“Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” "Siyasi məhbuslarsız Azərbayçan" ictimai alyansının hesabatı
Məhbuslara işgəncə verən vəzifəli şəxslərin QARA SİYAHISI; Həbs edilən şəxslər bəzi hallarda həbs olunduqları ilk günlərdən işgəncəyə məruz qalırlar. İşgəncə halları hətta dustaqların cəza çəkdikləri CÇM- lərində olduğu müddətdə də baş verib. Həbs həyatı yaşamış, işgəncəyə məruz qalmış məhbusların bildirdiyinə görə aşağıda adları qeyd olunan şəxslər dustaqlara daha çox işgəncə veriblər; 1. Ərşad Həsənov- 14 saylı Cəza Çəkmə Müəssisəsinin keçmiş rəisi, təqaüddədir 2. Əlzamin Quliyev- 14 saylı CÇM- də rejim rəisi 3. Rauf Məcidov- DİN Tərtər RPŞ- nin rəisi 4. Seyfəddin Quliyev- DİN Sabirabad RPŞ- nin növbətçi hissə rəisi 5. Səid Seyidov- DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı, hazırda vəzifəsi və rütbəsi böyüdülərək DİN Kursantlar Məktəbinin rəisi təyin olunub 6. Azər Seyidov- Bakı İstintaq Təcridxanasının rəisi 7. Şahin Osmanov- Qobustan Qapalı həbsxanasının rəisi 8. Samir Hüseynov- 17 saylı CÇM- nin keçmiş rəisi 9. Aftandil Ağayev- 12 saylı CÇM- nin rəisi 10. Şakir Bayramov- Gəncə İstintaq təcridxanasının rəisi
Ümumi məlumat. Təqdim olunan hesabat “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən hazırlanıb. Hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş vicdan və siyasi məhbusların təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən keçirilib, həbsdə olan şəxslərin vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan intervülər götürülüb. Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb. Bir sözlə hesabat müəllifləri qarşılaşdıqları, gördükləri və onlara qarşı münasibətdə tətbiq olunan məqamları sənədə köçürüblər. Bu sənəd Azərbaycanda həbs yerlərindəki vəziyyəti və məhbusların hüquqlarına dair ümumi mənzərəni əks etdirən son illərin ən real və obyektiv hesabatlarından biri kimi təqdim olunur. Hesabatın hazırlanmasında çətinlik yaradan məqamlar. Həbs yerlərində ətraflı monitorinq aparmaq, mövcud vəziyyəti araşdırmaq, məhbusların hüquq və vəzifələrinin nə dərəcədə təmin olunmasını yerindəcə müəyyənləşdirmək üçün dəfələrlə cəhd edilsə də Hesabat müəllifləri Ədliyə nazirliyi Penitensiar Xidmətin rəhbərliyi tərəfindən həbs yerlərinə buraxılmayıb. Eyni zamanda Hesabatın daha da dolğun, əhatəli və obyektiv alınması üçün bir sıra məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün olmayıb. Çünki bu məlumatların bir çoxu informasiya sahibi kimi Ədliyə nazirliyinin Penitensiar Xidmətindədir. Təəssüflə qeyd etmək lazımdır ki, bir sıra məqamların dəqiqləşdirilməsi və suallara aydınlıq gətirilməsi üçün Penitensiar Xidmətə “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğun şəkildə 07 yanvar 2013- cü ildə rəsmi sorğu ilə müraciət edilsə də adı çəkilən qurum qanunvericiliyin tələblərini pozaraq sorğunu cavablandırmaqdan boyun qaçırıb. Hazırda sorğuya cavab alınması üçün iddia tələbi ilə 1 saylı İnzibatı İqtisadi Məhkəməsinə müraciət olunub. Penitensiar Xidmətə ünvanlanan İnformasiya sorğusunda aşağıdakı suallara cavab istənilib; - Azərbaycan respublikası ərazisində Ədliyyə nazirliyinin tabeliyində nə qədər İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələri var? - İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin hazırkı texniki vəziyyəti və dustaqların saxlanma şəraiti necədir? Hazırda hansı rayonlarda nə qədər yeni həbsxanalar inşa olunur? - İstintaq Təcridxanası və Cəza Çəkmə Müəssisələrində ümumilikdə nə qədər dustaq cəza çəkir? - “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun həbs yerlərində tətbiq olunması istiqamətində son zamanlar hansı addımlar atılır? - Penitensiar Xidmətin əməkdaşları tərəfindən bir çox hüquq müdafiəçilərinə və məhbusların yaxınlarına həbsdə saxlanılan şəxslərlə görüşünə niyə icazə verilmir? - Məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması üçün son illər hansı tədbirlər həyata keçirilib? - Məhbusların qida təminatının yaxşılaşdırılması, tibbi xidmət, geyim, ərzaq və digər sosial problemlərin həlli ilə bağlı 2011- ci və 2012- ci illərdə dövlət büdcəsindən nə qədər vəsait ayrılıb və bu vəsaitlər hansı istiqamətdə xərclənib? Bir məhbusun saxlanması üçün büdcədən təxminən hansı həcmdə vəsait ayrılır? - 2012- cü ildə həbs yerlərində nə qədər məhbus dünyasını dəyişib? - 2012- ci ildə nə qədər məhbus Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilib vənə qədər məhbus müalicə alıb? - Məhbuslar daha çox hansı xəstəliklərlə bağlı şikayət edir və tibb müəsissəsinə köçürülür? “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvlərinin həbs yerlərinə buraxılmaması, məhbuslarla görüşünə icazə və imkan verilməməsi, eləcə də bəzi informasiyalara çıxış imkanlarının məhdudlaşdırılması Hesabatın hazırlanmasında müəyyən çətinliklər yaratdı. Amma bütün bunlara baxmayaraq alternativ imkanlardan istifadə edilərək hesabatı hazırlayıb ərsəyə gətirmək mümkün oldu. Azərbaycan həbsxanalarında ümumi vəziyyət a) Pozitiv məqamlar. Keçmiş SSRİ dövrü ilə müqayisədə Azərbaycanda hazırda həbsxanalardakı vəziyyət və məhbusların hüquqlarının təmin olunması ilə bağlı az da olsa müəyyən nəzərə çarpacaq dəyişiklilər həyata keçirilməkdədir. Bu proses ölkənin Avropa Şurasına daxil olunma prosesindən sonra start götürüb. Bakıda Bayıl həbsxanası daxil olmaqla tələblərə cavab verməyən bir sıra həbs düşərgələri ləğv edilərək yenilərinin tikilməsinə başlanılıb. Bakıda Kürdəxanı ərazisində müasir tələblərə müəyyən qədər cavab verən 1 saylı Bakı İstintaq Təcridxanası tikilib istifadəyə verilib. Hazırda ölkənin bir sıra bölgələrində bu tip İstintaq Təcridxanalarının və Cəza Çəkmə Müəssisələrinin tikilməsinə başlanılıb. Bir sıra rayon, şəhər polis idarələrinin Müvəqqəti Saxlama Təcridxanaları yenidən təmir edilib. Əvvəlki illərlə müqayisədə məhbusların saxlanma şəraiti, yemək, tibbi xidmət, daşınma, nəzarət və s. məsələlərdə az da olsa müəyyən irəliləyişlər mövcuddur. Hüquqi vəziyyətlə bağlı 2012- ci ilin 23 mayında Milli Məclisdə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun qəbul olunması son zamanalar az da olsa dustaqların hüquq və vəzifələrinin yaxşılaşdırılmasına zəmin yaradıb. Amma təəssüf ki, qanunun tətbiq olunması istiqamətində işlər çox zəif gedir. Əvvəlki illərlə müqayisədə beynəlxalq və yerli təşkilatların Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına diqqət artıb. b) Neqativ məqamlar. Azərbaycanda olan həbs yerlərinin (İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin- red.) əksəriyyəti Sovet dövründən qalma köhnə tikililərdir. Ölkənin hər yerində və bütün dövlət qurumlarında olduğu kimi həbs yerlərində də qanunlar tam gücü ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrı- seçkilik, korrpusiya, qanunsuzluq baş alıb gedir. Tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim və s. problemləri bərbad vəziyyətdədir. Həbs yerlərinə və məhbusların saxlanmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına məsul olan Ədliyyə nazirliyinin Penitensiar Xidmətin fəaliyyəti daha çox ictimaiyyət və cəmiyyət üçün qapalı, qeyri- şəffaf, hesabatlılıqdan qaçan, ictimai məlumatlandırmanı obyektiv və operativ təmin etməyən qurum təsiri bağışlayır. Sözü gedən qurum bu sahədə mövcud olan yerli və beynəlxalq qanunların tətbiq olunması, dustaqların faydalı işlərə cəlb olunması, onların cəmiyyətə yenidən adaptasiya olunması istiqamətində hər hansı təsirli tədbirlər görmür. Dustaqlar üçün həbs yerləri əksər hallarda bir növ azadlıqdan məhrum olunan şəxslərin islah olunması, öz səhvlərindən nəticə çıxarması əvəzinə daha çox onların cəza çəkilən, qanunsuzluğun və ədalətsizliyin baş alıb getdiyi bir mühitdən bir az da kobud və qisasçı ruhda yenidən cəmiyyətə qaytaran müəssisə təəssüratı yaradır.
