RATİ sədri milyarderləri AzərRos-a toplayır; Bakıda isə ona cinayət dosyesi hazırlanır
İyunun 28-də Moskvada Abbas Abbasovun sədrliyi ilə Rusiya Azərbaycalılarının Federal Milli Mədəni Muxtariyyatın (AzərRos) iclası keçiriləcək. Iclasda “Milyarderlər Ittifaqı”nın rəhbərliyi də iştirak edəcək. Həmçinin təşkilatın regionlardan olan rəhbərləri də dəvət olunanlar sırasındadır. AzNews.az qurumun saytına istinadən xəbər verir ki, iclasda AzərRos sədrinin çıxışı, qurumun 2013-cü il ikinci yarım ili üçün fəaliyyət planı müzakirə ediləcək. Bundan başqa Federal Şuraya seçkilər keçiriləcək, təşkilatın 2013-cü il üçün büdcəsi təsdiqlənəcək və üzvlüklə bağlı yeni daxil olan müraciətlərə baxılacaq. AzərRos-un Federal Şurasının iş reqlamentinin müəyyən edilməsi, simvol və himnin hazırlanması barədə müzakirələr də iclasın gündəliyinə daxil edilib. Aldığımız məlumata görə, tədbirdə Azərbaycandan da bir sıra siyasilərin iştirakı gözlənilir. Abbas Abbas bir müddət əvvəl hakimiyyətin hiddətinə səbəb olan bəyanatla çıxış etmişdi. Baş nazirin sabiq müavini rəsmi Bakını Rusiyaya qarşı “yalan kampaniya” aparmaqda ittiham edərək bildirmişdi: “Müxtəlif səbəblərlə Azərbaycandan gedən insanların taleyi ilə oynamaqdan vaz keçin. Mən anlamıram ki, çoxmillətli Rusiyada bu qarşıdurma kimə lazımdır. Siz anlayırsınız ki, sizin Rusiyaya qarşı pis qoxulu kampaniyanız bu ölkədə yaşayan həmvətənlərimizə necə təsir göstərəcək? Bilin ki, burada yaşayan azərbaycanlıların çoxu normal həyat sürür, onlara bu ölkədə təqdim edilənlə razıdırlar, bura onların ikinci vətənidir. Onlar Azərbaycanda siyasi vəziyyəti gərginləşdirməyə xidmət edən heç bir oyunun iştirakçısı olmaq istəmirlər. Məgər sizin seçkiöncəsi mübarizədə özünüzü təqdim etmək üçün başqa üsulunuz yoxdur? Rusiyanın sizin daxili işlərinizlə nə əlaqəsi var? Xeyirli bir işlə məşğul olun və Rusiyada yaşayan azərbaycanlıların mənəvi məhvindən əl çəkin. Buna nə qədər dözmək olar?” Bu bəyanatdan sonra Abbas Abbasova qarşı kampaniyaya start verildi. Hakimiyyətin nəzarətində olan qəzetlərdə baş nazirin sabiq müavini barədə ittiham dolu yazılar dərc edilməyə başladı. Abbas Abbasova əsas ittiham Laçın rayonun boşadılması ilə bağlı oldu. Artıq bununla bağlı baş nazirin sabiq müavini barədə cinayət işi başlamaq planı da var. Bu barədə “Azadlıq”ın ötən sayında məlumat vermişik. Ehtimal etmək olar ki, Abbas Abbasov hakimiyyətin təzyiqlərinə cavab olaraq milyarderləri toplayır. Mümkündür ki, həmin tədbirdə hakimiyyətə yönəlik hansısa bəyanatlar səsləndirilsin. Bu arada Abbas Abbasov həbslə hədələnib. Bu barədə qəzetimizə hakimiyyətdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Abbas Abbasovun iqtidarı ittiham edən bəyanatından sonra hakimiyyətdə onunla bağlı qəti tədbirlər görülməsi qərara alınıb. Bundan sonra baş nazirin sabiq müavini ilə bağlı cinayət işi quraşdırmaq üçün fəaliyyətə başlanılıb. Mənbənin sözlərinə görə, Abbas Abbasovu hələki Laçının boşaldılmasına görə ittiham edib, barəsində cinayət işi başlamaq niyyəti var. Məlumat üçün deyək ki, baş nazirin sabiq müavini məlum bəyanatı yaydıqdan sonra hakimiyyətin nəzarətində olan qəzetlərdə Abbas Abbasovun Laçını boşaltması barədə materiallar dərc edildi. Həmin yazılarda bildirilirdi ki, Laçın işğal olunmamışdan bir qədər əvvəl Abbas Abbasov rayonu boşaldıb: “Yəqin ki, bir gün siz də cavab verməli olacaqsınız ki, sayı 100 min olan Laçın camaatını siz kimin tapşırığı ilə maşınlara doldurub köçürmüsünüz. Bəlkə, ermənilərin istədiyi Laçın koridorunu açırdınız? Çoxları bilməsə də bilənlər bilir ki, Ayaz Mütəllibovun dönəmində Nazirlər Kabinetinin məxfi qərarı var idi. Və həmin qərarın icrası sizə tapşırılmışdı. Siz də Laçın camaatını “panikaya” salıb rayonu boşaltdınız”. Mənbə bildirib ki, artıq bu barədə Abbas Abbasovun özünə də xəbər göndərilib. Bildirilib ki, əgər hakimiyyətə yönəlik bəyanatları davam edərsə, Laçının işğalında rol alması ilə bağlı cinayət işi başlana bilər. Hakimiyyət Abbas Abbasovu həbslə hədələsə də, onun geri çəkiləcəyi inandırıcı görünmür. Çünki baş nazirin sabiq müavini də Azərbaycan hakimiyyəti barədə kifayət qədər məlumatlı şəxsdir. O, iqtidar barədə danışmağa başlasa, bu, cəmiyyətdə bomba effekti verə bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?