Asfaltın qalınlığını prezident şəxsən özü ölçürsə demək “Azəryolservis” rəhbəri yerində deyil
Heç bir dövlət başçısı rəhbərlik etdiyi ölkənin pis vəziyyətdə olmasını, əhalinin acınacaqlı durumunu istəməz. Bu aksiomadır. Bunun əksini düşünmək ən azı ağılsızlıqdır. Çünki dövlət başçısı da bilir ki, ölkədə yaxşı və pis nə varsa ictimai rəydə, eləcə də tarixdə onun adına yazılır. Heç bir general məğlub ordunun komandanı, heç bir ailə başçısı kasıb ailənin böyüyü olmağı arzulamaz. Ancaq vəziyyəti yaxşılığa doğru dəyişməyə birincinin nə qədər imkanları var və ya yox, bu başqa problemdir. Çünki istək və imkan çox vaxt üst-üstə düşmür. Bəzən bizim insanlar bütün problemlərin birinci şəxsin bircə sərəncamı, yəni nağıllardakı kimi sehrli çubuğu ilə həll olunacağını düşünürlər. Həqiqətdə isə belə deyil. Təkcə sıravi insanlar deyil, bəzən məmur ordusu da hər şeyin birinci şəxsdən asılı olduğunu düşünür və ya öz çirkin məqsədlərini ört-basdır etmək, özünü duruluğa çıxarmaq üçün belə bir rəy yaratmağa çalışır. (“Əşi, biz kimik, hər şey yuxarıdan asılıdır”) Bu isə artıq sadəlövhlük-zad deyil, məsuliyyətdən qaçmaq və bütün məsuliyyəti birinci şəxsin üzərinə atmaqdır. Ümumiyyətlə, idarəetmə komanda işidir. Çox təəssüf ki, bizdə məlum səbəblərdən fərdi fəaliyyət sahələrindən (şahmat və digər) fərqli olaraq, komanda şəklində tələb olunan sahələrdə uğur qazanmaq çox çətindir. (Futboldakı “uğur”larımızı gözünüzün qabağına gətirin) Bu işlərdə milli psixologiyamızın da rolu böyükdür. Biz kiməsə bəraət qazandırmağı, yaxud prezidentə vəkillik etməyi qarşımıza məqsəd qoymamışıq. Ancaq problemin görünməyən tərəfini görməyə və göstərməyə çalışırıq. Ümumiyyətlə, bütün dövlətlərdə siyasi komanda məsələsi hakimiyyətlərin ən ağrılı yeridir. Komandanın uğurla işləməsi və qarşıya qoyulan problemlərin uğurlu həlli birinci şəxslə bərabər onun etimad göstərdiyi komanda üzvlərinin işindən çox asılıdır. Bunun üçün komanda üzvləri öz şəxsi ambisiyalarını bir kənara qoyub “ümumi qələbə” uğrunda mübarizə aparmalıdır. Yəni “bir nəfər hamı üçün və hamı bir nəfər üçün” prinsipini əsas tutan komanda ruhu olmalıdır. Komandaya daxil olmaq artıq müəyyən şeylərdən imtina etmək, ümumi mənafe naminə öz şəxsi maraqlarını könüllü məhdudlaşdırmaq deməkdir. Çox təəssüf ki, bizdə həmişə belə olmur. Əksinə, komandaya daxil olanın iştahı daha da artır və özünü biznesmen, sahibkar kimi aparır. Komandanın əksər üzvü özü üçün çalışır, ictimai mənafe yaddan çıxır və sonda bütün məsuliyyət tarix qarşısında birinci şəxsin üzərində qalır. Əslində belə olmamalıdır. Əgər hər işi birinci şəxs görəcəksə və məsuliyyəti özü daşıyacaqsa onda komandaya nə ehtiyac var? Adamın yadına “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” misalı düşür. Birinci şəxs çiyninə düşən ağır məsuliyyəti ətrafı ilə bölüşmək istəyir. Çünki heç kim təkbaşına çiynində həmişə ağır yükü daşımaq istəməz. Ancaq bu ağır məsuliyyəti ləyaqətlə, vicdanla onunla bölüşmək istəyən varmı? Bax problem budur. Dövləti idarə edən və ya buna iddiası olan hər bir siyasi komanda cəmiyyətin çox kiçik bir hissəsidir. Yəni dənizdən bir damcıdır. Dənizin dadını bilmək üçün bir damcı kifayətdir. Ona görə də hər bir siyasi komanda cəmiyyətin bütün keyfiyyətlərini özündə daşıyır. Bu gün cəmiyyətimizdə maska yırtmaq istəyənlər, ifşa edənlər, söyüş-təhqir yağdıranlar, siyasi tost deyənlər, yaltaqlar, məddahlar nə qədər çoxdursa, cəmiyyət üçün külüng vurmaq istəyənlər və bunu bacaranlar bir o qədər azdır. Ona görə də bacarıqlı komanda formalaşdırmaq çox ağır problemdir. Yəni cəmiyyətimizdə gedən mənəvi aşınmalar, ləyaqət problemi, hər sahədə peşəkar, professional kadrların defisit olduğunu (hər xırda iş üçün Moskvadan və ya başqa xarici ölkədən ekspert dəvət etmək artıq normaya çevrilib) və digər çatışmazlıqları nəzərə alsaq, ləyaqət və professionallıq keyfiyyətlərini özündə cəmləyən şəxslərdən ibarət komanda formalaşdırmağın nə qədər müşkül