Moderator.az bununla bağlı YAP-ın və müxalifət təmsilçisinin münasibətini öyrənib
“Bu ayın sonunda qurultayımızı keçirib, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın prezidentliyə namizədliyini rəsmən irəli sürəcəyik”. Bu sözləri Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) yetkilisi Sevda Xurşudova bildirib. Bu isə hakimiyyətin seçkilərə faktiki olaraq 2 namizədlə gedəcəyi ehtimalını gücləndirir. Maraqlıdır, görəsən Yeni Azərbaycan Partiyası (YAP) və onların opponentləri bu barədə nə fikirləşir? Moderator.az bununla bağlı hakim Yeni Azərbaycan Partiyasından və müxalifət təmsilçisindən mövqe öyrənib. YAP-çı deputat Siyavuş Novruzovun sözlərinə görə o, belə bir partiyanı ümumiyyətlə tanımır: “Siz belə bir partiya tanıyırsınızmı? Mən Demokratik Azərbaycan Dünyası adlı partiya tanımıram və mənim üçün belə bir partiya yoxdur. Olmayan bir qurumun fəaliyyəti barədə isə danışmaq istəmirəm”. AXCP sədrinin müavini Nurəddin Məmmədli isə hakim partiyanın hal-hazırda isterik bir vəziyyətdə olduğunu dedi: “İndiki halda iqtidar isterik vəziyyətdədirlər və hakimiyyətlərinin ömrünü uzatmaq üçün müxtəlif variantlara əl atmaqdadırlar. Bu proses idarəolunan haldır. Mehriban Əliyevanın namizədliyini irəli sürənlərin Prezident Adminstrasiyasına çağrılaraq, xəbərdarlıq olunmalarına baxmayaraq onlar yenə də geri çəkilmədilər. Mən bir şeyə əminəm ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin sürülməsi iqtidarın daxildən parçalanma, tənəzzülünə səbəb olacaq.”
Sorğu
Yeni dizaynımız necədir?