Müvəqqəti Saxlama Təcridxanalarında vəziyyət Saxlanılan şəxslərin hüquq(suzluğ)ları Müvəqqəti Saxlama Təcridxanaları (MST) rayon (şəhər) polis şöbələrinin və ya idarələrinin nəzdində təşkil edilib. Daha çox bu məntəqələr polis tərəfindən ilkin olaraq saxlanılan və ya şübhəli bilinən şəxslər gətirilir və ya onlar orda saxlanılır. Eyni zamanda inzibatı həbs cəzası almış şəxslər də MST- də saxlanılırlar. Əksər MST- ləri keçmiş Sovet dövründən qalmaqla müasir tələblərə cavab vermir. Bir sıra yerli və beynəlxalq təşkilatların hesabatlarında qeyd olunur ki, Azərbaycan praktikasında polis tərəfindən saxlanılan şəxslərin hüquqları əksər hallarda dərhal pozulur. Bir çox hallarda saxlanılanların yaxınları ilə əlaqə saxlamasına içazə verilmir, onlar vəkillə təmin olunmur, təqdim olunan vəkillər bir başa istintaq orqanlarının sifarişin yerinə yetirir. Çünki cəmiyyət arasında bu cür vəkillərə etimad edilmir və dustaqlar arasında onlara ”PAYKAVOY” vəkillər deyilir. Tibbi yardım göstərilmir, əksər hallarda həbslər sanksiyasiz həyata kecilir. Sonradan bunlar qanuniləşdirilir. Təcridxanalarda insanların hüquqları kobud şəkildə pozulur, onlara oxumaq üçün gündəlik qəzet verilmir, tibbi müayinələr kagız üzərində aparılır, telefon və görüşə içazə verilmir. Bir çox hallarda isə saxlanılan şəxslər polis bölməsində işgəncəyə məruz qalırlar. Həbs prosedurları və saxlama yerində rəftar. Qanuna əsasən saxlanılan, həbs edilən və ya hər hansı cinayətdə ittiham olunan şəxslərə onların hüquqları, həbs olunmalarının səbəbi dərhal izah edilməli və müvafiq hüquqi proseslə təmin olunmalıdırlar. Təcrübədə bu müddəalara əməl edilməməsi halları olmuşdur. Qanunda polisə həbs orderi olmadan hər hansı şəxsi 48 saat ərzində saxlamağa və dindirməyə icazə verilir. Buna baxmayaraq həbs orderi olmadan polis vətəndaşları bir neçə gün saxlamışdır. Hüquqşünasların bildirdiyinə əsasən bəzi hallarda hakimlər həbs orderini saxlanma halı baş verdikdən sonra vermişlər. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq hakimlər saxlanılan şəxslər barəsində 48 saat ərzində inzibati saxlama qərarı qəbul etmişlər, lakin bəzən bu şəxslər vəkillə təmin edilməmişlər. Yerli müşahidəçilərin bildirdiyinə görə 2011- ci il 11 mart tarixdə siyasi islahatların keçirilməsinin tələb edildiyi Bakıda keçirilən etiraz aksiyasında saxlanılmış səkkiz nəfərdən yeddisi yuxarıda qeyd olunan hallarla üzləşmişlər. “Amnesty İnterational” (Aİ) və “Human Rights Watch” (HRW) təşkilatlarının bildirdiyinə görə 2 aprel tarixdə baş vermiş nümayişlərdən əvvəl və sonra saxlanılan şəxslər də bu hallarla üzləşmişlər. İnzibati saxlama müəssisələrində olan şəxslər istintaq təcridxanalarına yerləşdirilmiş və 15 günə qədər burada saxlanılmışlar. Məsələn, insan haqları üzrə vəkil Vidadi İsgəndərli 17 aprel tarixdə keçirilən etiraz aksiyasına gedərkən yolda həbs edilmiş və bundan sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 15 günlük inzibati həbs cəzası çıxarılmışdır. 15 gündən sonra isə o, səsvermə hüququnun yerinə yetirilməsinə mane olmaqda və 2010-cu il parlament seçkilərində seçki komissiyasının fəaliyyətinə müdaxilə etməkdə ittiham olunaraq barəsində çıxarılmış həbs müddəti üç ay uzadılaraq istintaq təcridxanasına köçürülmüşdür. Bu hal, yəni əvvəl inzibatı həbs cəzasına məruz qalmaq və ardınca həbs olunmaq hüquq müdafiəçisi Oqtay Gülalıyevə də tətbiq olunmuşdur. O, 08 apreldə Sabirabadda həbs olunarkən öncə 12 sutkalıq inzibat həbs cəzasına məruz qalmışdır. Cəzanın bitməsinə bir gün qalmış 19 aprel 2012- ci ildə mitinq və iğtişaşlara çağırışla CM- nin 220.2- ci maddəsi ilə cinayət işi qaldırılaraq həbs edilmişdir. O. Gülalıyev haqqında çıxarılan hər iki məhkəmə hokmü zamanı qanunvericiliyə zidd olaraq o müdafiə hüququndan məhrum olunmuş, hakim qarşısına vəkilinin iştirakına imkan verilmədən çıxarılmışdır. Qanuna əsasən hər bir şəxsin saxlanıldığı andan etibarən vəkillə təmin olunmaq hüququ vardır. Təcrübədə vəkil ilə təmin olunma, xüsusilə Bakı şəhərindən kənarda olan bölgələrdə aşağı səviyyədə olmuşdur. Qanunla buna hüquqları olsa da, çox vaxt saxlanılan imkansız şəxslərin bu hüquqları təmin edilməmişdir. Ailə üzvlərinin verdikləri məlumata əsasən dövlət orqanları bəzi hallarda onların ailələri ilə görüşmələrini, xüsusilə istintaq təcridxanalarında məhdudlaşdırmışlar və müəyyən hallarda saxlanılan şəxslər barəsində informasiyanı gizlətmişlər. Bəzən ailə üzvlərinin saxlanılan qohumları barəsində hər hansı məlumat əldə etmələri bir neçə gün çəkmişdir. Fərdi şəxslərin bəzən saxlanılanlara zamin durmalarına icazə verilməsinə, istintaq araşdırması zamanı onların azadlığa buraxılmasına nail olmalarına baxmayaraq rəsmi və təcrübədə tətbiq edilən zəminliyə buraxılma sistemi olmamışdır. Bundan əlavə bəzi hallarda dövlət orqanları istintaq mərhələsində müttəhimləri müstəqil şəkildə azad etmişlər. Bəzi hallarda siyasi cəhətdən şübhəli bilinən şəxslər polis nəzarəti altında bir neçə saat və ya bəzən bir neçə gün ətraf mühitdən təcrid olunmuş vəziyyətdə saxlanılmışlar. Əsassız həbs. İl ərzində əsassız, çox vaxt polisə qarşı müqavimət göstərməkdə yalandan ittiham olunmaqla baş verən həbs halları problem olaraq qalmışdır, bu xüsusilə yaz mövsümündə baş vermiş çoxsaylı dinc nümayişlərdə daha çox müşahidə edilmişdir. Həbs və saxlama qaydalarının polis tərəfindən pozulması barədə də məlumatlar verilmişdir. Bu kimi hallar xüsusilə dinc siyasi nümayişlər keçirməyə cəhd göstərən müxalifət partiyalarının üzvlərinin polis tərəfindən saxlanılması zamanı baş vermişdir. İctimai siyasi fəallar daha çox narkotika (234- cü maddə), xuliqanlıq (221- ci maddə), polisə müqavimət (315- ci maddə), qanunsuz silah gəzdirmə (228- ci maddə), iğtişaşlara çağırış və iştirak (220.1, 220.2) və s. qondarma