Keçmiş vicdan məhbusları Nemət Pənahlının səsinə səs verdi
gundemxeber.az Son günlər 17 saylı Cəza Çəkmə Müəssisəsində baş vermiş ölüm və işgəncə faktı ilə bağlı “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bəyanat qəbul edib. Alyansın koordinatoru Oqtay Gülalıyevin bizə verdiyi məlumata görə adı çəkilən Cəzaçəkmə müəsisəsindəki bəziyyət ciddi narahatlıq doğurur. Bəyanatda deyilir: “Son günlər Ədliyyə nazirliyi Penitensiar Xidmətin nəzdində fəaliyyət göstərən Cəza Çəkmə Müəssisələrində məhbuslara işgəncələrin verilməsi və onların bu işgəncə sonunda dünyalarını dəyişməsi və ya intihar etməsi ilə bağlı həyacanlı məlumatlar yayılır. Xüsusən, Zaqatala rayonu Yuxarı Tala kənd sakini məhbus Pərviz Mikayılovun ölümü ilə bağlı ziddiyyətli məlumatlar var. Belə ki, Penistensiar Xidmət adı çəkilən məhbusun intihar etdiyini, məhbusun anası Fatma Əliyeva isə oğlunun işgəncə ilə öldürüldüyünü bildirir. Onun dediyinə görə oğluna Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində işgəncə veriblər və dekabrın 17-də Penitensiar Xidmətdən zəng vurub oğlunun intihar etdiyini bildiriblər. Ana oğlunun kəllə sümüyünün sındığını, bədənində açıq zədələr olduğunu bildirib. Digər bir hadisə isə 17 saylı Cəza Çəkmə Müəsisəsində baş verib. Bir sıra tanınmış ictimai- siyasi fəalların cəza çəkdiyi sözü gedən müəssisədə baş verən qanunsuzluğa, korrupsiya və normal saxlanma şəraitinin olmamasına etiraz edən dustaqları sakitləşdirmək üçün ordu hissələrindən istifadə olunub. Dustaqlara işgəncə verilib. Dustaqlara verilən işgəncələrə etiraz etdiyi üçün “karsa” salınan məhbus Nemət Pənahlı ictimaiyyətə ünvanladığı məktubda üzləşdiyi dəhşətli mənzərəni belə təsvir edib; “.. O gecə o dustaqlara edilən zülmü, işgəncəni təsvir etmək çox çətindir. 2-3 saat ərzində işgəncə edilən bu dustaqlara dayanmadan it kimi hürmək, müxtəlif heyvanların səslərini çıxarmaq əmr olunur, hər cür təhqir, nalayiq söyüşlər yağdırılır və sonra da qəh- qəhələr göyə qalxırdı. Bunu edənlərin ümumiyyətlə azərbaycanlı olduqlarına belə inana bilmirdim. Çünki mən bu cür işgəncələrin azərbaycanlılara yalnız ermənilər tərəfindən verildiyini eşitmişdim. Bu açıqdan açığa cinayət idi və səbəb nə olursa olsun bu davranış qeyri-qanuni davranış idi. O gecə mən bütün olanlara etiraz əlaməti olaraq aclıq aksiyasına başladım. 5 gün müddətində müəssisəyə yeni təyin olunmuş rəis əvəzi Arif Mirzəyev məndən əvvəlcə xoş dillə, sonra isə təhdidlə aclığı dayandırmağımı tələb edib. Mən aclığı dayandırmadığıma görə Arif Mirzəyev mənə daha 5 gün karser cəzası təyin etdi. Karserdə saxlananlardan 4 nəfərə isə yenidən cinayət işi açılıb. Bütün bu məlumatları verərək mən ölkə rəhbərini də, bütün aidiyyatı orqanları, hüquq müdafiəçilərini və eləcə də millət vəkillərini gözümlə gördüyüm bu cinayətə, bu qanunsuzluq və vəhşətə münasibət bildirməyə çağırıram. Hal-hazırda mən 12 gündür ki, narazılıq əlaməti olaraq aclıq aksiyasını davam etdirirəm...”. N. Pənahlının dediklərini buna yaxın formada digər mənbələr də təsdiqləyir. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı məhbuslara qarşı edilən bu vəhşiliyə, işgəncə faktlarına kəskin etirazını bildirir, Penitensiar Xidmətin rəisi Mədət Quliyevdən bu özbaşınalığa, qanunsuzluğa, dərəbəyliyə cavab verməsini, aydınlıq gətirməsini tələb edir. Təəssüf doğuran haldır ki, Penitensiar Xidmətə dəfələrlə müraciət edilməsinə baxmayaraq sözü gedən qurum keçmiş vicdan məhbusları və bir qrup hüquq müdafiəçiləri tərəfindən yaradılan “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansını Cəza Çəkmə Müəssisələrinə daxil olmaq, orda monitorinqlər aparmaq, məhbuslarla görüşmək, onların problemlərini araşdırmaq, dustaqların saxlanma şəraiti ilə tanış olmağa icazə vermir. Bunun özü göstərir ki, Penitensiar Xidmət Cəza Çəkmə Müəssisələrini cəmiyyətdən, ictimai nəzarətdən tam təcrid edərək qapalı zonaya çevirmək, orda öz bildiyini etmək istəyir. Bu isə həm yerli, həm də beynəlxalq hüquq normalarına, eləcə də Avropa Penitensiar Qaydalarına daban- dabana ziddir. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bir daha Penitensiar Xidməti hüquq müdafiəçiləri və ictimai birliklərə fərq qoymadan həbs yerlərinə daxil olub monitorinqlər aparamağa şərait yaratmağa çağırır. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı İnsan Hüquqları üzrə Müvəkkil Elmira xanım Süleymanovaya müraciət edərək yixarıda qeyd olunan ölüm və işgəncə faktının araşdırmağa çağırır. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı ATƏT başda olmaqla beynəlxalq qurumları və xarici ölkə səfirliklərini ictimai birliklərin həbs yerlərinə maneəsiz daxil olub dustaqlarla görüşmək, onların problemlərini araşdırmaq üçün aidiyyatı dövlət qurumlarına təsir etməyə və yuxarıda qeyd olunan ölüm- işgəncə faktını araşdırmağa çağırır. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı məhbus Nemət Pənahlını aclıq aksiyasını dayandırmağa, aidiyyatı qurumları isə baş verən özbaşınalıqlara və qanunsuz hərəkətlər barədə ciddi ölçü götürməyə çağırır.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?