Hakimiyyət təşviş içindədir; İbrahimbəyov birlik ideyasını reallaşdırmağı müxalifətin öhdəsinə buraxıbsa, bu təsisat İctimai Palatanın “dublikatı” olacaq; Müxalifətdaxili konfliktlər dərinləşdikcə Milli Şuranın yaranması arzuları iflasa uğraya bilər Mayın 18-də İctimai Palatanın Müsavatın mərkəzi qərargahında keçirilən sessiyasında danışan AXCP sədri Əli Kərimli demokratik qüvvələrin milli birliyinin yaradılması məsələsinə toxunub: “Milli Şuranın yaradılması mütərəqqi ideyadır, ölkənin demokratik qüvvələrinin geniş koalisiyası imkanıdır. Bu hamının razılaşacağı model ola bilər”. Liderlərin may gözləntisi AXCP lideri əlavə edib: “Bir müddətdir bu ideya ətrafında danışıqlar gedir. Biz Milli Şura yaratmaqla paralel dövlət hakimiyyəti institutu qurmaq niyyətində deyilik. Hədəf hamının səylərini bir araya gətirib hökuməti demokratik seçkiyə məcbur etmək, demokratik dəyişikliklər həyata keçirməkdir. Biz ölkənin real demokratik qüvvələrinin bu qurumda olmasına razıyıq. Qalanlar da yersiz ambisiyalar irəli sürmədən Milli Şuranın formalaşmasında iştirak etməlidirlər. Bu, Azərbaycan xalqının sifarişidir”. Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışında qeyd edib ki, Milli Şuranın formalaşmasına dair danışıqları bu ay yekunlaşdırmağa çalışacaqlar: “Proses bütövlükdə yaxşı gedir. Bütün mövqelərə normal yanaşmaq lazımdır. Müxtəlif mövqelər Milli Şuranın yaranmasının qarşını ala bilməz. Bu birlikdə olanlar ölkədə gedən proseslərə pozitiv təsir göstərəcəklər. Bir gerçəkliyi də qeyd etmək istəyirəm. İctimai Palata demokratik qüvvələrin bu gün də ən böyük mərkəzidir. Həm də düzgün qərarlar verdiyinə görə tarixə düşüb. Eyni qaydada da hər kəs başa düşməlidir ki, Milli Şura görkəmli heyəti, güclü tərkibi ilə yox, düzgün qərarları ilə vəziyyəti dəyişə bilər. Seçkiyə qədər olan müddətdən düzgün istifadə olunmalıdır”. Ənənəvi müxalifət liderlərinin Milli Şuraya “yaşıl işıq” yandırmaq cəhdi ilk baxışdan cəlbedici görünür. Liderlərin Milli Şura ideyası ətrafında razılığa gəldikləri hiss olunur. Amma ideyanın ayın sonunda reallaşacağı barədə proqnoz verilməsi artıq qeyri-ciddi təsir bağışlayır. Günü günə satan müxalifət seçkinin anbaan yaxınlaşdığını, vaxtın hakimiyyətin xeyrinə işlədiyini hesablamaq istəmir.
İctimai Palatanın təkrarı?
Rüstəm İbrahimbəyovun isə əlini-ayağını uzadıb Bakıda liderlərdən addım atmağa gözləməsi ikiqat qeyri-ciddilikdir. İbrahimbəyov kimi nüfuzlu ziyalının ölkəyə qayıdıb bu ideyanı gerçəkləşdirməsi ən doğru addım olardı. Amma onun məsuliyyəti müxalifətin üzərinə atması və yaxasını kənara çəkməsi belə deməyə əsas verir ki, ya Milli Şura ayın sonunda da təsis olunmayacaq, ya da İctimai Palatanın təkrarı olacaq. Əgər birlik ideyasını reallaşdırmaq müxalifətin öhdəsinə buraxılıbsa, ya bu təsisat İP-in “dublikatı”, yaxud da perspektivsiz bir qurum olacaq. Milli Şura müxalifətin, narazı elektoratın birləşməsi, formalaşması və sistemə salınması üçün mütərəqqi ideyadır: Bu möhtəşəm ictimai-siyasi format tarixən və son illərdə müxtəlif ölkələrdə, cəmiyyətlərdə uğurla sınaqdan çıxıb. Ancaq bizdə bunu həyata keçirə biləcəklərmi, bu, sual altındadır. Bu qurum da bundan əvvəlki birliklər kimi bəzi siyasi qüvvələr tərəfindən inhisara alınıb xalqdan, cəmiyyətdən aralı qalmayacaq ki? Milli Şura bütün milli ictimai-siyasi spektri əhatə