“Aydın Mirzəzadənin yazısı məni iki səbəbə görə təəccübləndirib ” Deputat Aydın Mirzəzadə saytların birinə yazdığı məqalədə mətbuat günündə jurnalistlərə ev paylanması və mediaya dövlət qayğısından bəhs edib. Eyni zamanda o, olaya fərqli yanaşan tanınmış telejurnalist Qulu Məhərrəmlini, həmçinin fakt barədə xarici medianın fərqli reaksiyasını çap etmiş “Yeni Müsavat” qəzetini qınayıb.
Deputatın yazısından xəbərdar olduğunu bildirən Q.Məhərrəmli əməkdaşımıza bunları deyib: “Yaxşı münasibətlərimiz olan A.Mirzəzadənin yazısı məni iki səbəbə görə təəccübləndirib. Əvvəla, rəngləri tündləşdirmək üçün mənim dediklərimi kontekstdən çıxararaq verib, ikincisi isə məni özü kimi düşünməməkdə günahlandırıb. Mən hörmətli Aydın Mirzəzadənin hansı mənbəyə istinad etdiyini bilmirəm, amma evpaylama ilə bağlı mənim mövqeyim belədir: bu, müsbət humanitar aksiyadır, tanıdığım bir neçə layiqli jurnalistin adının siyahıda olması məni də duyğulandırdı, amma bütövlükdə hökumətdən ev almaq jurnalistlərin peşə etikasına ziddir. Jurnalistikamızın böhran keçirdiyi, mənəvi problemlərlə üz-üzə qaldığı bir vaxtda mən Aydın müəllim kimi vəcdə gələrək sevinə bilmirəm. Bu gün əksər media qurumlarının simasını itirərək üzüyola xidmətçiyə çevrilməsini müşahidə etmək çox ağırdır”.
A.Mirzəzadənin bu məsələdə “Yeni Müsavat” qəzetini tənqid etməsinə də münasibət bildirən media mütəxəssisi deyib ki, millət vəkilinin belə yanaşması yolverilməzdir, əməkdaşlarının ev almasını qəzetin başına qaxınc etmək heç bir etikaya sığmır. “Xarici mətbuatda getmiş fərqli fikirləri dərc edəndə nə olur ki? Bəyəm, müxbirinin ev almasına görə qəzet tənqid yazmamaq öhdəliyi götürüb? Bu, nə məntiqdir belə? Hesab edirəm ki, qəzetləri tənqid yazmağa görə qınamaq qorxulu tendensiyadır. Axı qəzetin əsas missiyası elə tənqid etmək və oxucuya həqiqəti çatdırmaqdır” - deyə Q.Məhərrəmli vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?