Mətbuat qəsssablarının qara projesi Gəncə şəhər Kəpəz rayon məhkəməsində gerçəkləşdirilir
Demokratiya və müstəqilliyin atributlarından hesab edilən azad mətbuata qarşı Zakir Qaralovun adamı prokuror Mahir Hacıyevin qərəzli hücumu
Şirin Cəfəriyə 5 il həbs sifarışçilərinə sərt sual: 5 il vəzifədə oturacağınıza əminsiz?
Məlumat verildiyi kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərini Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilib. Ötən dövr ərzində Gəncə şəhər Kəpəz rayon Məhkəməsində “Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərinin cinayət işi üzrə məhkəməsi üzrə beş proses keçirilib. Hakim Yaşar Həşimovun rəhbərliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Ş.Cəfəri dövlət tərəfindən ona ayrılan vəkil Yusif Hüseynovdan imtina etdiyini və Zaur Niftəliyevlə müqavilə bağladığını bildirib. Məhkəmə təklifə baxıb və vəkilin iştirakı ilə növbəti prosesin vaxtın müəyyən edib. Aprelin 18-də keçirilən prosesdə “Gündəm Xəbər” qəzetinin fəaliyyətindəki nöqsanlarla əlaqədar yoxlama aparmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin audit təşkilatının məsul işçisi İmran Məmmədov dindirilmişdir. O, verdiyi ifadə də “Gündəm Xəbər” qəzetini 8000 tirajla çıxan “Azadlıq” və 5000 tirajla nəşr olunan “Yeni Müsavat” qəzetləri ilə eyniləşdirərək, “Gündəm Xəbər” qəzetinin fantastik rəqəmlərlə vergi ödəyicisindən yayındığını bildirmişdir. Vergi əməkdaşı İmran Nurməmmədovun ifadəsindən sonra sözügedən qəzetin çapında iştirak etmiş “E-Q” MMC-nin direktoru Akif Quliyev və “Futbol+Servis” mətbəəsinin direktoru Aslan Məmmədov məhkəmə tərəfindən şahid qismində dindirilmişdir. Onlar verdikləri ifadədə “Gündəm Xəbər” qəzetini əvvəllər həftədə bir dəfə, sonra iki dəfə, daha sonra hər gün nəşr etdikləri müddətdə tirajının 1700-2000 arasında olduğunu bildirmişlər. İttiham olunan qəzetin təsisçisi Şirin Cəfəri qəzet nəşiriyyatı direktorlarının ifadələrinin təsdiqi üçün hakimə lazımi sənədlər təqdim etmişdir. Hakim Yaşar Həşimov yazılı ifadə verən “Qaya” mətbuat yayımının sədri Hüseyn Əliyev, “Səma” MMC-nin baş mühasibi Qəzənfər Kazımov, “Qasid” ASC-nin sədr müavini Ağəli İsmayılovun da ifadələrini proses iştirakçılarına çatdırmışdır. Bu göstərilən ifadələrin vergilər nazirliyinin məsul işçisi İmran Nurməmmədovun ifadələri ilə uyğunsuzluq təşkil etdiyi proses iştirakçılarına tam aydın olmuşdur. Bundan sonra mayın 2-də keçirilən prosesdə şahid qismində vergi yoxlaması dövründə qəzetin baş redaktoru işləmiş Zülfüqar Hüseynli ilə tanış etdikdən sonra, 1-ci növbədə şahidin dindirilməsinə başlanıldı. Z.Hüseynli dindirilmədə bildirdi ki, “ mən “Gündəm xəbər” qəzetində 2010-ci ilin avqust ayından 2012-ci ilin sentyabr ayına qədər baş redaktor vəzifəsində işləmişəm. Qəzet nəşrə başlayarkən həftədə 1 dəfə, 2011-ci ilin may ayından isə 5 dəfə çıxmışdır. Tirajımız isə 1450-1500, bəzən isə 2000-ə çatmışdır. Vergi orqanının qəzeti 8000 tiraj üstündə götürməsi və guya külli miqdarda maliyyə