maddələrlə ittiham olunaraq həbs ediliblər. Ölüm halları. Polis bölmələrində, Müvəqqəti Saxlama Məntəqələrində saxlanmış şəxslər arasında işgəncə halları ilə yanaşı ölüm halları da qeydə alınmışdır. Məsələn, 13 yanvar tarixdə Elvin Əsgərov Bakı şəhər Nizami Rayon Polis idarəsinin təcridxanasında vəfat etmişdir. Polisin verdiyi məlumata əsasən Əsgərov polisdən qaçarkən bir neçə dəfə yıxılıb aldığı zədələrdən keçinmişdir. Yerli qeyri-hökumət təşkilatları (QHT-lər) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələri zədələrin məhkəmə tibbi-ekspertiza tərəfindən çəkilmiş fotoşəkillərinə əsaslanaraq bu iddianın daha az inandırıcı olduğunu bildirmişlər. Əsgərovun ailəsi özlərinin şübhələrini irəli sürdükdən sonra, ailənin vəkili Xalid Bağırov polisə qarşı böhtan atdığına görə hökumətin təsiri altında olan Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdır. 28 avqust tarixdə Turac Zeynalov Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında vəfat etmişdir. Əvvəlcə nazirlik iddia etmişdir ki, ölüm halı dəri xərçəngi ilə əlaqədar olmuşdur və onun sinəsində, arxa nahiyəsində və qarnındakı yanıqlar və zədələr aldığı şüa terapiyası nəticəsində yaranmışdır. Bu fikirlər QHT-lər tərəfindən şübhə altına alınmışdır. Zeynalovun yas mərasimində nümayiş edilmiş və 6 dekabr tarixdə internet vasitəsilə yayılmış video yazıda onun üzərində zorakılıq əlamətlərinin olduğu görünmüşdür (ABŞ Dövlət Departamentinin İnsan Hüquqları üzrə hesabatından- red.). İşgəncə və ya insan ləyaqətini alçaltma hərəkətləri. Aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasındakı terrorun dördüncü ildönümünü anmaq üçün “Terrora yox!” şüarı ilə keçirilən dinc aksiya zamanı polis tərəfindən saxlanılaraq inzibati qaydada həbs edilən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlanma məntəqəsində işgəncəyə məruz qalıblar və mayın 10-da gənclərin orada müxtəlif təmizlik işləri görərkən gizlincə çəkilmiş fotoları alçaldıcı şərhlərlə bir sıra hakimiyyətyönlü internet saytlarında yayılıb. Yayılan fotolardan açıq aydın hiss olunur ki, burada məqsəd bu yolla onlara və digər fəal gənclərə təzyiq etmək, onları şantaj edərək mübarizələrindən çəkindirməkdir. Eyni zamanda bu vasitə ilə onları cəmiyyətdə gözdən salmağa da cəhd edilir. Gənclər həbs ediləndən sonra onlara qanunsuz olaraq vəkilləri ilə görüşməyə imkan yaradılmayıb, gənclər üçün yaxınları tərəfindən aparılan azuqələr qəbul edilməyib və gənclərin iradələrinə zidd olaraq onların başları məcburi şəkildə daz qırxılıb ki, bu da gənclərə işgəncənin verilməsindən xəbər verir. İstintaq Təcridxanalarında vəziyyət Son dövrlərdə Azərbaycandakı Ədliyyə nazirliyi Penitensiar Xidmətin nəzdindəki həbsxanalar- İstintaq Təcridxanaları (İ.T) Cəzaçəkmə müəsisələri (C.Ç.M -ləri) və onların fəaliyyətləri, eyni zamanda insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulması barədə müxtəlif fikir və rəylər formalaşıb. Bu mülahizələrin içərisində obyektiv və subyektiv fikirlər mövcuddur. Məlumdur ki, ölkədə 1 saylı Bakı İstintaq Təcridxanası, 2 saylı Gəncə İstintaq Təcridxanası və 3 saylı Süvəlan İstintaq Təcridxanası fəaliyyət göstərir. 1-saylı Bakı İstintaq Təcridxanası müasir Avropa standartlarına uyğun olaraq dövlətin külli miqdarda vəsaiti hesabına tikilib istifadəyə verilib. İlk baxışdan elə görünürdü ki, buradakı işçi və xidmət personalı da Avropa həbsxanalarına uyğun hazırlanıb formalaşacaq. Çox təəsüf ki, Azərbaycan “standartları” reallığı özünü tez biruzə verdi. Belə ki, buradakı təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür. Təcridxana korpusları, kameraları “burjuylar” və kasiblar uçun təbəqələşib. ”Burjuylar” (yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur- təbii ki, pul hesabına. Məhkumların və onların yaxınlarının hüquqları ilk olaraq təcridxananın girəcəyindəki “sovqat qəbulu” (peredaça otağı) məntəqəsində pozulur. Yaxınlarına “peredaça” ötürməyin müxtəlif qiymətləri mövcuddur. 5- 15 manat bir şəxsə göndərilən, qanuni sovqatın kasıblar üçün müəyyən olunmuş qiymətidir. ”Burjuylar” üçün daha yüksək məbləğ ödənilir və onlara göndərilən sovqatlara məhdudiyyət qoyulmur. ”Peredaçanı” qəbul edən məhkumlar ilk öncə korpus “starşinasını” görməlidir, eyni zamanda həmin korpuslar da növbə çəkən nəzarətçilərə də milli mentalitetimizə uyğun olaraq “hörmət” edilməli, yəni pul verilməlidir. Pul olmasa “humanist” nəzarətçilərinin məhkum üçün evdən gələn yeməklərin ən yaxşısını seçib götürmək hüququ var. Kameralarda qızdııcı elektrik avadanlığından istifadə etmək üçün Bakı İstintaq Təcridxanası bunun aylıq qiyməti 100- 150 manat arası, saxlanması qadağan olan əşyaların istifadəsi üçün “rejim” tərəfindən dəqiq müəyyən edilmiş qiymətlər var. Bakı İstintaq Təcridxanasında ”vəziyyət” yəni “varavskoy polojeniya” mövuddur. 2 sayli Gəncə İstintaq Təcridxanasında qiymətlər fərqli olsa da anoloji vəziyyət mövcuddur. 3 sayli Şüvəlan İstintaq Təcridxanasında “vorovskoy polojeniya” yoxdur. Çünki buranın yeni təyin olunmuş rəisi “vorovskoy”qanunu qəbul etmir, əlində olan bütün vasitələrlə məhkumların istismarına yol açan “obşakın” ləğv olunmasına qarşı mübarizə aparır. 1 və 3 saylı İstintaq Təcridxanaları arasında gözlə görünən böyük fərqlər mövcuddur. Bakı İstintaq Təcridxanasınin imkanlı işçilərinə rəğmən Şüvəlandakı xidmət personalı öz insafına görə fərqlənir. Buradakı zabit və gizirlər, nəzarətçilər bir qədər kasıb təbəqəyə mənsubdurlar və onlarla dil tapmaq daha asandır. Şüvəlan Təcridxanasındakı yaşayış korpusları köhnədir, Bakı neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin at tövləsi olub. İçməli su gundəlik olaraq maşınlarla gətirilir. İstilik və havalandırma sistemləri yoxdur. Bakı İstintaq Təcridxanasından fərqli olaraq Şüvəlan İstintaq Təcridxanalarında elektrik qızdırıcıları üçün aylıq haqq alınmır. Burada “Titanik” adlanan 3 mərtəbəli, 100-dən yuxarı kamerası, nisbətən yaxşı şəraiti olan binada da əsasən “burjuylar” qalır. Siyasi məhbuslar, jurnalistlər də burada saxlanılır. Lakin “burjuylardan” fərqli olaraq siyasi məhbus və jurnalistlərdən heç bir təmənna güdülmür. Bəzi sırtıq starşinalar zarafatyana bu “müəllimlərdən”nə isə qopara bilir, təbii ki bunlardan rəisin xəbəri olmur. Məhkumların yaxınlarının göndərdiyi sovqata görə 5-10 manat arası pul ödənilir. Bu yazılmamış qanunlar Azərbaycandakı bütün polis şöbələrindəki Müvəqqəti Saxlama Təcridxanalarında (MST), İstintaq Təcridxanası, Cəza Çəkmə Müəssisələrində mövcuddur və dəhşətli xərçəng xəstəliyi kimi məhbusları və onların yaxınarını sorub yeyir. Polislərin nəzarətindəki MST- larda vəziyyət daha acınacaqlıdır, hər bir şey üçün pul ödəmək lazımdır. Əksər MST- lərdə verilən qanuni görüşə də pul ödənməlidir. Burada “hakimi- mütləq” D.P.N.K-ların, əsgər