Azərbaycanda bəzi sənətçilər deyirlər ki, hökuməti sənəti inkişaf etdirmək istəyirsə, onun azadlığına mane olmamamalıdır. Bunlar sənətdə qeyri-rəsmi senzura olmasını istəməyənlərdir.
Məsələn, aktyor İlqar Cahangir deyir ki, teatrlarda azadlıq yoxdur.
“İstəyirəm ki, azad bir mövzu olsun, ürəyimiz istəyən mövzu olsun. Heç bir aktyorun ixtiyarı yoxdur ki, hansısa tamaşanı təklif etsin. Bu gün aktual mövzularda tamaşa qoya bilərsən, amma həmişə gərək Ezop dili ilə danışasan, birbaşa danışmaq mümkün deyil”.
Aktyor İlqar Cahangir deyir ki, sənətdə belə tezliklə azadlıqların yaranacağına inanmır, reallıqda bu, mümkün deyil.
Yazıçı Əkrəm Əylisli bu ilin əvvəlində AzadlıqRadiosuna demişdi ki, “Daş yuxular” romanını hakimiyyət bəyənmir deyə, özəl nəşriyyatlar bu əsəri çap etmir.
Prezident təqaüdlərini ləğv etmək lazımdır
Tanınmamış Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin Səhnə Sənətləri Fakültəsinin professoru Cavanşir Quliyev isə deyir ki, indi Azərbaycan mədəniyyətinin geri qalmasının, hadisəyə çevriləcək əsərlərin yaranmamasının səbəbi azadlıqların olmamasıdır:
“Sənətkarların azadlıqları yoxdur, azad olmayan insan da gözəl bir şey icad edə bilməz. Gördüyünüz kimi Azərbaycanda incəsənətdə, kinoda, teatrda, incəsənətin bir çox sahəsində ciddi inkişaf yoxdur. Müstəqil Azərbaycanın öz əsərləri olmalıdır. Televiziyalarda sovet dövründən qalma filmləri nümayiş etdirirlər. Çevir-tatı, vur tatı. Niyə belədir? Məncə, ona görə ki, könül azadlıqları yoxdur sənətkarların”.
Mədəniyyət naziri Əbülfəz Qarayev isə martın 5-də, mətbuat konfransında deyib ki, Mədəniyyət Nazirliyi heç kimə heç bir qadağa qoymur.
Cavanşir Quliyev deyir ki, prezident təqaüdləri ümumiyyətlə ləğv olunmalıdır, belə adlar sənətçini bir nəfərdən asılı edir. Onun sözlərinə görə, ayrıca bir qanun qəbul olunmalıdır, əlavə təqaüdə layiq sənətçilər həmin qanun əsasında qonorar almalıdırlar. Bəstəkar bildirir ki, getdikcə dövlətdən asılılıqları azaltmaq lazımdır.
Tender olsun, olmasın?
Sənətçilər həm də dövlət büdcəsindən ayrılan vəsaitin necə xərclənməsinə toxunurlar.
Məsələn, kinorejissor Əli İsa Cabbarov deyir ki, devalvasiyaya qədər kinoya ildə altı min manat ayrılırdı, indi bu vəsait beş dəfəyə qədər azalıb, amma pulun hansı rejissora verilməli mübahisəlidir:
“Ssenarilərin verilməsində şəffaflıq yoxdur, qapalılıq var, tender yoxdur. Halbuki, Azərbaycan qanunlarına görə də, dövlət vəsaiti ancaq tender əsasında verilməlidir”.
Mədəniyyət naziri Əbülfəz Qarayev isə bu deyilənlə razılaşmır. O deyib ki, burda tender olmamalıdır:
“Burda tender olmamalıdır. Burda layihələrin müsabiqəsi olacaq. Bütün filmlər Azərbaycan Dövlət Kinostudiyası tərəfindən çəkiləcək”.
Lakin Əli İsa Cabbarovun fikrincə dünya səviyyəli filmlərin çəkilməsi üçün özəl kinoya dövlət dəstəyinin olması vacibdir.//Azadlıq Radiosu
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?