Son vaxtlar hakim komandada aparılan kadr islahatlarında xüsusi olaraq diqqət çəkən məqam icra başçıları ilə bağlıdır. Məsələn, Binəqədi, Quba, Naftalan, Şamaxı, Səbael, Ağdam rayonlarına yeni kadrlar təyin olunduğu halda bəzən illərin rayon rəhbərlərinin önə çəkilməsinə də rast gəlinir.
Bu sırada isə bir il öncə Əziz Əzizovun Cəlilabaddan Bakının Yasamal rayonuna gətirilməsi ayrıca olaraq maraq doğurdu. Gundemxeber.az cumhuriyyet.az-a istinadla bildirir ki, uzun müddət Yasamal rayonu icra hakimiyyətinin başçısı postu boş qaldı. Bu müddət ərzində maraqlı qüvvələr bu vəzifədə özünü və yaxud öz adamını görmək üçün xeyli çaba sərf etdilər. Mediada da bu barədə çoxlarının piar kompaniyası həyata keçirildi. Amma, fevral ayında Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun bu vəzifəyə təyinatı bütün müzakirələrə son qoydu. Ə.Əzizovun Yasamal rayonuna rəhbər təyin olunmasından bir il ötür və ötən bir ildə xüsusi uğuru ilə fərqlənməyən icra başçısı indiki həssas dönəmdə yeni narazılıq ocağı yaratmaqdadır. Bunun detalları haqda bir qədər sonra.
Əziz Əzizovun Yasamal rayonuna transferinin gizli məqamları
Son zamanlar tikinti və söküntüləriylə yadda qalan bu rayon Bakının ən qazanclı ərazisi sayılır. Məlumata görə, yaxın gələcəkdə də Yasamal rayonunda bir çox köhnə binaların sökülməsi və yerinə yenilərinin inşa edilməsi dövlət planına salınıb. Bu mənada Yasamalı ələ keçirmək demək olar ki, bütün iri məmurların arzusu idi. Daha çox Kərəm Həsənova yaxınlığı ilə seçilən Ə.Əzizovun Yasamala gəlişi isə rayonda yeni bir mərhələnin başlanğıcı hesab edilir. Eyni zamanda cumhuriyyet.az olaraq bildirək ki, Ə.Əzizov icra başçısı vəzifəsinə təyinat almamışdan öncə biznes fəaliyəti ilə məşğul olub. Bu işini məmur vəzifəsində olduğu dövrdə inkişaf etdirib. Onun olduğu bildirələn obyektlərin mühüm bir hissəsinin elə Yasamal ərazisində yerləşməsi diqqəti çəkir. Eyni zamanda Ə.Əzizov Bakıda tikinti biznesi ilə məşğul olur. Odur ki, Yasamala icra başçısı təyinatı ikiqat onun üçün düşərli olub. Çünki Yasamal kimi strateji rayonda tikinti biznesini genişləndirəcək. Əziz Əzizov tikinti sektoruna sərmayəni bibisi oğlu Pərvin Əliyevin əli ilə yatırıb. Pərvin Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var. Bunların içərisində ən qiymətli olanı isə Xırdalanda “AAAF Park”ın girişində fəaliyyət göstərən “Makromart” univermağıdır.