komandirlərinin hesabı mütləq verilməlidir. Məhkuma göndərilən hər 10 siqaretdən biri xidmət çəkən ədliyyə əsgərlərinə verilir, üstəlik gecə növbəsində olan nəzarətçilər kameraları gəzərək əsgərlər üçün qənd, çay ”55” (yəni şirniyyat) yığırlar. İstintaq təcridxanalarında saxlanılan şəxslər bir çox hüquqlarından məhrum olurlar - tibbi yardımdan, televiziyadan, mətbuatdan, idmandan və bəzən işgənçəyə məruz qalırlar. Kameralar 16- 17 kvadratmetrdir. İçəridə açıq ayaqyolu var. Bu da işıqlandırma yeri kiçik (gözlükər 50 x 80 sm ölçüsündədir), havalandırma mexanizmi olmayan kameralarda müxtəlif problemlər və hətta bir çox xəstəliklər yaradır. Saxlanma otaqlarında (kamerada) soyutma sistemi (kondisioner) yoxdur. Yayda elektrik soyutma ventilyatoru dustaqın öz hesabına alınır. Xəstələr saglam adamlarla eyni kameralarda saxlanılır. Əyalətlərdəki İstintaq Təcridxanalarında vəziyyət. Bakı və Bakı ətrafı həbs yerləri ilə müqayisədə əyalətlərdəki anoloji müəssisələrin vəziyyəti daha acınacaqlıdır. Gözdən- könüldən uzaq, dövlət nəzarətinin zəif, ictimai nəzarətin isə ümumiyyətlə olmadığı bu müəssisələrin həm texniki vəziyyəti, orda dustaqların saxlanma şəraiti, həm də qanunların tətbiqi bərbad vəziyyətdədir. Məsələn, bir neçə ay Gəncədəki İstintaq Təcridxanasında saxlanılmış keçmiş vicdan məhbusu, hüquq müdafiəçisi Taleh Xasməmmədov ordakı vəziyyətlə bağlı bildirib; “Gəncədəki İstintaq Təcridxanasında məhkumlar üçün elə yemək verirlər ki, onu yemək mümkün deyildi. Təsəvvür edin ki, çürümüş toxumluq kartof soyutmasını verirdilər. Çörəyi isə kəpəkdən bişirirdilər. Bunun minlərlə şahidi var. Evlərindən azuqə gəlməyən məhkumlar ondan yeməyə məcbur idilər. Burada davranış məsələsində SSRİ-dən qalma qaydalar əsas götürülürdü. Həm də kameralarda “qarmoşka” deyilən yerlər var. Ora açılarkən kamerada havalanma olur. Gəncə təcridxanasında “qarmoşkanın” saatını iki manata açırdılar”. Taleh Xasməmmədov bölgələrdə də rüşvət mexanizminin geniş yayıldığını bildirərək bu mexanizmin mərkəzləşdirildiyini, bunun adi bir şey olduğunu və hər bir müəssisədə bir nəfər də olsa pulun toplanması və ötürülməsi işi ilə məşğul olduğunu bildirir; “Rüşvətin yığılması, toplanması və lazımi ünvanlara ötürülməsi ilə bağlı cavabdeh şəxslər olur.” Cəza Çəkmə Müəssisələrində (CÇM) vəziyyət. Rəsmi məlumatlara görə Azərbaycanda 20 minə yaxın məhbus var. Qeyri- rəsmi məlumatlara görə isə bu rəqəm 30 mindən yuxarıdır. Məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində cəza çəkirlər. CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab olunur. Hər barakda bəzən 450- 600 nəfər adam bir yerdə yaşayır. Onların arasında hepatit (muxtəlif formada ), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar ciyin- ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur, Dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar, yayda isə istidən əziyyət cəkirlər. Hər CÇM -nin rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir- baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl edilmir. Məsələn, 14- saylı CÇM- nin rəisinin otagına daxil olmaq ücün dustaq ayaqqabısını cıxartmalıdır, əks halda işgəncələrə məruz qalır. Namaz qılmaq istəyən dustaqlardan absurd arayışlar istənilir. Belə ki, onlar həqiqi namaz qılmalarına dair Dini İdarələrdən sənəd gətirməlidirlər (!?). Qanunvericilik isə belə tələbləri qadağan edir. 23 may 2012- ci ildə Milli Məclisdə qəbul olunmuş “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 24.1 – ci maddəsində isə qeyd olunur ki, “Tutulmuş və ya həbs edilmiş şəxslərin vicdan və din azadlığına təminat verilir. Onlar həbs yerində dini ayinləri yerinə yetirə, dini ləvazimatdan və ədəbiyyatdan istifadə edə bilərlər. Dini ayinlərin yerinə yetirilməsi üçün həbs yerinin müdiriyyəti tərəfindən müvafiq şərait yaradılır”. Müəssisənin həyətində 4- nəfərdən cox adam çəmləşə bilməz. Dustaqların rəhbərliyə hər hansı etirazı olarsa bu zaman müəssisəyə qoşun daxil olur və onlara dəhşətli formada işgənçələr verilir. Dəfələrlə CÇM- də belə hallar baş verib. Maraqlıdır ki, belə hallar olarkən Penitensiar Xidmətdən hec bir acıqlama verilmir. 5, 16, 13, 6, 1, sayli CÇM - lərda səhər "razvod”-undan axşama kimi baraklar baglanır və dustaqlar bütün günü qışda yagışın, qarın altında, yayda isə günün altında həyətdə keçirməli olurlar. Əksər CÇM- lərində səhər yoxlanmasından sonra (7-30- dan 8-00-ə kimi ) “baraklar “ baglanır, axşam yoxlanmaya kimi (18-00- dən 19 -00-a kimi ) dustaqlar müəssisənin həyətində və ya rəis tərəfindən tiktirilmiş pullu cayxanada qalmalıdırlar. Dustaqlara verilən ərzaq və geyim keyfiyyətsizdir və bu səbəbdən dustaqlar evdən gətirilən ərzaq, geyim və yataq dəstlərindən istifadə edirlər. Hər CÇM- lərində dustaqlar ücün dükan var, lakin satılan ərzaq, siqaret və digər lazımi əşyalar həddindən artiq baha qiymətə satılır. Tibbi xidmət otaqlarında lazımi xidmət olunmur və buna görə agır xəstələr dərmanları evdən öz hesabına aldırırlar, əksər CÇM- lərində dustaqlar ücün idman zalı yoxdur. CÇM- nə təzə gələn dustaqlara qarşı alçaldıcı formada axtarış əməliyyatı aparılır (bir- birinin göz qabağında lüt soyundurub axtarış aparırlar) və sonra "karantin" adlanan otaqda geyri- normal şəraitdə saxlayırlar . Məhbuslara verilən yataq dəstləri köhnə, keyfiyyətsiz və pis vəziyyətdədir. Həftələrlə, bəzən aylarla dəyişdirilmir. Bir çox hallarda dustaqlar yorğan- döşək və digər yataq dəstlərini evlərindən gətirməyə məcbur olurlar. Həbs yerlərində dustaqlara verilən yeməklərlə bağlı heç bir yerdə yemək cədvəli asılmayıb. Dustaqlar bunu tələb edəndə bildirirlər ki, rəisin otağındadır (!?). Eyni zmanda heç bir yerdə dustaqlara çatası ərzaq, qeyri- ərzaq, geyim və digər ləvazimatlarla bağlı hər hansı siyahı və ya bildiriş yoxdur. Və bunları öyrənmək mümkün deyil. Bəzi CÇM- lərində dustaqlara yeməkxanalarda 2 cür yemək verilir; pulsuz və pullu yeməklər. Müstəqil qəzetləri əldə etmək, abunə yazılmaq mümkün deyil. Çünki POÇT deyilən şey burada yoxdur. 