edə biləcəkmi? Doğrusu, bu yaxında elan olunacağı bildirilən bu Milli Şuranın təşkili ətrafında elə qarmaqarışıqlıq var ki, heç bir təhlilə uyğun gəlmir. Ancaq onu qeyd edim ki, bizim xalqın güclü bir siyasi müxalifətə ehtiyacı var. İqtidarın avtoritar ya demokratik xarakterli olmasından asılı olmayaraq. Ən inkişaf etmiş ölkələrin ən azı iki demokratik, potensiallı qüvvəsi: iqtidarı və müxalifəti var. Necə ki, ən güclü futbol komandalarının əsas heyət qədər də hazır ehtiyat heyəti mövcuddur. O ölkədə ki hər zaman, dərhal iqtidarı əvəz edib, ölkəni idarə edə biləcək qüdrətində müxalifəti yoxdursa, demək bu dövlət zəifdir, demək xalq bunu yetişdirə bilməyib. Bu baxımdan, uzun gözləntidən sonra qüdrətli ümid yeri kimi, müxalifətin son şansı kimi qiymətləndirilən Milli Şura iflasa uğrasa, təbii ki, bu, bir ictimai şok yarada bilər. Amma bir məqam da xüsusi vurğulanmalıdır ki, hakimiyyət Milli Şura təklifinə olduqca həssas, qorxu və narahatlıqla yanaşır. Hökumət bu ideyanın xaricdən idxal olunduğu qənaətindədir. İqtidar daxilində MŞ-nın Moskvanın layihəsi olduğu qeyd olunur. O baxımdan bütün resursları ilə meydana atılan hakimiyyət Milli Şuranın yaranmamasına çalışır. Hətta bunun üçün böyük pullar xərclənir. Yəni, müxalifətin parçalanmasına böyük pullar ayrılıb. Rəsmi təbliğatda da bu ideya “vurulur”. Artıq hakimiyyətyönlü qəzetlər İbrahimbəyovun əleyhinə yazılar dərc edirlər. Rafiq Əliyev: “Bədgümanam” “Milli Şuranın yaradılması məsələsində bədgümanam”. Bu açıqlamanı APA-ya Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev verib. R. Əliyev deyib ki, Milli Şuranın əsas motivasiyası demokratik düşüncəli qurumları və ya ayrı-ayrı şəxsləri ortaq məxrəcə gətirmək olsa da, bu müsbət niyyət adekvat qarşılanmır: “Bu məsələ ilə bağlı mən və dostlarımız çox çalışdıq. Amma gördük ki, Milli Şura kimi uğurlu formatın yaradılması niyyəti uğursuzluğa düçar olur. İddia bu qurumları ortaq məxrəcə gəlməyə imkan vermir. İddia o qədər yüksəkdir ki, çəpəri aşacaqlarına inanmıram. Artıq bu qənaətdəyəm”. R. Əliyev qeyd edib ki, siyasətçilər və partiya rəhbərləri söhbətlərdə və mediaya açıqlamalarda Milli Şura ilə bağlı ictimaiyyətə hesablanmış müsbət açıqlamalar versələr də, əslində belə deyil. O, Milli Şuranın yaradılması ilə bağlı heç bir addım atılmadığını da söyləyib: “Bu məsələ ideya kimi təqdim edildi və məlum münasibətlə qarşılaşdı”. Tanınmış ziyalı bu açıqlaması ilə müxalifət düşərgəsindəki real duruma işıq salıb. Belə məlum olur ki, regionda və ölkədə cərəyan edən proseslərə rəğmən müxalifətdaxili münasibətlər ənənəvi qaydada davam edir. İqtidara qarşı artan beynəlxalq təzyiqlər, cəmiyyətdə genişlənməkdə olan etiraz dalğası, bütün təbəqələrə qarşı total repressiya, perspektivə yaranmış ümid işartıları partiyaları qrup maraqlarından daşındıra bilməyib. Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovun gündəmə gətirdiyi Milli Şura ideyası cəmiyyətdə müsbət qarşılanmışdı. Hətta bu gün onun qurulmasında razılığa gələ bilməyən müxalifət liderləri də ideyanın pozitiv məqsəd daşıdığını, narazı kəsimi bir araya gətirmək üçün yaxşı təşəbbüs olduğunu vurğulamışdılar. Bəs Rafiq Əliyevi pessimist açıqlama verməyə vadar edən səbəblər nədən ibarətdir? Müxalifət partiyalarını niyə razılığa gələ bilmirlər? Onların qrup maraqları hansı nöqtədə toqquşur?
