Prezident 2005-ci ili xatırlatdı: “Bizə şərt qoyurdular ki, polisləri cəzalandıraq...Bəyan edirəm ki, heç vaxt polis cəzalandırılmayacaq”
“2005-ci ildə bəzi qüvvələr qondarma “narıncı inqilab”a cəhd edəndə bunun qarşısını polis aldı. O vaxt vəziyyət indiki kimi deyildi. Bizə xaricdən təzyiqlər edilirdi. Şərt qoyurdular ki, polisləri cəzalandıraq. Hanısa artıq hərəkətlərə yol verildiyinə görə polislərin cəzalandırılmasını tələb edirdilər. Hansı ki, indi vəziyyət dəyişib, heç kim bizə təzyiq göstərə bilməz. Mən o vaxt bu şərtləri rədd etdim və polisi qorudum”. Bu sözləri prezident İlham Əliyev bu gün iyulun 2-də polis günü münasibətilə Polis Akademiyasında təşkil olunmuş mərasimdə çıxışı zamanı deyib. Prezidentin mərasimdəki çıxışını AzTV yayımlayıb.
Dövlət başçısı daha sonra bildirib ki, o axıradək polisin arxasında olacaq: “Bəyan edirəm ki, heç vaxt polis cəzalandırılmayacaq”. İlham Əliyevin bu sözləri mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Prezident çıxışında müxalifət barədə də danışıb və bildirib ki, “satqın, antimilli ünsürlər” özlərinə “böyük qardaş” axtarışındadır. “Onlar müstəqilliyin nə olduğunu dərk edə bilmir, qul, kölə psixologiyası ilə yaşayırlar. Öz şəxsi maraqları naminə kim olsa əlini öpməyə, qarşısında diz çökməyə hazırdırlar. Lakin xalq müdrikdir, hər şeyi görür. Kimin müstəqilliyin qarantı, kimin satqın olduğu hamıya aydındır” dövlət başçısı bildirib.
2005-ci ildə “narıncı inqilab” cəhdinin qarşısının polis gücüylə alındığına eyham edən dövlət başçısı bildirib: “Əgər kimlərsə yenidən bizim gücümüzü sınamaq istəyirsə biz hazırıq”. Prezident daxili qoşunların da ölkədə stabilliyi, asayişi qorumağa hər an hazır olduğunu vurğulayıb. O, çıxışında Azərbaycanı “öz yanına çəkmək istəyən qüvvələrin” olduğunu, gələcəkdə də olacağını bildirib. Lakin deyib ki, Azərbaycanın siyasəti müstəqildir və heç kimdən asılı deyil. (müsavat.com)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?