6 yerdə aparılan tikinti bumu, deputat Malik Həsənov Yasamalda iş başında
Əziz Əzozovun Yasamal RİH-nin başçısı postunda yerləşdirilməsi ilə qane olmayan komitə sədri, başçı müavini postlarına da öz yaxın adamlarını yerləşdirmək, bununla da rayon ərazisində tam söz sahibi olmağa çalışır. Komitə sədrinin öz xalası oğlunu başçı müavini postunda məhz bu məqsədlə yerləşdirildiyi vurğulanır. Bilgili qaynağın cumhuriyyet.az-a bildirdiyinə görə, komitə sədri bununla icra hakimiyyəti sistemində tam olaraq söz sahibi olmağa çalışır. K.Həsənovun Yasamal RİH-də həyata keçirdiyi dəyişikliklər onun rayon ərazisində şəxsi maraqları çərçivəsində ciddi addımlar tacağını göstərir. Mənbə komitə sədri onun qardaşı Malik Həsənovun hazırda bir tək Yasamal rayonu ərazisindəki 6 fərqli məkanda tikinti işləri apardığını vurğulayıb. Bununla bağlı verilən məlumata görə, bura həm çoxmərtəbli yaşayış binalarının, həm də iri biznes mərkəzlərinin tikintisi daxildir ki, yaxın gələcəkdə bu işlərin daha miqyaslı xarakter alacağı gözlənilir. Komitə sədri və onun qardaşı Yasamal rayonu ərazisində daha bir neçə nəhəng yaşayış və biznes kompleksi inşa etmək niyyətindədirlər. Komitə sədrinin Yasamal RİH-də həyata keçirdiyi vəzifə dəyşikliklərinin də məhz bu planlarla bağlı olduğu şübhəsizdir. Başqa sözlə desək, komitə sədri milyonalarla vəsait sərf edəcəyi ərazidə siyasi-inzibati baxımdan da sözün məhz ona məxsus olmasından əmin olmağa çalışır. Görünən odur ki, Yasamal rayonunun yaxın gələcəkdə özü boyda tikinti meydançasına çevrilməsi ehtimalı var ki, bu meydançanın da sahibi K.Həsənovdur.
“Sovetski”də yeni söküntü bumu: İcra başçısının adamları toplayıcı rolunda
Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. Bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində, A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinləri ilə səyyar qəbul-görüşdə bildirib. İcra başçısı söküntü işlərinin II mərhələsinin də həyata keçirildiyini və hazırda 1920 evin sakinlərilə əldə edilmiş razılığa əsasən satın alındığını nəzərə çatdırıb. İcra başçısı hazırda ikinci mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yolların çəkildiyini, yaşıllaşdırma və abadlıq işlərinin aparıldığını və yaxın vaxtlarda görülən işlərin yekunlaşacağını sakinlərin diqqətinə çatdırıb. Əziz Əzizov III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin davam etdiriləcəyini bildirib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə “Sovetski”də aparılan söküntü işlərində icra başçısına yaxın şəxslər fəal iştirak edirlər. Belə ki, ərazidəki xirda metal qalıqları belə Ə.Əzizovun adamları tərəfindən toplanır və bəzən o özü də bu prosesə nəzarət edir.
İcra başçısı sökür, vətəndaşlar narazılıq edir
Bildirək ki, köçürmənin birinci mərhələsi 2017-ci ilin yayında başa çatıb və 4 min 300 ailə ərazidən çıxarılıb. Köçürülən ailələrə hər kvadratmetrə 1500 manat kompensasiya ödənilib. Ancaq məbləğin az olmasına etiraz edən, verilən vəsaitlə ev ala bilməyən xeyli sayda ailənin hələ də təyin olunan kompensasiyanı almadığı bildirilir. Onların bir çoxu hələ də ya qohumlarının evlərinə sığınıblar, ya da ucuz kirayələrdə yaşayırlar. Buna baxmayaraq, artıq Yasamal Rayon İcra Hakimiyyəti köçürmə işlərinin ikinci mərhələsinə