Milli Şuranın iyunun 7-də keçirilən toplantısında şuranın sədri seçilən Rüstəm İbrahimbəyov müraciəti səsləndirib. "Musavat.com" həmin müraciətin mətnini təqdim edir:
"Hörmətli dostlar! Milli Şuranın ilk iclasını səmimi-qəlbdən təbrik edir və sizləri alqışlayıram. Bir sıra səbəblər üzündən bu tarixi hadisədə şəxsən iştirak edə bilmədəyimdən, böyük təəssüf hissi keçirirəm.
Son 20 ildə ilk dəfədir ki, demokratik qüvvələrin belə geniş koalisiyasını yaratmaq mümkün olmuşdur. Secindirici haldır ki, aparıcı müxalifət partiyalarının və hərəkatlarının liderləri, hüquq müdafiə təşkilatlarının rəhbərləri, görkəmli ictimai xadimlər mütərəqqi fikirli ziyalılar öz prinsip və əqidələrinə sadiq qalaraq siyasi iradə nümayiş etdirib keçid mərhələsində vahid bir qurumda birləşə bildilər. Demokratik qüvvələrin Milli Şurasının Bəyannaməsində əks olunan məqsəd və vəzifələri sizlər kimi mən də bütünlüklə qəbul edir və öz imzamla bunu təsdiqləyirəm.
Bununla yanaşı, mübahisə doğurmadan Bəyannamədə qeyd olunan, ölkənin xarici siyasi kursu, o cümlədən hər hansı beynəlxalq bloklara qoşulmaqla bağlı məsələlərin president və parlament seçkilərindən sonra, ümumxalq referendumu vasitəsilə həll edilməsi haqlı tezisinə öz münasibətimi bildirmək istəyirəm.
Bəyannamənin bir bəndində konkret beynəlxalq blokun adının hallandırılması, təkrar edirəm, olduqca düzgün seçilmiş tezis və dəqiq yanaşma ilə ziddiyyət təşkil edir. Zənnimcə, tələskənlik göstərərək gələcək parlamentə, eləcə də Azərbaycan xalqına bu sayaq mesajlar ünvanlamaq etik baxımdan məqsədəuyğun sayıla bilməz. Düşünürəm ki, bu, bizim səlahiyyətimizə aid məsələ deyildir.
Milli Şura qısa zaman ərzində keçid dövrünün mühüm və olduqca mürəkkəb problemlərini həll etməlidir. Biz, bütün diqqətimizi bu problemlər üzərində cəmləyərək, ölkənin taleyüklü məsələlərinə yanaşmada həmrəylik etdirəcəyimiz halda qələbə qazanacağıq.
Milli Şuranın bütün üzvlərinə böyük hörmətlə Rüstəm İbrahimbəyov".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?