“Milli Şura fəaliyyət göstərməsə belə, bundan sonra İctimai Palatanın fəaliyyətinin davam etdirməsinə problematik baxıram”. Bunu AzNews.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib. İP fəaliyyətindəki durğunluq və qurumun Koordinasiya Şurasının iclaslarının keçirilməməsinin səbəbləri haqda danışan P. Hüseyn bildirib ki, bu toplantıların keçirilməsində xüsusi qrafik müəyyənləşdirilməyib. İclasın çağırılması səlahiyyəti İP-in dönəm sədrinə məxsusdur və ya yığıncaq bir neçə üzv tərəfindən çağırıla bilər: “Hazırda dönəm sədri Müsavat Partiyasının başqanı İsa Qəmbərdir. Prezident seçkilərinə qədər iclasın hər həftənin çərşənbə günü keçirilməsi təcrübəsi mövcud idi. Seçki dövründə isə İctimai Palatanın üzvlərinin Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunması və həmin prosesdə iştirakı iclasların keçirilməsində təxirəsalınmalara səbəb oldu”.
P.Hüseyn İP-in fəaliyyətinin dayandırılması ilə bağlı aparılan müzakirələrə də öz mövqeyini bildirib: “Artıq müxalifətin fəaliyyətinin koordinasiya olunmasında Milli Şura əsas rol oynayır. Çünki Milli Şura daha geniş tərkiblidir. Seçkilər dövründə də Milli Şuranın rentabelli olması bəlli oldu. Nəzərə alsaq ki, İctimai Palatanın Koordinasiya Şurasının üzvlərinin əksəriyyəti Milli Şurada təmsil olunur. Fikrimcə, paralel qurumların fəaliyyətinə ehtiyac yoxdur. Əlbəttə, bu mənim subyektiv fikrimdir. Çox böyük ehtimalla İctimai Palatanın fəaliyyətinə xitam veriləcək”. O, qurumun fəaliyyətinin dayandırılması ilə bağlı prosesin hazırda hansı mərhələdə olması haqda isə danışmağı məqsədəuyğun hesab etməyib:
“Bu daxili müzakirələrdir və açıqlanması doğru olmaz. Məsələ İctimai Palatanın sessiyasında müzakirə olunacaq. Sessiyanın isə yaxın iki ay ərzində keçirilməsi planlaşdırılır”.
P. Hüseyn onu da bildirib ki, Koordinasiya Şurası üzvlərinin mövqe bəllidir. Məsələyə yalnız sessiyanın münasibət bildirməsi əhəmiyyətlidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?