olduğunu dərk edərik. Həm də nəzərə almalıyıq ki, son bir neçə 100 ildə – Azərbaycan Xalq Cümhuriyyəti istisna olmaqla- xalqımız həmişə başqa dövlətdə (Çar Rusiyası, SSRİ, İran) əgər belə demək mümkündürsə, siyasi kirayənişin olub. Xalqımızın siyasi iradəsi öz əlində olmadığına görə dövlət siyasəti olmayıb, siyasi ənənə, siyasi məktəb yaranmayıb. Ən böyük problem odur ki, biz bir millət olaraq 22 ildir ki siyasi kirayənişinlikdən qurtulub öz müstəqil dövlətimizin binasını qursaq da ancaq hələ də kirayənişin psixologiyasından qurtula bilmirik. Anlamalıyıq ki, biz artıq özgəsinin evində kirayənişin deyilik, biz öz evimizdəyik. Bu binanın səliqə-sahmanı, təmizliyi, möhkəmliyi, rahatlığı özümüzdən və hər birimizdən asılıdır. Bu təkcə ölkə prezidentindən asılı deyil. Bu binanı elə qura bilərik ki, Allah eləməsin, sabah bütün xalqın başına uça bilər. Necə ki, bir neçə il əvvəl paytaxtımızda tikilən keyfiyyətsiz bina onlarla vətəndaşımızın başına uçdu. Dəfələrlə milyonlarla dövlət vəsaitinin xərcləndiyi yollar adi bir təbiət hadisəsindən sıradan çıxır, yararsız hala düşür. Bütün bunlar hamısı kadr problemi ilə bağlıdır. Soruşan yoxdur ki, axı, bu yolun çəkilməsinə milyonlar xərclənib. Bizim məmurlar ümumi danışmağı çox sevirlər, konkret rəhbərlik etdikləri sahənin işindən danışmaqdan qaçırlar. Yolların tikintisinə konkret cavabdeh şəxs “Avtoyolservis”in prezidenti, millət vəkili Cavid Qurbanovdur. Bu adam şeirdən, musiqidən, gözəllərdən, ümumiyyətlə, hər şeydən danışmağa vaxt tapsa da yol barədə düşünmür. Və milyonlarla vəsaitin xərcləndiyi yolların dağılmasına çox gülməli səbəblər göstərilir: daşqın, dağ seli və sair. Axı, bunlar qeyri-adi hadisə deyil. Dağlarda həmişə baş verir və yol salınanda bütün bunlar nəzərə alınmalı idi. Digər məmurlarımız kimi yəqin ki, Cavid müəllim də İsveçrə və Avstriya dağ kurortlarında istirahət edən zaman yaxşı olardı ki, restoran və başqa əyləncə yerlərində keçirdiyi vaxtdan 1-2 saat ayırıb ordakı yol mütəxəssislərindən məsləhət alardı. Ancaq məsləhət almır. Hətta Cavid Qurbanov televiziya çıxışlarının birində sevinə-sevinə deyir ki: “Cənab prezidentimiz İlham Əliyev yeni saldığımız asfaltın qalınlığını şəxsən özü xətkeşlə ölçür”. Deməli, sən yerində deyilsən, cənab Cavid Qurbanov… Dövlətin milyonları göyə sovrulur, yollar da dağılır. Normal ölkələrdə buna görə dövlət məmuru ya siyasi iradə nümayiş etdirib istefaya getməlidir, ya da dövlətə dəyən ziyanın öz şəxsi büdcəsindən ödəməlidir. Heç nə olmamış kimi, bu boyda hadisələrin üstündən sükutla keçmək olmaz. İşə bu cür yanaşma daha böyük faciələrə səbəb ola bilər. Siyasi komanda formalaşdırmağın nə qədər çətin olduğunu göstərmək üçün müstəqillik dönəmində uzun müddət- 10 il hakimiyyətdə olmuş mərhum Heydər Əliyevin komandasına nəzər yetirək. 10 il ərzində Heydər Əliyev dəfələrlə komandasında kadr dəyişikliyi etdi, uğursuz kadrları vəzifədən uzaqlaşdırdı. Özünün kifayət qədər siyasi təcrübəsinə, keçmiş KQB generalı olmasına baxmayaraq, bununla belə Heydər Əliyevin komandasında böyük etimad göstərdiyi keçmiş səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkşaf naziri Fərhad Əliyev (Allah qapılarını açsın ) və digər etimadı doğrultmayan, dövlətə külli miqdarda ziyan vuran cinayətkarlar da üzə çıxdı. Yəni etimad göstərməklə iş bitmir. Bunlara ciddi dövlət və ictimai nəzarət olmalıdır. Yəni prezidentin kiməsə etimadı toxunulmazlıq mənasına gəlməməlidir. Və komanda canlı bir orqanizmdir, ehtiyac yarandıqda fasiləsiz dəyişikliklər olmalıdır. İmkan vermək lazım deyil ki, kimsə özünü toxunulmaz, tənqiddən kənar hiss etsin. 2003-cü ildə hakimiyyətə gələn İlham Əliyev də köhnə komandada müəyyən dəyişikliklər etdi. Bu gün də edir. Bu labüddür. Və bizə çatan məlumata görə, prezident İlham Əliyev komandasında daha ciddi və kardinal dəyişikliklər etmək ərəfəsindədir. Bu heç də qarşıdan gələn prezident seçkisi ilə bağlı deyil...
Sorğu
Yeni dizaynımız necədir?