Dövlət Əmlak Komitəsi eyni torpaqla bağlı bir neçə şəxsə çıxarış verir
Maraqlıdır ki, komitə sözügedən 20 hektar torpağı həm Səməd Orucova satdığını iddia edir, həmdə bu torpaqla bağlı başqa şəxslərə çıxarışlar verir. Məsələn, komitə mübahisəli olan bu torpaqla bağlı Səməd Orucova şahətnamə verib. Amma eyni zamanda 20 hektar torpağın içərisindən 27 sot torpağın Nazlı Həsənquliyevaya məxsus olduğunu ehtiraf edərək bu xanıma müvafiq çıxarış verib. 44 ailə isə bildirir ki, daha bir neçə nəfərə də belə çıxarışlar verilib. Bu isə yenə də ciddi suallar doğurur.
Şkiyətçilər Prezident Administrasiyası və Milli Məclisdə olublar
Min bir əziyyətlə pay torpağı əldə edən bu 44 ailə mülkiyyətlərini qorumaq məqsədilə Prezident Adminstrasiyasında olublar, dərdlərini danışıblar, rəsmən ərizə ilə şikayət ediblər. Eləcədə Azərbaycan Milli Məclisində olublar. Prezident Aministrasiyasında və Milli Məclisə edilən şikayətlərin Ali Məhkəməninin sədri Ramiz Rzayevə göndərildiyi də bildirilir. Onlar şikayətlərində torpaqlarının qanunsuz olaraq mənimsənilməsindən narzıdırlar və bu haqsızlığın qarşısının alınmasını istəyirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?