başlayıb. Bu mərhələdə daha 2 min evin köçürülməsi prosesinin həyata keçiriləcəyi gözlənilir. Bununla bağlı İcra Hakimiyyəti tərəfindən məhəllə sakinlərinə xəbərdarlıq da edilərək, bildirilib ki, ərazidə yaşayan ailələrə yenə hər kvadratmetrə 1500 manat kompensasiya ödəniləcək. Bu da “Sovetski”də yaşayan bir çox ailənin narazılığına və narahatlığına səbəb olub. Məhəllə sakinləri köçürüldükləri halda, verilən kompensasiya ilə yaşamaq üçün ev ala bilməyəcəklərindən, evsiz qalacaqlarından narahatdırlar. Çünki ərazidəki evlərin bir çoxunun sahəsi kiçik olduğundan, verilən kompensasiya ilə nəinki indi yaşadıqları mərkəz ərazilərdə, heç ucqarlarda belə normal şəraiti olan mənzil almaq mümkün deyil. Nəzərə alsaq ki, 2014-cü illə müqayisədə tikinti materialları bazarında qiymətlər xeyli bahalaşıb, sahəsi kiçik olan mənzillərdə yaşayanların verilən kompensasiya ilə özlərinə ev tikməkdə belə çətinliklə üzləşəcəkləri şübhə doğurmaz. Ona görə də sakinlər hər kvadratmetrə kompensasiyanın ən azı 2 min manata qaldırılmasını, sahəsi kiçik olan mənzillərə 2500 manatdan hesablanmasını xahiş edirlər. Ya da sahəsi kiçik olan evlərdə yaşayanlara əraziyə yaxın binalarda 2 otaqlı mənzillər verilməsi arzusundadırlar. Sakinlər Yasamal rayon İcra Hakimiyyətinin məsul şəxslərinin onların evlərini tərk etməyə məcbur etmək üçün dözülməz şərait yaratdıqlarını bildirirlər: “Bizim hüquqlarımız pozulur, evlərimizdən çıxmağa məcbur etmək istəyirlər. Qazımızı, suyumuzu tam kəsiblər. Elektrik xətlərini hər gün gəlib kəsirlər. Camaat bir təhər bərpa edir, yenə kəsirlər. Məqsədləri odur ki, məcbur qalıb evlərimizi tərk edək. Bir çox insan məcburiyyət qarşısında qohumlarının evlərinə, kirayəyə köçməli olub. Qalanlarını da buna məcbur etmək üçün gecələr hətta evlərimizin pəncərələrini daşlayırlar. Bizim harada və necə yaşayacağımızla maraqlanmırlar”. Sakinlərin sözlərinə görə, əraziyə göndərilən məsul şəxslər insanları aşağılamaqdan belə çəkinmirlər: “Hörmətli prezidentimiz, eləcə də birinci vitse-prezident Mehriban xanımın sadə insanlara nə qədər qayğı ilə yanaşdığının hər gün şahidi oluruq. Prezident dəfələrlə çıxışlarında da məmurlara xəbərdarlıq edib ki, özlərini xalqın ağası kimi deyil, xidmətçisi kimi aparsınlar. Ancaq əraziyə gələn İcra Hakimiyyətinin məsul şəxsləri vətəndaşların şikayətlərini dinləmək belə istəmirlər. Deyirik ki, bizə təklif olunan kompensasiya ilə ev almaq mümkün deyil. Deyirlər ki, “indiyədək quş damında yaşayırdınız, indi də gedin bir yer tapın yerləşin”. Daxil olan məlumata görə, Yasamal rayonu ərazisindəki söküntü işlərinə birbaşa icra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Rüfət Əhmədov nəzarət edir. Rüfət Əhmədovun bu vəzifəyə qədər Kərəm Həsənovun şirkətlərində çalışıb. Kərəm Həsənovun kəndçisi və qohumu olan Rüfət Əhmədov Həsənov qardaşlarının qara kassalarından biri kimi ad çıxarıb. Belə ki, Kərəm və Malik Həsənov qardaşlarının əsas pul yığan şəxs olduğu bildirilən Rüfət Əhmədov Əziz Əzizovun Yasamal rayon icra başçısı təyin edildikdən sonra Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbər təyin edilib. Görünür, Kərəm Həsənov pul məsələlərində o qədər də Əziz Əzizova güvənmədiyi üçün, yanına qohumunu yerləşdirib.
Sorğu
Yeni dizaynımız necədir?