10 km-lik məsafəyə, əlaqədar təşkillatlara göndərilən məktuba 2 aya cavab gəlmir. Insanların döyülərək işgəncə verilməsi, şərlənməsi adiləşib. Döyülərək dəli edilmiş onlarla məhkum bu gün Cəza Çəkmə Müəssisələrində cəza çəkir. Ağır şəraitə malik Cəza Çəkmə Müəssisələrindən biri 14-saylı CÇM- dir. Ərazisi daş karxanasının yanında yerləşir və karxananın tozu insanların həyatı ücün təhlükəlidir. Müəssisədə rəisin tələbi ilə ibadət etmək ücün azadlıqdan hansısa absurd arayış gətirilməlidir, müəssisənin həyətində 3-4 adam çəmləşə bilməz. Rəisin otağina daxil olmaq ücün dustaq baş örtüyünü və hətta ayaqqabısını (!?) cixartmalıdır. Bütün bu qaydalar dustaqların ləyaqətini alcaltmaq ücün həyata kecirilir. Bununla əlaqədər dustaqlar etirazlarını bir neçə dəfə dinç formada rəisə çatdırıblar və nəticədə Penitensiar Xidmətin göstərişi ilə müəssisəyə xüsusi təyinatlı ordu hissələri daxil olub dustaqlara vəhşiçəsinə kütləvi işgənçə verilib. Bununla baqli Penitensiar Xidmət iştimaiyətə hec bir açıqlama verməyib. Bundan sonra bu repressiv əməliyyatlar digər CÇM- lərində də həyata kecirilib. Bu hadisələrlə bağlı heç bir insan -hüquq müdafiə təşkilatı, ombudsman aparatı monitorinq aparmayib və açıqlama verməyib. Qaradağ ərazisindəki 14 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyət daha ağır vəziyyətdədir. Buna səbəb yuxarıda qeyd edildiyi kimi Müəssisəyə yaxın ərazidə daş karxansının olmasıdır; «Doğranan daşın tozunu külək «zon»un içinə vurur. Gözünü aça bilmirsən, daşın, betonun tozu dolur dustaqların ciyərlərinə. Bir barakda 160 nəfər dustaq saxlanılır. Nəfəs almaq mümkün deyil. Şəxsən məni həkim yoxladı, dedi səndə vərəm var, vaxtı çatanda göndərəcəyik müalicə müəssisəsinə». 2006-2010-cu illərdə Bakının Qaradağ ərazisindəki 14 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamış Sabir İbrahimov orada vərəmə yoluxduğunu deyir. Deməsinə görə, onun cəza çəkdiyi müəssisədəki dustaqlar səhərlər təmiz hava əvəzinə ciyərlərinə müəssisə yaxınlığındakı daş karxanasının tozunu çəkirlər. Buna görə də müəssisədəki dustaqların çoxu vərəmdir. Xəstə dustaqlar vaxtında sağlam dustaqlardan təcrid olunub müalicə müəssisəsinə göndərilmədiyindən, vərəmə yoluxma halları çoxalır. 14 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkmiş keçmiş vicdan məhbusu Arif Hacılı Azərbaycan həbsxanalarında və vaxtilə özünün saxlandığı müəssisədə vəziyyətin bərbad halda olduğunu bildirir. O eyni zamanda məhbusların hüquqlarının vaxtaşırı pozulduğunu və onların həyat şəraitinin həbsxana rəislərindən asılı olduğunu qeyd edib; “Ölkədəki müvəqqəti saxlanma təcridxanaları arasında yalnız 1 nömrəli Kürdəxanı İstintaq Təcridxanası müasir standartlara cavab verir. Lakin Bayıl, MTN, Bakı Şəhər Baş Polis İdarəsinin istintaq təcridxanalarının durumu heç də yaxşı deyil. Eyni halda Şüvəlan və Gəncədə yerləşən təcridxanaların da vəziyyəti çox acınacaqlı durumdadır. Gəncədəki təcridxanaların 8 nəfərlik kameralarında 15 nəfər məhbus bir vaxtda saxlanılır. Məhbuslar hətta yatmağı növbəli şəkildə həyata keçirirlər. Paytaxt Bakıda yerləşən cəzaçəkmə müəssisələrinin hamısı II dünya müharibəsindən qalan binalardır. Bir həbsxanada 600-700 nəfər məhbus saxlanılır. Saxlanma şəraiti olduqca ağır və acınacaqlıdır. Həbsxanalarda qanunvericiliyə əməl edilmir. Qəribədir ki, 20 milyard dollara yaxın dövlət büdcəsi olan Azərbaycanda həbsxanaların şərait normal deyil. Hazırda 14 saylı cəzaçəkmə müəssisəsinin ləğv edilməlidir. Bu müəssisədə məhbuslardan əlavə eyni halda həbsxananın işçiləri də xəstəliyə tutulublar. Buna səbəb isə həbsxananın yerləşdiyi ərazinin tozlu olmasıdır. Quzdək və Qobustanda yerləşən həbsxanaların da durumu yaxşı deyil. Həbsxanalarda məhbusların yarıdan çoxu 234-cü (narkotikdən istifadə) maddə ilə həbs edilən şəxslərdir. Artıq dünyanın inkişaf etmiş ölkələrində bu maddə ləğv edilib. Narkotikdən istifadə edən şəxslərin tibbi müalicəsi vacib olduğu halda buna əməl olunmur. Həbsxanalardakı digər problemlər isə pentensiar xidmət əməkdaşlarının dustaqlarla qeyri-insani rəftar etməsidir. Həbsxanada rüşvət verməyən və qeyri-qanuni əmrlərə tabe olmayan dustaqlara insani şərait yaradılmır. Eyni halda məhbusların həyat şəraiti həbsxana rəislərindən asılıdır”. 16 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkmiş məhbus- jurnalist Abuzər Cəfərli bildirir ki, saxlandığı cəza çəkmə müəssisəsini başqa “zon”-lardan fərqləndirən cəhət həmin cəza çəkmə müəsisəsinin rəisinin müəyyən qədər ziyalı və keçmiş həkim olmasıdır; “Məhkumlara burada diqqət var, ancaq ümumi bəla rüşvətxorluq burada da tüğyan edir. Görüşdən çıxan hər bir məhkum görüş otağına nəzarət edən şəxsə ən aşağısı 5 man ödəməlidir. Ancaq bu ödəmə milli mentalitet əsasında ödənilir, görüşdən çıxan şəxs zonun girəcəyindəki yoxlama məntəqəsində ən azı 1-4 manat pul ödəməlidir. Əgər növbə dəyişirsə yeni gələn gizir, zabit, çavuşların bu gün kimin görüşə çıxdıqları haqqında məlumatları olur və onlarda öz növbələrində görüşə çıxan şəxsləri tapıb öz hesabların xoşluqla istəyirlər. Əks halda hörmət etməyən şəxs müxtəlif bəhanələrlə cəzalandırıla bilər. Həftədə bir dəfə 5-ci gün pulsuz hamam elan olunur. Digər altı gün ərzində hamamlanmağın qiyməti 1 manatdır. Cəza çəkmə müəsisəsinin nəzdində “3-5 nəfərlik kupelər” var, bunların aylıq qiyməti 100-150 manat dairəsindədir. “Sançast”- da qalmağın yəni “razvoda” çıxmamağın haqqı ən aşağısı 250 manatdir. Bu pulun cəza çəkmə müəsisəsinin rəisinə dəxli yoxdur, çünki “Sançast” bir başa Penitensiar Xidmətin müalicə müəsisəsinə məxsusdur və onların müəsisə rəisinə tabeçiiyi yoxdur. İmkanlı şəxslərin mərkəzi müalicə müəsisəsinə müalicə almaq üçün göndəriş verilməsi üçün 150-250 manat arası pul istənilir. Ancaq müəyyən ciddi xəstələr pulsuz müalicə müəssisəsinə göndərilməsinin şahidi olmuşam. Bu həmin şəxslərin öz hüquqlarını müdafiə edə bilməsi və müəsisə rəisinin köməkliyi nəticəsində baş verə bilər.16 saylı cəza çəkmə müəsisəsinin yüksək səviyyədə təmir edilmiş və müasir standartlara cavab verən yeməkxanası var. 500- 600 nəfərlik məhkum üçün nəzərdə tutlmuş yeməkxanada cəmi 30-50 arası məhkum yemək yeyir. Bir qrup məhkumlar aylıq 30-50 manat ödəməklə bir az yüksək səviyyədə bişirilən yeməkləri yeyə bilir. Məhkumların 80% isə öz hesablarına xüsusi yerlərdə çörək yeyirlər. İnsafən demək lazımdır ki, ümumi yeməkxanada yemək yemək istəyən məhkumlara heç bir məhduduyyıt yoxdur. Sadəcə olarq məhkumlar arasında ayrı- seçlkilik imkanlı və imkansız olmasıdır. Bu işə Cəza Çəkmə Müəsisəsi rəhbərliyi müdaxilə etmir. Başqa bir problem isə müəsisəyə daxil olan yeni məhkumların 15 gün müddətində “karantin”-də qalmasıdır. Şəxsən mənə tətbiq edilməsə də məhkumların dediyinə görə “karantin”- dən əvvəl zona çıxmaq üçün 150-300 manat arası pul ödəməlidir. Vacib problemlərdən biri də məhkumların qanundan bir az artıq saç saxlanmasıdır. Bunun üçün isə 5-15 manat pul ödəmək lazımdır. Bu işlərə ”rejim” baxır. “Oper”- lərin vəzifəsi ilk öncə rejim qaydalarını pozan, qumar və digər işlərə meyilli məhkumların ayird edilməsi və hörmət müqabilində islah olunmasıdır”. 