AXCP- Müsavat gərginliyi Bu suallara cavab tapmaq üçün düşərgə daxilindəki tendensiyaları izləmək kifayətdir. Müxalifətdə olan iki böyük partiya - AXCP və Müsavat İctimai Palatada birləşsələr də strateji məsələlərdə fərqli mövqelərdən çıxış edirlər. İP-in son sessiyasında seçki müzakirələri zamanı yaranan kəskin fikir ayrılıqları da bundan xəbər verir. Müsavat Partiyası ilin əvvəlindən seçkilərə qatılacağını bəyan edib, artıq partiyanın namizədi və seçki qərargahı elan olunub. Seçki qərargahı işğal altında olan rayonların fəalları ilə görüşlərə başlayıb. Müsavat Partiyası hesab edir ki, müxalifətin vahid namizədlə çıxış edə bilməməsi o qədər də faciə deyil, əsas seçkilərə qatılıb cəmiyyəti fəallaşdırmaqdır. Birləşmək mümkün deyilsə hər bir partiya ayrılıqda öz seçki kampaniyasını aparıb cəmiyyəti fəallaşdırmalıdır. Burada təklif olunan yolla hakimiyyətə qalib gəlməyin ağlabatan mexanizmi göstərilmir. Prioritet kimi cəmiyyəti fəallaşdırmaq seçilib. Amma ötən parlament seçkilərində qeydə alınan seçici passivliyi aydın göstərdi ki, cəmiyyətdə seçki yolu ilə dəyişikliklərə ümid tamamilə itib. Həm praktiki təcrübə, həm qələbə çalmaq üçün hüquqi imkanların yoxluğu, həm də hakimiyyətin özünü qorumaq dirənişi cəmiyyətdə bu ab-havanın yaranmasını şərtləndirir. Artıq 9 partiya özünün prezidentliyini irəli sürsə də cəmiyyətdə seçki ab-havası hiss olunmur, hakimiyyətə qarşı artan etirazların bununla bilavasitə əlaqəsi yoxdur. Müxtəlif əhali qruplarının sosial tələblərlə keçirdiyi aksiyalar, gənclərin Bakıda təşkil etdiyi izdihamlı mitinqlər müxalifətin cəmiyyəti seçkilərə istiqamətləndirmək siyasətinin nəticəsi deyildi. Bu reallıqlara rəğmən Müsavat Partiyası «nə olursa olsun seçkilərdə iştirak» mövqeyindən geri çəkilmək istəmir. Bu isə onun müttəfiqi AXCP ilə münasibətləri gərginləşdirir və qarşılıqlı ittihamlara rəvac verir. EL-lə Müsavat davası AXCP hələ ki, prezidentliyə namizədini elan etməyib. Partiya yetkililəri bildirirlər ki, ilkin hədəf müxalifətin birləşib vahid namizəd, vahid komanda yaratmaqdır. Müxalifətin birliyi cəmiyyətə müsbət impulslar ötürər, daxildəki və xaricdəki qüvvələri onu dəstəkləməyə həvəsləndirər. İki müttəfiqin mövqelərindəki kəskin fikir ayrılıqları həm də Milli Şuranın formalaşdırılması zamanı yaranıb. Müsavat başqanı İsa Qəmbər Rəsul Quliyevin və Lalə Şövkətin yeni qurumda iştirakına qarşı çıxış edir. O mövqeyini belə əsaslandırır ki, hansı siyasi təşkilatlar hakimiyyətin repressiyaları ilə üzləşirsə birlik onlar arasında ola bilər. Hazırda adıçəkilən siyasətçilər arasında gərgin ab-hava hökm sürür, mətbuatda onların tez-tez qarşılıqlı ittihamlarına rast gəlmək olur. AXCP sədri Əli Kərimli isə İsa Qəmbərin mövqeyi ilə razılaşmır. Kərimli adı çəkilən siyasətçilərin Milli Şurada təmsilçiliyinin cəmiyyətin daha geniş spektrinə xitab etməyə imkan yaradacağını deyir. Rafiq Əliyevin eyham vurduğu əsas ziddiyyətlər də Milli Şuranın formatı, orada kimlərin təmsilçiliyi ilə bağlı AXCP və Müsavat arasında yaranan fikir ayrılıqları ilə bağlıdır. Müxalifət daxilində əsas gərginlik mənbələrindən biri isə Müsavat partiyası ilə EL Hərəkatı arasında açıq müstəviyə keçən narazılıqlardır. Eldar Namazov Müsavata yaxın medianı cəmiyyətdə onun «rusiyapərəst» imicini yaratmağa çalışmaqda ittiham edib. Müsavat yetkililəri də tez-tez EL Hərəkatının ünvanına ittihamlar yağdırır. Burada konfliktin mənbəyi bir neçə səbəblə bağlıdır. Eldar Namazov Rüstəm İbrahimbəyovun və Ziyalılar Forumunun çətiri altında qısa müddətdə birinci üçlüyə iddia edən təşkilat yarada bildi. Hakimiyyətin EL Hərəkatına qarşı təzyiqləri də, təşkilatın populyarlaşmasında müstəsna rol oynadı. İndi müxalifət daxilində aparılan birlik müzakirələri EL Hərəkatı və Ziyalılar Forumunun iştirakı olmadan təsəvvür olunmur. E.Namazovun bu statusa yiyələnməsi müxalifətdə əbədi dominant mövqedə qərarlaşan AXCP və Müsavatın narahatlığı ilə qarşılanması təbiidir. EL Hərəkatının birinci üçlükdə olması Müsavatın və AXCP-nin manevr imkanlarını azaltmaqla yanaşı onların həlledici qərar vermək səlahiyyətlərinə də maneədir. İndi EL Hərəkatının digər qüvvələrlə bir araya gəlməsi ictimai rəydə Müsavata qarşı güclü basqı yarada bilər. Bu da partiyaların təkbaşına seçkilərdə iştirak planına böyük zərbə olar. Aslan
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?