pozğunluğunun edilməsi absurd məsələdir. Sadəcə, onlar qəzet işi ilə məşğul olmadığı üçün yoxlmada mütəxəssis kimi davranmamış, şişirtmə rəqəmlərdən istifadə etmişlər.” Dövlət ittihamçısının şahidə “satılmayan qəzetləri sonradan neynəyirdiniz?” sualına isə Z.Hüseynli “bu qəzetlər “vozvrat” kimi məhv edilirdi” cavabını vermişdir. Zülfüqar Hüseynlinin ifadəsindən sonra “Azərmətbuatyayım” ASC İB-nin sədr müavininin üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyi qeyd edilmiş və onun rəsmi ifadəsi məhkəmə iştirakçılarına oxunmuşdur. Sonra təqsirləndirilən şəxs qəzetin təsisçisi Şirin Cəfəri baş verən məsələlər barədə geniş ifadə vermişdir. Şirin Cəfəri ifadəsində vergilər nazirliyinin qərarının absurd və cəfəng olduğunu tam şəkildə sübuta yetirmişdir. “Gündəm Xəbər” qəzetinin təsisçisi və direktoru Şirin Cəfəri haqqında 2013-cü il aprelin 4-də Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsində başlanmış məhkəmə prosesi 13 may 2013-cü ildə davam etdirildi. Saat 11:00-a təyin olunmuş məhkəmə 11:15 dəqiqədə hakim Yaşar Həşimov prosesdə baş prokurorluğun nümayəndəsi, dövlət ittihamçısı prokuror Mahir Hacıyev, ittiham olunan Şirin Cəfəri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Zaur Niftəliyev və 12 saylı Ərazi Vergilər İdarəsinin işçisi Naim Xəlilovun iştirak etdikləri haqqında məlumat verdi. O, əvvəlki proseslər zamanı cinayət işinə əlavə sənədlərin lazım olması zəruriliyindən ötən məhkəmənin təxirə salınmasını da proses iştirakçılarının nəzərinə çardırdı. Prosesdə Şirin Cəfərinin müdafiəçisi vəkil Zaur Niftəliyev qəzetin hazırda baş redaktoru vəzifəsində çalışan Nəsimi Şərəfxanlının dindirilməsini xahiş etdi. Əvvəlki proseslərdə olduğu kimi baş redaktor da dindirilmiş şahidlərin ifadələrinə tam uyğun olaraq, qəzetin əvvəllər həftədə 1 dəfə, sonra həftədə 3 dəfə, 2011-ci ilin may ayından isə gündəliyə keçməsi barəsində ifadə verdi. Dövlət ittihamçısının qəzetin maliyyə işi ilə kimin məşğul olması sualını N.Şərəfxanlı tam dolğunluğu ilə cavablandırdı. Şahidin ifadəsindən sonra Zaur Niftəliyev işin yenidən ekspertiza-maliyyə komissiyasına qaytarılması haqqında mövcud qanunlarımıza əsaslanaraq geniş şəkildə vəsatətlə çıxış etdi. Tanınmış vəkil hakimin və dövlət ittihamçısının azad söz və mətbuat işçisinin heç nədən günahkar hesab edilməsini proses iştirakçılarına çatdıraraq haqqı, ədaləti başlarının üstündə görməyi bir hüquq işçisi kimi xahiş etdi. Dövlət ittihamçısı Mahir Hacıyev isə müdafiəçinin fikirlərinə hədsiz aqressiv yanaşdı. CPM-nin 48-ci maddəsini əsas gətirərək işin təkrar məhkəmə-mühasibatlıq ekspertizaya göndərilməsinin əsassız olduğunu bildirdi. Hakim qəzetin təsisçisi Şirin Cəfəriyə də proses zamanı bir neçə dəfə söz verdi. Şirin Cəfəri məhkəmənin haqsız və ədalətsiz gedişini açıq şəkildə bəyan edərək bu prosesin yalnız və yalnız sifarişli xarakter daşıdığını bəyan etdi. Zaur Niftəliyevin proses iştirakçılarına və hakim Yaşar Həşimova “Gündəm Xəbər” qəzetini respublikada