Moskva ilə isti münasibətlər hakimiyyətin inhisarından çıxıb; Kremlin Azərbaycandakı müttəfiqi dəyişir; Qərblə-Rusiya arasında növbəti döyüş Azərbaycandan başlayacaq Seçki ilində hakimiyyətlə bərabər müxalifət də ciddi suallar qarşısındadır. Uzun illər ərzində aparılan ağır və nəticəsiz mübarizənin finalı yaxınlaşır. Ötən dövrlərlə müqayisədə bir sıra problemlər həllini tapsa da yeni situasiya müxalifəti gözləmədiyi duruma salıb. Həllini tapan problemlər sırasında hakimiyyətə beynəxalq münasibətin tədricən bir rəng almasını, əhalinin total narazılığını, bu günə qədər etiraz etməyən təbəqələrin siyasi proseslərə qatılmasını, sosial şəbəkələr, internet saytları vasitəsi ilə informasiya blokadasının dağıdılmasını və nəhayət gənclərin mübarizənin avanqard qüvvəsinə çevrilməsini göstərmək olar. Amma bütün müsbət işarələrə rəğmən müxalifət daxili problemlərini hələ də həll edə bilməyib. Seçkilərdə iştirak, hakimiyyətə qalib gəlməyin yolları barədə mövqelər üst-üstə düşmür. Bir neçə cinaha bölünmüş siyasi qüvvələri ortaq nöqtəyə gətirmək, vahid komanda yaratmaq və əsas namizəd müəyyənləşdirmək kimi problemlər Milli Şura çətiri altında həll olunsa da strateji istiqamətdə ciddi suallar hələ də cavabsız qalır.
Mövqe döyüşlərinə hazırlıq görülür Ötən 20 ildə sübut olundu ki, Azərbaycanda hakimiyyət dəyişikliyi xeyli dərəcədə bölgədə maraqları olan güclərin mənafeləri çərçivəsində baş verib. Elçibəy iqtidarının devrilməsindən sonra Rusiya və Qərb bu məsələdə son anda olsa belə ortaq məxrəcə gəlməyə nail olublar. 2013-cü il seçkilərinin nəticələri regiondakı əsas oyunçular üçün olduqca mühümdür. İstər Rusiya, istərsə də Qərb böyük proyektlər üzərində işləyir. Putin iqtidarı Avrasiya İttifaqı və Gömrük Birliyi layihələri ilə Rusiyanın postsovet məkanında nüfuz dairəsini möhkəmləndirmək, Avropa İttifaqı və NATO isə genişlənmə proqramları ilə keçmiş sovet respublikalarını nüfuz dairəsinə daxil etmək istəyir. Dünyanın fövqəlgücü ABŞ hər iki layihənin əsas iştirakçısı olaraq Rusiyaya qarşı mübarizənin ağırlığını üzərində götürüb. Kremlin siyasətində nə dəyişib? Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanda seçkilər çox mühüm zamana təsadüf edir. Xüsusilə son TAP qərarından sonra rəsmi Bakı ilə Qərbin, xüsusilə ABŞ-ın münasibətlərində yaxınlaşma hiss olunduğu halda Kremldən bunun əksi olan mövqe sezilir. Son bir ildə Azərbaycana ardıcıl təzyiq mexanizmlərinə nəzər yetirdikdə bu siyasətin konturları açıq görünür. Putin iqtidarı Rusiyada çalışan həm sadə azərbaycanlılardan, həm böyük imkanlara sahib olan milyarderlərdən, həm də Azərbaycan hökumətinin içindəki rıçaqlarından istifadə edir. Azərbaycanda bir xeyli siyasətçi, politoloq, yazar və qəzetlər yeri gəldi-gəlmədi Rusiya təhlükəsini qabartmaqla bu kampaniyada rol oynayır. Bu situasiya müxalifət üçün yenidir, şübhəsiz ki, hakimiyyətə qalib gəlmək üçün hazırlanan strategiyada beynəlxalq güclərin dəstəyini əldə etmək mühüm yer tutacaq. Əvəzsiz dəstəklərin əvəzi istənilir Amma bir-birinə əks olan Rusiya və Qərbin maraqlarını uzlaşdıracaq komanda qurmaq mümkün olacaqmı? Müxalifət düşərgəsində əsas partiyalar xalq hərkatından çıxıb və ölkənin Avroatlantik məkana inteqrasiyasında maraqlı olduqlarını bəyan edirlər. Azərbaycan siyasi məkanında Rusiyaya açıq simpatiya ifadə edən iri siyasi qüvvələr mövcüd deyil. Müstəqillik mübarizəsində verilən qurbanlar, Qarabağın itirilməsi, Ermənistanın Rusiya tərəfindən hərtərəfli dəstəklənməsi cəmiyyətdə Şimal ölkəyə qarşı mənfi münasibət formalaşdırıb. Həm buna görə, həm də millətçi partiyaların dominatlıq etdiyi siyasi məkanda Rusiya meyilli siyasi partiya qurmaq cəhdləri həmişə uğursuzluğa düçar olub. Hakimiyyət bu boşluqdan məharətlə istifadə edərək bölgənin əsas oyunçusu ilə isti münasibətləri öz inhisarına alıb. Putinin ikinci hakimiyyət dönəminə qədər Rusiya-Azərbaycan münasibətlərində problemlər yaşanmayıb. Kreml bütün seçkilərdə Bakıya əvəzsiz və həlledici dəstək verib.
Hakimiyyət təhlükəni başa düşdü, bəs müxalifət reallığı necə dəyərləndirəcək? Açıq göründü ki, hakimiyyət Rusiya faktoru ilə hesablaşmaq zorunda qaldı, Qərblə münasibətləri gərginləşdirmək xəttinə qayıdaraq Kremldən dəstək umduğunu nəzərə çarpdırdı. Amma Putin bu istəklərə «Azərros»un sədri Söyün Sadıqov vasitəsi ilə cavab verdi. S.Sadıqnov açıq mətinlə dedi: «Moskva Azərbaycanda keçriləcək prezident seçkilərində Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə önəm verən siyasi qüvvəni dəstəkləyəcək. Kremlin Avrasiya İttifaqı və Gömrük Birliyi layihələrinə dəstək verilməlidir». Bu bəyanatdan çıxan əsas nəticə odur ki, Moskva Azərbaycan hakimiyyətinin səmimiyyətinə inanmır, onu kokret addımlar atmağa çağırır. Həmçinin alternativ qüvvələrə siqnal verir ki, Rusiya onları da yuxarıda qeyd olunana şərtlər daxilində dəstəkləyə bilər. Yeni situasiya bundan ibarətdir. Azərbaycan müxalifəti Rusiya faktorunu həmişəki kimi gözardımı edəcək, yoxsa fərqli strategiya seçəcək? Milli Şurada dad aha çox nəzərə çarpan Rüstəm İbrahimbəyov və onun qruplaşmas- Rusiyaya bağlı sayılan şəxslərdir. O da faktdır ki, müxalifətdə olan ənənəvi qərpərəst liderlər 2013-cü il seçkilərində iri plandaolmayacaqları ilə razılaşmalıdırlar. Keçid hökumətini Rusiyanı ən azı qıcıqlandırmayan namizədin formalaşdırması qaçılmazdır. Komandanın seçki platformasında Rusiyanın adı Qərblə bərabər böyük hərflərlə yazılmalıdır. Elçin Əmirov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?