2012- ci ilin dekabr ayının əvvəllərində 17-sayli Cəza Çəkmə Müəssisəsinə ordu hissələri daxil olaraq dustaqlara qarşı ağır şəkildə, alçaldıcı işgənçələr veriblər. Baş verənlərə etiraz edən, sözü gedən müəssisədə saxlanılan siyasi məhbus Nemət Pənahlı 10 gündən artıq davamlı şəkildə aclıq aksiyası keçirmiş və bu barədə ölkə ictimaiyyətinə müraciət etmişdir. O öz müraciətində dustaqlara qarşı edilən alçaldıcı işgəncələrdən bəhs edərək bildirmişdi ki, müəssisə rəhbərliyi dustaqları vəhşicəsinə döyərək, onları yerə yıxaraq it kimi hürməyə, müxtəlif heyvan səsləri çıxarmağa məcbur etmişdilər. Aclıq aksiyası keçirdiyinə görə onu dustaqlardan təcrid edən CÇM- nin rəhbərliyi N. Pənahlının dediklərini təkzib edərək onu cərimə otağına (karsa) salmışdılar. Lakin dekabrın sonlarında azadlığa çıxan, N. Pənahlı ilə eyni CÇM- də saxlanılan dıgər dustaq, vicdan məhbusu Taleh Xasməmmədov qeyd olunan vaxtda müəssisəyə həqiqətən ordu hissələrinin daxil olduğunu, dustaqlara qarşı fiziki zorakalıq edildiyini, işgəncə verildiyini təsdiq etmişdir. Sonradan hüquq müdafiə təşkilatlarına və digər ünvanlara müraciət edən bir qrup dustaq Nemət Pənahlının fikirlərini təsdiq ediblər. Yeri gəlmişkən qeyd edək ki, ölkə ictimaiyyətinin fəal kəsimi 17 saylı CÇM- də baş verənlərə, eləcə də həmin müəssisəyə gətiriləndən sonra intihar etdiyi bildirilən məhbus, Zaqatala sakini Pərviz Mikayılovun müəmalı ölümü ilə bağlı kəskin etirazlarını bildirmiş bu barədə geniş toplantı keçirilmişdir. Penitensiar Xidmətə müraciət olunsa da “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına baş verən hadisə ilə bağlı müstəqil araşdırma aparmağa, sözü gedən müəssisəyə daxil olaraq Nemət Pənahlı başda olmaqla ordakı digər məhbuslarla görüşməyə icazə verilməyib. 17 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkmiş keçmiş vicdan məhbusu Elşən Həsənov sözü gedən müəssisə ilə bağlı bildirir ki, orda siyasi məhbuslara münasibət nisbətən yaxşı olsa da, bu münasibət və qaydalar hamıya şamil olunmur; “Əvvəl karantində saxlayır, elə şərait yaradılır ki, ya pul verib ümumi korpusa keçəsən, ya da az sonra karsa salıb incidəcəklər. Bu “kolon” ümumi cəzaçəkmə müəssisəsi deyil, qapalı rejimdir. Dustaqlar qışın günündə soyuqdan, yayda isə istidən əziyyət çəkirlər. Yorğan-döşəyə qədər evdən gətirilir. Halbuki hökumət verməlidir. Dövlətdən ayrılan keyfiyyətli ərzaq, tərəvəz, yağ, ət dustaqlara çatmır. Həbsdə olarkən xaricdən yanımıza nümayəndələr gəlmişdi. Mən və Arif Alışlı ilə görüşdülər. Qışın soyuğunda işıq yanmırdı. Rəisin otağında şam yanırdı. İşığın sönməsi bəhanəsi ilə onları baraka buraxmadılar. Dedilər, rəisin otağı necədirsə, ora da elədir. 17 saylı CÇM-də məhkumun səsinin kənara çıxmasına imkan vermirlər. Tez- tez baraklarda “şmon” (yoxlama) olurdu. Barakda vəziyyətlə bağlı video çəkiliş aparılıb dünyaya yayılsa biabırçılıq olar. Çünki dünya biləcək ki, burada insan saxlanmaz. Azərbaycan Avropa Penitensiar Konvensiyasına qoşulub. Amma konvensiyanın müddəalarına əməl olunmur. 17-ci “kolon”da “Vest” siqareti 1 manat 20 qəpiyə satılırdı. Bazarda isə 80 qəpikdir. 30 qəpiklik çörəyi dustağa 70-80 qəpiyə satırdılar. Çünki “içəri”nin çörəyi yeməli deyil. Hamam 1 manatdır. Müalicəyə getmək 150 manat, qapalı rejimdən müalicəyə getmək isə 300-500 manatdır. Ömürlük məhbusun müalicəyə getməsi işinə birbaşa Mədət Quliyev baxır. Nazim Ələkbərovun vaxtında korrupsiya olub, amma belə vəhşiliklər olmayıb. Mədət Quliyev gələndə inam artdı ki, qanunlar olacaq, qaynar xəttə şikayətlər deyiləcək. Amma əksi oldu. Azərbaycan həbsxanaları orta əsr zindanlarına oxşayır. İşgəncə faktları ilə bağlı tədbirə Elçin Behbudovu, ombudsmanı, Penitensiar Xidməti dəvət etmişdik, amma gəlmədilər. Susmaqla cinayətlərə göz yumurlar”. Keçmiş vicdan məhbusu olan Elnur Məcidli cəza çəkdiyi 17 saylı həbsxanada vəziyyətin ağır olduğunu bildirir; «Qanunla hər məhkuma normaya uyğun olaraq 20 kvadratmetr yer düşməlidir. Ancaq hər məhkuma 4 kvadratmetr yer düşürdü. Həm də vərəmli, AIDS-li məhbuslar sağlamlarla bir yerdə saxlanılırdı. Qışda xüsusilə çətin olurdu. Soyuq olduğu üçün məhkumlar hamısı baraklarda olurdu. Hamı siqaret çəkir. Oradakı havasızlığı təsəvvür edin. Qidalanma yüksək səviyyədə deyildi, suda isə problem yox idi. Tibbi müəssisədə iki həkim vardı. Dərmanlar mütəmadi verilmirdi. Ventilyasiya hər korpusda yox idi. Görüş otaqları çox bərbad vəziyyətdə idi. Qışda istilik demək olar ki, yox səviyyəsində idi». Yeri gəlmişkən bir daha qeyd edək ki, 17-saylı CÇM Azərbaycandakı olan qanunlara uyğun gəlmir - orada ümümi və ciddi rejimə məhkum olan dustaqlar saxlanılır- hansı ki bu müəssisə qapali rejim qaydalarına çavab verir. Daha çox regionlarda yaşayan dustaqlar üçün nəzərdə tutulan Salyan rayonunda yerləşən Xələc Cəza Çəkmə Müəssisəsində vəziyyət digər həbs yerlərində olduğu kimidir. Sözü gedən həbsxanada cəza çəkmiş keçmiş vicdan məhbusu Rüfət Hacıbəyli ordakı vəziyyəti belə xarakterizə edir; “Qeyri-qanuni olaraq karantin müddətində dustaqların fiziki işlərdə işlədilməsi, imtina edildikdə isə fiziki təzyiqlərə məruz qalması adi haldır. Bu CÇM- də saxlanan 2 minə yaxın dustaq 3 ədəd kiçik soyuducudan istifadə etmək məcburiyyətindədir. Bir dustağın hətta bilməyərəkdən etdiyi səhvə görə bütün dustaqların cəzalandırılması adi haldır (bir nəfərə görə bütün dustaqların yataqxanası gündüz vaxtı qeyri qanuni bağlanır). Müəssisədə ciddi su problemi mövcuddur. Cərimə təcridxanasına salınan dustaqlar elə hallar olur ki, şiddətli şəkildə döyülür. Dustaqların yataqxanasında havalandırma sistemi yoxdur. Hər barakda (yataqxanada) 120-ə yaxın dustaq bir yerdə yatır. Spid, hepatit, vərəm xəstələri sağlam məhkumlarla bir yerdə saxlanılır. Tibb məntəqəsi bərbad haldadır, yeməklər keyfiyyətsizdir və s.” Məhbuslara verilən yeməyin keyfiyyəti barədə. Istər İstintaq Təcridxanalarında, istərsə də Cəza Çəkmə Müəsissələrində məhkumlara verilən yeməyin keyfiyyəti çox aşağıdır. Minlərlə məhkumların 20- 30%- i bu yeməklərdən istifadə edir, böyük əksəriyyət isə evdən gələn ərzaqla qidalanırlar. Dövlətin hər məhkum üçün ayırdığı ərzaq normasının həcmini və hara getdiyini bilən yoxdur. Təəssüflər olsun ki, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Penitensiar Xidmətə rəsmi sorğu ilə müraciət edərək Azərbaycanda bir məhbusun saxlanmasının dövlətə hansı həcmdə maliyyə vəsaitinə başa gəldiyini öyrənmək istəsə də adı çəkilən qurum qanunvericiliyə zidd olaraq bu məlumatı verməkdən imtina edıb. Amma Avropa Şurası ekspertlərinin apardığı hesablamalara görə, Azərbaycanda 1 dustağın saxlanmasına 2010-cu ildə gündəlik 8,79 avro ayrılıb. Avropa ölkələri ilə müqayisədə bu rəqəm azdır. Dustaqların ərzaq təminatının ödənməsi üçün ayrılan maliyyə vəsaiti onlara faktiki olaraq verilən ərzaq, qida maddələri və yeməyin keyfiyyəti və həcminə adekvat deyil. Həbsxana və müvəqqəti saxlama təcridxanalarındakı vəziyyətə beynəlxalq baxış. Azərbaycandakı saxlama və həbs yerlərində vəziyyətlə bağlı vaxtaşırı olaraq beynəlxalq təşkilatlar və qurumlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi, ABŞ Dövlət Departamenti, Amnestyu İnternational, Human Rights Watch təşkilatı və s.) tərəfindən açıqlanan hesabatlarda məlumat və münasibətlər yer alır. Bu istiqamətdə son 3 ildə yayılan hesabatları ümumiləşdirsək bu qənaətə gəlmək olar ki, Azərbaycanda həbsxana şəraiti ağır olaraq qalmışdır və infrastrukturun təkmilləşdirilməsinin davam etdirilməsinə baxmayaraq bəzi həbsxanalardakı şərait həyat üçün təhlükəli olmuşdur. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yoluxucu xəstəliklərin yayılması probleminə səbəb olmuşdur (ABŞ Dövlət Departamentinin Hesabatından; http://photos.state.gov/libraries/azerbaijan/749085/hajiyevsx/az_hrr_2011_aze.pdf). Hesabatda qeyd olunur ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir. Dövlət orqanları məhbusların fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri ilə görüşlərə məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox az sayda imkanlar var. Keçmiş məhbusların bildirdiyinə əsəsən gözətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırmışlar. Həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxumuşdur. Həbsxana uçot sistemi lazımi səviyyədə təşkil edilmişdir. İstintaq təcridxanalarında uzun müddət ərzində- 18 aya qədər saxlanma halları baş vermişdir. Baş prokuror müntəzəm şəkildə qanunla icazə verilən məhkəmədən əvvəl ilkin üç aylıq saxlama müddətini istintaq başa çatana qədər sonradan bir neçə ay müddətinə uzatmışdır. Məhkəmələrdə dustaqlar üçün müvəqqəti saxlanma yerlərində vəziyyət. Dustaqların hüquqları təkcə İstintaq Təcridxanalarında deyil, onların məhkəmələrə gətirilməsi və məhkəməyə çıxarılmasına qədər olan dövrdə və yerlərdə də pozulur. Belə ki, məhkəməsi olan dustaqlar səhər erkən Təcridxananın toplaşma məntəqəsinə (dustaqlar bu yerə “boks” deyirlər- red.) gətirilir və bəzən onlar burda saatlarla gözləməli olurlar. Daha sonra dustaq maşınlarında (“voronok”- da) məhkəmələrə aparılır. Bəzən dustaqlar “Varonok”- lara “ölüm maşını” deyirlər. “Varonok”- ların dustaq yerləşən hissəsi 2 yerə bölünür. Hər bölümdə 4 nəfər yerləşə bilər. Amma bəzən hər bölümə 8- 10 nəfər güclə yerləşdirilir. Həmin yerlər tam bağlıdır, hava gələn yeri yoxdur. Kifayət qədər narahat və üzücüdür. Qışda soyuq, yayda isə isti olur (bəzilərində isitmə və sərinləşdirmə sistemi yoxdur, ya da işləmir). Bakıdan rayonlara və əks istiqamətdə aparılan (“etap olunan”- red.) məhbuslar adətən qatarlarda xüsusi dustaq vaqonlarında (məhkumlar arasında bu vaqonlara “stollipinlər” deyilir- red.) daşınır. Bu vaqonlar kifayət qədər narahat və üzücüdür. Dustaqların əziyyət çəkdiyi digər yerlər məhkəmələrin saxlanma yerləridir. Əksər məhkəmələrin saxlanma yerləri zirzəmilərdən (podvallardan) ibarətdir və orda vəziyyət olduqca dözülməzdir. Bəzən bu yerlər zirzəmilərdə darısqal, yöndəmsiz otaqlar olur, havasız və ağır qoxuludur. Məhkəmə günləri səhər saat 08- dən saxlandığı kameradan çıxarılan dustaq axşam saat 18, bəzən 19 00- da kameraya qaytarılır. Bütün bu müddət ərzində o ya darısqal, narahat “varonok”- larda, ya həbs yerinin və ya məhkəmənin yarı zirzəmi olan gözləmə yerlərində ac- susuz gözləyirlər və ya “gün keçirirlər”. Məhz bu vəziyyətə görə dustaqın məhkəməyə çıxdığı gün onun üçün ən ağır, çətin günlərdən biridir. Məhkəməyə çıxarılan dustaqların problemi bununla da bitmir. Məhbuslar üçün rüşvətxorluq və ədalətsizliyin tüğyan elədiyi yerlərdən biri də məhkəmələrdə, xüsusən Bakı və rayon məhkəmələri, Bakı Ağır Cinayyətlər Məhkəməsi, Bakı Apelliyasiya Məhkəmələrindəki dustaqlar üçün olan müvəqqəti saxlanma yerləridir. Məhkum məhkəmə zalına gedənə qədər, yaxınlarına zəng etmək istəyirsə bu zəng üçün pul istənilmir. Əgər zəng vurduğu yaxını görüşə gəlirsə dustaq mütləq 50- 100 azn. pulundan keçməlidir. Məhkəmə “konvoylarına” heç bir yalvar- yaxar kömək etmir, çünki “konvoyların” dediyinə görə hər ekipajda “KONVOY” rəisinin adamı olur. Hesablaşma dəqiq müəyyən edilmiş qiymətlə aparılır ki, rəislə əməkdaşlar arasında konflikt olmasın. Başqa məhkumlardan fərqli olaraq “burjuylar” üçün burada hər şərait var, saatlarla görüşlər və s. Bəzi keçmiş məhkumların bildirdiyinə görə məhkəmə konvoyları üçün heç bir ədalət və vicdan prinsipi mövcud deyil, çünki dustağa verilən dövlət “payokunu” da mənimsəyirlər və bunun nəticəsində məhkumlar məhkəmədən ac qayıdırlar (!?) Mərkəzi Hospitalda vəziyyət. Ədliyyə nazirliyinin Mərkəzi hospitalında müalicə almış keçmiş məhkumların verdiyi məlumata görə adı çəkilən müəssisədə saxlanma şəraiti və mualicə acınacaqlı vəziyyətdədir. Şöbələrdə antisanitariya hökm sürür. Hər şöbədə (100 - 120) xəstə ücün bir sanitar qovşagı var, palatalarda muxtəlif xəstəliklərdən (vərəm, Hepatit, SPİD və s.) əziyyət çəkən dustaqlar bir yerdə yerləşdirilir. CÇM- dən hospitala “naryad” almaq ücün sistemləşdirilmiş şəkildə rüşvət verilməlidir. Qapalı və xüsusi tipli rejimlər ücün “naryad” sirf Penitensiar Xidmətin göstərişi ilə verilir. Narkomaniyadan mualicə yalnız kağiz üzərində aparılır. Bu cür “mualicəni” almamış məhkum cəza müddətindən əvvəl azad ola bilmir- ona görə tələb olunan rüşvəti verməyə məçbur olur. Qobustan qapalı həbsxanasındakı vəziyyət Və ya ömürlük həbs cəzasına məhkum edilənlərlə bağlı Qobustan qapalı həbsxanası daha çox ağır cinayət törətmiş və ya ağır cəzaya məhkum edilmiş dustaqların saxlandığı yerdir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, eləcə də müşahidəçilər Qobustan qapalı həbsxanasındakı şəraitin pis olması barədə məlumatlar təqdim edirlər. Qobustanda saxlanılan, eləcə də ömürlük həbs cəzasına məhkum edilənlərin saxlanma şəraiti və hüquqları ilə bağlı vəziyyət onların ailə üzvlərinin verdiyi məlumata görə daha acınacaqlı vəziyyətdədir. Oğlu ömürlük həbc cəzası alan və 17 ildir ki, Qobustan Qapalı həbsxanasında saxlanılan Müslümat Rzaxanovun bildirdiyinə görə bu növ kateqoriyadan olan məhbuslar içində öz hüquqlarını müdafiə edən, köməyi, dayağı olmayan, imkansız dustaqlara qarşı demək olar ki, repressiv şərait yaradılıb. “Onlara qarşı edilən zorakalıq və insan ləyaqətini alçaldan digər cinayət xarakterli hərəkətlər barədə Ədliyyə nazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına, Prezidentə və s. ünvanlara göndərilən məktublara ciddi senzura tətbiq edilir, əksər hallarda məktublar ünvanlarına göndərilmir. Şikayət edən məhbuslara qarşı xüsusi rejim tətbiq edilir. Hətta xəstə məhbusla bir kamerada saxlanılan məhbus kamerasının dəyişdirilməsini tələb etdikdə 10 sutka cərimə təcridxanasında cəza verilir. Öz vəsaitləri hesabına təmir etdirdikləri kameradan çıxarılıb tamamilə təmirsiz, yararsız kameraya köçürülür. Məhbuslar arasında onların imkanlarına uyğun olaraq fərq qoyulur. Bəzi məhbuslar müasir radio və televiziya verilişlərinə baxmaq imkanı ilə təmin edildikləri halda digər imkansız dustaqlar bundan məhrum edilir. Məhbuslara