Akif Quliyevin yarmarkasında biabırçı vəziyyət yaranıb
Sumqayıtın 8-ci mikrarayon ərazisində, icra başçısı Eldar Əzizovun müavini, Akif Quliyevə məxsus yarmarkada antisanitar şərait, digər biabırçı vəziyyətin hökm sürməsi barədə ölkə mətbuatında dəfələrlə yazılıb. Məsələ ilə bağlı sözü gedən mikrarayon sakinlərinin "Gündəm Xəbər"ə verdiyi malumatlara görə, bazar rəhbərliyinin səhlənkalığı, pul yığmaq üçün hər üsula əl atması və sair tamah məqsədləri həmin yarmarkada həddindən artıq təhlükəli şərait yaradıb. Həftənin şənbə günü həmin ərazidə təşkil olunan kənd təsərrüfatı yarmarkasına nəzər saldıqda vəziyyətin həddən artıq acınacaqlı olduğunu müşahidə etmək olar. Şəhər sakinlərinin qəzetimizə bildirdiklərinə gərə, yarmarkada elə bir dəhşətli şərait yaradılıb ki, hətta insanlar az qala ora daxil olmağa da ehtiyatlanır. Yəni yarmarkada insanların rahat hərəkəti, təhlükəsizliyi üçün heç bir şərait yoxdur. Hələ antisanitar şəraiti demirik. İlk əvvəl başlayaq yarmarkaya giriş-çıxışlardan. Bu yarmarka demək olar ki, Sumqayıtın ən böyük kənd təsərrüfatı yarmarkasıdır. Qəzetimizin əməkdaşları sakinlərin şikayətə əsnasında yarmarkada olarkən məlum olub ki, bu yarmarka dəfələrlə cərimələnib, yarmarka rəhbərliyinə məcburi göstərişlər verilib ki, ticarət mərkəzinin təhlükəsizliyi barədə normal tədbirlər görsün. Amma bu barədə heç bir tədbir görülməyib. Ticarətlə məşğul olanların dediyinə görə, yarmarka rəhbərliyinə aidiyyati qurumlara dəfələrlə müraciət ediblər ki, yarmarkada polis nəzarəti gücləndirilsin. Amma buna məhəl qoyan olmayıb: “Yarmarka günləri bir dənə də olsun polis gözə dəymir. Cibgirlər isə yarmarkada at oynadırlar. Gələn müştərilərin ciblərindən pulları oğurlanır. Elə bil polis özü cibgirlərə şərait yaradır ki, insanların cibinə girsinlər. Belə olmasa idi yarmarkada polis nəzarəti gücləndirilərdi".
Yarmarkada etiraz edənlər hədələnir
Sakinlərin bildirdiyinə görə, icra başçısı Eldar Əzizovun müavini Akif Quliyev bu ərazini ələ keçirəndən bəri yarmarkada gözə görsənmir. Amma, gəl ki, bazarda iki nəfər etiraz etsin, həmin an A.Quliyev bundan xəbər tutur. Bundan sonra isə həmin adamın başı əməlli-başlı bəla çəkir: “Akif Quliyev adamlarına tapşırır ki, həmin narazıları susdursunlar. Onlar da gah həmin satıcının alverinə mane olur, gah mallarını oğurlayır, ya da onu hədələyirlər. Çarəsiz qalan həmin satıcılar da tabe olurlar ki, təzyiqlər davam etməsin. Çünki, şikayət edə bilmirlər. Daha doğrusu şikayət etməyə adam tapmırlar. Ona görə də məcburuq ki, səsimizi çıxarmayaq və başımıza nə gəlirsə razılaşaq”. Sakinlər deyirlər ki, yarmarkada ümumiyyətlə təhlükəsizlik tədbirləri baxımından heç bir tədbir yoxdur. Hər həftə onlar real təhlükə qarşısında qalırlar.