nəşr olunan müxalifət qəzetləri “Azadlıq” və “Yeni Müsavat” la eyniləşdirilməsi, maksimum 1500-1800, çox nadir hallarda 2000 tirajla çap edilən “Gündəm Xəbər” qəzeti ilə bir araya gətirməyin haqdan və ədalətdən kənar olduğunu bildirdi, sadəcə bunu analoji fəaliyyət hesab etdi. Bu isə qanunlara tam zidd olan bir haldır. Hakimin “Səyyar vergi yoxlamasının nəticəsi ilə nə üçün maraqlanmamısız və şikayət qaldırmamısınız?” sualını Şirin Cəfəri belə cavablandırdı: “Mən çox gözlədim ki, yoxlama məsələ ilə bağlı məni çağıracaqdır və mən hər şeyə aydınlıq gətirəcəyəm. Lakin mənə xəbərdarlıq və heç bir fikir bildirmədən öz başlarına qərəzli şəkildə qərar çıxarmışlar. Mən də bu qərarla yalnız mətbuatda tanış oldum. Hətta, onlar bir neçə gün “Futbol+” mətbəəsində qəzetin nəşri ilə bağlı yoxlama keçirdilər və qəzetin 1045 nüsxə ilə çap olunmağının şahidi oldular.” Söz alan Zaur Niftəliyev yoxlama zamanı saxtakarlığa yol verildiyini və işin qərəzli aparıldığını təkrarən proses iştirakçılarının nəzərinə çatdırdı. Dövlət ittihamçısı isə vergi haqqında qanunun 62-ci maddəsini əsas gətirərək Şirin Cəfərini məsuliyyət daşıdığnı qeyd etdi. Zaur Niftəliyev isə məhz elə 62-ci maddənin özündə müəyyən boşluğun olduğunu bir hüquq işçisi kimi izah etdi. Zaur Niftəliyev diqqəti cəlb edən və maraq doğuran, necə deyərlər reallığı əks etdirən bir neçə vəsatət qaldırmasına baxmayaraq, hakim Yaşar Həşimov tərəfindən bütün vəsatətlər yerindəcə rədd edildi. Bəlkə də məhkəmə prosesi başlamazdan lap əvvəl təqsirli bilinən Şirin Cəfəri haqqında qurulmuş hazır planın qərarını əlində saxlayan dövlət ittihamçısı Mahir Hacıyev, qanunun aliliyini bir kənara qoyaraq qarşısındakı 3-4 vərəqdən ibarət yazını oxudu, Şirin Cəfəriyə öhdəsində az yaşlı uşağın olmasını nəzərə alaraq hakimdən 5 il həbs cəzası istədi. Sifarişi başının üstündə bayraq kimi dalğalandıran, Azərbaycan qanunlarına biganə yanaşan, azad sözü və mətbuatı susdurmaqla qürrələnən prokuror Mahir Hacıyevin Şirin Cəfəri kimi tanınmış jurnalsitin həbs olunması haqqında söylədikləri fikirlər onu göstərdi ki, bu cəmiyyətdə “susmağı qızıl sayanlar” yaşamalıdırlar. Vəkil Zaur Niftəliyev deyilənləri kənara qoyaraq burada insan taleyinin həll olunmasından söhbət getdiyini proses iştirakçılarına bir daha bəyan etdi və 2 həftəlik tənəffüs verilməsi haqqında yenidən vəsatət qaldırdı. Dövlət ittihamçısı buna ehtiyyac olmadığını, heç olmazsa özünü bir anlıq Şirin Cəfərinin yerində hiss etmədən elə bu zaldan azad söz adamının qərəzli şəkildə təcridxanaya göndərilməsini məsləhət bildi. Zaur Niftəliyev hakimə etiraz olaraq ən azından 1 həftə vaxt verilməsini xahiş etdi. Məhkəmə saat 14:00-a qədər təxirə salındı. Göstərilən vaxtda başlanan məhkəmə prosesində nəhayət ki, müdafiəçinin 1 həftə vaxt alması ilə vəsatət təmin olundu. Növbəti məhkəmə prosesinin 20 may 2013-cü il tarixə saat 11:00-a keçirilməsi haqqında hakim Yaşar Həşimov qərar çıxardı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?