mətbuatdan (qəzet və jurnaldan) istifadə etmək yasaqdır. Ən ağırlısı isə məhbuslara göstərilən tibbi xidmətin yararsız, keyfiyyətsiz olması ilə bağlıdır. Müəssisənin tibbi- sanitar şöbəsinin müdiri Niyazi Eyvazov tibbi yardıma ehtiyacı olan dustaqlar arasında fərq qoyur, imkansız məhbuslara tibbi yardım göstərilmir, onlar tibb məntəqəsinə, həkim nəzarətinə ən vacib halda ehtiyac olduqda belə köçürülmür. Burda hər şey pulla alınıb satılır. Bu yaxınlarda həbsxanaya dövlət tərəfindən məhbuslara paylanması üçün məişət avadanlıqları, geyim əşyaları verilib. Lakin həbsxana rəisinin göstərişi ilə bu əşyalar “xüsusi” məhbuslara verilib. Problemlərdən ən əsası telefon danışıqlarına qoyulmuş məhdudiyyətdir. Bir neçə ay öncə tətbiqinə başlanılmış “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna görə ömürlük məhbuslara həftədə bir dəfə telefon danışıqları verilməli halda buna həbsxana rəsi iməhdudiyyət qoyub. Bir çox hallarda məhbusun valideyninə və yaxınların yalan məlumat verərək “məhbus danışmaq istəmir” deyirlrə. Ən ağır repressiv təzyiqlərə məruz qalanlardan biri də mənim oğlum Rzaxanov Şakirdir. İstər oğlum, istərsə də mən bu repressiyalara son qoyulması üçün əlaqədar şəxslərə etdiyimiz müraciətlər nəticəsində oğluma saxta ittihamlar tərtib edilir, sənədləri yarasız hala salınır. Oğlum telefon danışıqlarından tez- tez məhrum olunmaqla yanaşı rəisin göstərişi ilə onun hər hansı müraciətlərinə qadağa qoyulur. Belə hərəkətlər şikayət edən, hüququnu müdafiə edən məhbuslara tətbiq edilir. Uzun illər oğlumun etibarnaməsi ilə ona hüququ yardım göstərmişəm. Hazırda onun etibarnaməsində imzası təsdiq olunmur. Bütün bu halların Penitensiar Xidmətin rəhbərliyinin nəzarətində olduğuna şübhə etmirəm. Bunları və digər halları təsdiq edəcək müraciətlər mövcuddur. Mən bunları təqdim edə bilərəm”. Yeri gəlmişkən qeyd edək ki, məhbuslar arasında hazırda problem olan və hüquqları tapdanan dustaqlardan bir hissəsi də ömürlük həbsə məhkum edilmiş şəxslərdir. Onlar haqqında məhkəmə qərarı çıxarılarkən (1990- cı illərin sonlarında- red.) Azərbaycanda ölüm hökmü mövcud idi. Sonradan ölüm hökmü ləğv edilsə də həmin məhbusların cəzaları müddətsiz olaraq ömürlük həbs cəzası ilə əvəz edildi. Həmin məhusların özləri və yaxınları bir neçə dəfə onların məsələsinə yenidən baxılması təşəbbüsü ilə çıxış ediblər. Hətta bu yaxınlarda “ömürlük məhbuslar”- ın bir hissəsi uzun müddətli aclıq aksiyası keçirərək ictimai diqəti bu problemə yönəltməyə çalışdılar. Aidiyyatı qurumlar arasında məsələyə münasibət fərqli olduğundan problemin nəinki həlli hətta müzakirəyə çıxarılması belə yaxın zamanlarda real görünmür. Həbs olunmuş şəxslərə qarşı işgəncə halları Və ya işgəncə, qəddarlıq, qeyri-insani yaxud ləyaqəti alçaldan davranış, cəzasızlıq Həbs edilən şəxslərə qarşı insan ləyaqətini alçaldan münasibətin göstərilməsi, onların qəddarlığa və işgəncələrə məruz qalması faktları qeydə alınıb. Halbu ki, ölkə Konstitusiyası və Cinayət Məcəlləsi həbs edilən şəxslərə qarşı işgəncə əməllərini qadağan edir və buna görə ağır cəza nəzərdə tutulur. Buna baxmayaraq həbs olunan bir çox dustaqların, onların yaxınlarının, vəkillərinin verdiyi məlumata əsasən təhlükəsizlik qüvvələri saxlanılan şəxsləri etiraf edici ifadələr almaq, qorxutmaq və s. məqsədilə döymüş, nümayişçiləri və jurnalistləri təhqir etmiş və hərbiçilər öz tabeçiliyində olanlara qarşı fiziki təzyiq göstərmişlər. Bu barədə son illər ABŞ Dövlət Departamenti və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti başda olmaqla bir sıra nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla bağlı dərc etdikləri hesabatlarda geniş məlumatlar yer alır. Məlumatlara əsasən bu cür pis rəftar hallarının əksəriyyəti saxlanılan şəxslər polis məntəqələrində olduqları müddətdə baş vermişdir və bir çox saxlanılanların bildirdiyinə əsasən onlara qarşı edilən təzyiqlər istintaq təcridxanalarına aparıldıqdan sonra dayandırılmışdır; “Təhlükəsizlik qüvvələri il ərzində təcridxanada olan 136 nəfərə işgəncə vermiş və ya pis rəftar etmişdir, 2010-cu illə müqayisədə bu rəqəm 2011- ci ildə 169 nəfər təşkil etmişdir; ən azı doqquz nəfər şəxs təcridxanada həyatını itirmişdir. Cəzasızlıq problem olaraq qalmışdır. Verilən məlumatlara əsasən pis rəftar olunduqlarını iddia edən saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı dövlət orqanları de- fakto qadağa qoymuşdur və onların vəkillə təmin olunmalarını yubatmışdır”. Təəssüflə qeyd etmək lazımdır ki, vəziyyətin yaxşılaşması əvəzinə bu sahədə durum ümum ölkə fonunda (yəni ölkədə rejimin sərtləşməsi, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, internet üzərində nəzarətin gücləndirilməsi, ictimai- siyasi fəalların qanunsuz həbslərin artması və s.) pisləşməyə doğru getməkdədir. Son illər həbs yerlərində məhbuslara işgəncə vermə halları davam edib. Zaqatala rayon sakini Pərviz Mikayılovun yaxınlarının bildirdiyinə, təqdim etdikləri foto şəkillərə, şahid ifadələrinə və digər sübutlara görə döyülərək öldürülüb. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı fəalı İlham Əmiraslanov həbs olunarkən Sabirabad Olimpiya Mərkəzində stola bağlanılaraq vəhşicəsinə döyülüb. Döyülmə nəticəsində daxili orqanları ağır zədə alıb, sol qulaq pərdəsi cırılıb. Ona ağır işgəncə, insan ləyaqətini alçaldan formada, başına Makarov tipli tapança dayayaraq silah gücünə etiraf edici ifadə alıblar. Maraqlıdır ki, DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən işgəncə altında ifadə alma əməliyyatı montaj edilərək 2012- ci ilin iyun ayında İctimai Televiziyada nümayiş olunub və bu hərəkətə görə bu günə qədər heç kim cəzalandırmayıb. Etiraf edici ifadələrin alındığı süjetin xalqın, ictimaiyyətin televiziyası hesab olunan İTV ekranına necə, kimlər tərəfindən çıxarılması sualına cavab verilməyib. Narkotik maddələr əldə etmək və saxlama (maddə 234.1) maddəsi ilə ittiham olunan ictimai dini fəal Taleh Bağırovun özünün, yaxınlarının və vəkilinin verdiyi məlumata görə həbs olunduqdan sonra DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində və Bakı İstintaq Təcridxanasında döyülərək işgəncə verilib. O qanunsuz həbsi ilə bağlı ölkə ictimaiyyətinə və Qərb ölkələrinə müraciət etdikdən sonra saxlandığı Bakı İstintaq Təvridxanasının rəisi Azər Seyidov tərəfindən təhqi edilərək ölümlə hədələnib.
Məhbuslara işgəncə verən vəzifəli şəxslərin QARA SİYAHISI; Həbs edilən şəxslər bəzi hallarda həbs olunduqları ilk günlərdən işgəncəyə məruz qalırlar. İşgəncə halları hətta dustaqların cəza çəkdikləri CÇM- lərində olduğu müddətdə də baş verib. Həbs həyatı yaşamış, işgəncəyə məruz qalmış məhbusların bildirdiyinə görə aşağıda adları qeyd olunan şəxslər dustaqlara daha çox işgəncə veriblər; 11.
Sorğu
Yeni dizaynımız necədir?