Yarmarkanın qarşısında saatlarla yaranan tıxac
Yarmarkanın ən biabırçı vəziyyəti isə həmin ərazidə saatlarla tıxacların yaranmasıdır. Buna birbaşa həmin yarmarka səbəbdir. Yəni, yarmarkanın cəmi bir girişinin olması və çıxışın olması ərazidə biabırçı tıxac yaradır. Bu ərazidə günün bütün saatlarında böyük tıxaclar yaranır. Səhər və axşam saatlarında isə ərazi əməlli-başlı çıxılmaz olur. Yarmarkaya ticarətçilərin mal gətirməsi, girişdə mal boşaldılması, həmin ərazidəki yolu demək olar ki, saatlarla bağlayır. Bu da Sumqayıtın 8-ci mikrarayon və 41-ci kvartal deyilən ərazisinə əsas girişi olan avtomobil yolunu bağlayır. Saatlarla yaranan tıxaclar hətta şəhərin avtovağzal istiqamətində qədər maşın karvanının yığılması ilə nəticələnir. Tıxacın uzunluğu isə 3-4 kilometrə çatır.
Yarmarkanın yaxınlığında olan bina sakinləri evlərini su qiymətinə satmaq məcburiyyətində qalıblar
Yarmarkanın yaxınlığında olan bina sakinləri artıq bu vəziyyətdən əməlli-başlı bezdiklərini bildirirlər. Sakinlər bildirirlər ki, artıq iş o yerə çatıb ki, onlar evlərini su qiymətinə satıb başqa mikrarayonlara köçməyə üstünlük verirlər: “Burdakı biabırçılıq heç bir həqiqətə sığmır. Artıq bezmişik. Nə vaxta qədər üfunət iyindən boğulmalıyıq. Yaydır pəncərəni açmaq olmur evə üfunət iyi dolur. Xüsusilə də yarmarka qurtardıqdan sonra orda yerə tökülən zir-zibil yandırılır. Tüstü isə yaxınlıqdakı binaları bürüyür. Burda yaşamaq əsl cəhənnəm əzabına çevrilib. Allah bura yarmarkanı salanın başına daş salsın. Əvvələr burda troleybus parkı yerləşirdi təmizlik idi, heç kim naraht olmurdu. İndi isə burda yaşamaq müşkülə çevrilib. Bir ara dedilər ki, bazarı köçürürlər. Biz də sevinirdik. Amma sonradan məlum oldu ki, yarmarka başqa əraziyə köçürülməyəcək".
Akif Quliyev sumqayıtlılar üçün real təhlükə yetişdirir
Yarmarkanın daxilində də vəziyyət ürəkaçan deyil. Rəhbərlik elə vəziyyət yaradıb ki, burda bütün mallar antisanıtar şəraitdə, pərakəndə halda satılır. Məsələn, yarmarkanın girişində kartof-sogan, göy-göyərti, sarımsaq, ət, pendir, müxtəlif meyvə tərəvəzlər satılır, elə girişdə həmin piştaxtaların arasında paltar, qab-qacaq, köynək, kostyum və sair yerləşdirilib. Təsəvvür edin ki, piştaxtaların birində ət, digərində sarımsaq və sogan-kartof satılır. Burdan kartof al, keç o biri piştaxtadan pendir al, bu birindən ət al. Hamısı da qarışır bir-birinə. Paltar alan yerdə şor və pendir iyindən dayanmaq olmur. Hətta iş o yerə çatıb ki, paltar satılan piştaxtanın arxasına göy-göyərti, kartof çürükləri qalaqlanır. Satıcılar deyirlər ki, zibil atmağa yer olmadığı üçün zibillər piştaxtaların arxasında yığılır və bu zibillər günün sonunda, yarmarka bağlanandan sonra yerindəcə yandırılır. Nəticədə yarmarkanın bu ərazisinə üfunətdən, antisanitar şəraitdən girmək olmur. Bir sözlə, yarmarkada əməlli-başlı xəstəliklər tüğyan edir. Bu təkcə yarmarka adamları üçün deyil, hətta yaxınlıqda yaşayan sakinlər üçün də həddindən artıq təhlükə mənbəyinə çevrilib. Son olaraq isə bu biabırçılığın acısını nə yarmarka rəhbərliyi çəkir, nə də Akif Quliyevin adamları. Zərər isə Sumqayıt sakinləri üçün yetişdirilir. Məncə aidiyyəti qurumlar bu barədə tədbir görməyə tələsməlidir. Yəqin ki, oxucular da Sumqayıt sakinlərinin bu dərdinə şərik olacaqlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?