Hakimiyyətin ev tapşırığı: yeni “dövlət çevrilişi”Bağ evindən “Kalaşnikov” avtomatları və əl qumbaraları tapılan Nicat Quliyev Milli Şuranın önəmli adamları ilə görüşmək istəyib; 2005-ci ildə “dövlət çevrilişi” ittihamından qurtulan iki sabiq məmurun yenidən MTN-də kamera yoldaşı olması təsadüfdürmü? Hər seçki ərəfəsi müxalif düşərgədə həbslərlə bərabər ehtiyat variant kimi “dövlət çevrilişi” ssenarisi də hazırlanır. 2005-ci ildə ən nüfuzlu nazirlərin qandallanması ilə başlayan “dövlət çevrilişi” şousu ortaya ciddi sübutlar çıxara bilməməsi səbəbindən sonradan iqtisadi cinayətlərlə əvəzləndi. Həbs edilənlərin bir neçəsi tezliklə və heç bir tutarlı izahat verilmədən azadlığa buraxıldı. Əli İnsanov və Fərhad Əliyev kimi iri fiqurlar isə uzun müddətə azadlıqdan məhrum edildilər. O zaman həbs edilənlər və sonradan azadlığa buraxılanlar arasında iki tanınmış ad da vardı ki, indi 2013-cü il seçkisi ərəfəsi onlar yenidən Milli Təhlükəsizlik Nazirliyində kamera yoldaşı olublar. Söhbət Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevlə xarici iqtisadi əlaqələr naziri əvəzi olmuş Nicat Quliyevdən gedir. Xatırladaq ki, A.Muradverdiyev iyunun 20-də Moskvaya gedən təyyarəyə minik zamanı həbs edilib. O, yoxlamadan keçdikdən sonra əl çantasında 40 qızıl sikkə tapılıb. Lakin A.Muradverdiyev bildirib ki, sikkələr onun üzərinə sonradan qoyulub. Ona qarşı 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb. Hazırda MTN təcridxanasında saxlanılır. Xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş Nicat Quliyev isə Ramazan bayramının ilk günü - avqustun 8-də həbs olunub. Nicat Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən elə onun öz bağ evində tutulub. Məlumatlarda o da deyilir ki, MTN əməkdaşları sabiq nazirin bağ evindən xeyli sayda silah-sursat da aşkarlayıb. Vəkil Elton Quliyev (virtualaz.orğ) deyib ki, Abşeron Rayon Məhkəməsi avqustun 8-də Nicat Quliyev barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Nicat Quliyevin Novxanıdakı bağ evində axtarış zamanı “Kalaşnikov” avtomatları, əl qumbaraları və şəxsi avtomobilindən tapança tapılması xəbərini isə Baş Prokurorluqla MTN şərh etməkdən imtina edib. Onun saxlanması ilə bağlı xəbərlərdə 2005-ci il oktyabrın 19-da həbs edilməsi xatırlanır. Həbs bayram günlərinə təsadüf etdiyindən, güman ki, rəsmi xəbər bu gün yayılacaq. A.Muradverdiyev qurama görünən ittihamla (40 qızılı niyə satmaq üçün Rusiyaya aparsın ki?) həbs edilərkən bunu Milli Şura ilə əlaqələndirən də vardı. İddia edilirdi ki, A.Muradvedrdiyevin sabiq səhiyyə naziri Əli İnsanovun Milli Şuraya dəstək bəyanatından bir gün sonra həbs olunması təsadüfi deyil. Əsas versiyalardan biri də A.Muradverdiyevdən Milli Şura rəhbərliyinə qarşı istifadə edilə biləcəyi idi. Sonradan bu iddia onun vəkili tərəfindən təkzib edilsə də, hazırda istintaqın hansı istiqamət üzrə işlədiyi bilinmir. Üstəlik, A.Muradverdiyevin “çevriliş yoldaşı” Nicat Quliyevin də səs-küylü həbsi bir sıra suallar ortaya çıxarır. Sabiq nazir əvəzinin həbsi bir sıra siyasi ekspertlərdə də narahatlıq doğurub. Ölkənin tanınmış siyasi ekspertlərindən biri musavat.com-a deyib ki, sabiq nazir statusunda olan birinin evindən silah-sursat çıxması təsadüfi məsələ deyil: “Seçkilərə az müddət qalmış belə bir hadisənin baş verməsi narahatlıq yaradır. Tamamilə mümkündür ki, bu, qurama bir ssenari olsun. Məqsəd də müxalifətə qarşı ittiham irəli sürmək ola bilər. Əgər bu quramadırsa, bunun ardınca Nicat Quliyevin əlaqədə olduğu, yaxud onu məqsədli şəkildə əlaqəyə yönəltdikləri müxalifətçiləri də ”tapacaqlar" və ölkədə yeni “dövlət çevrilişi” şousu başlayacaq. Bu ittihamla müxalifətə qarşı total repressiyalar da başlaya bilər". Musavat.com-un araşdırmasına görə, son iki ayda Nicat Quliyev aktiv şəkildə müxalifət düşərgəsinə, xüsusi ilə Milli Şuradakı bir sıra tanınmış simalara yaxınlaşmaq, birbaşa əlaqə qurmaq təşəbbüsləri göstərib. Bu təşəbbüslərin hansı nəticə verdiyi bilinməsə də, tanınmış siyasətçilərdən biri əməkdaşımıza ilginc faktlar söyləyib. Müsahibimiz deyib ki, təxminən 20 gün əvvəl tanıdığı bir nəfər onunla Nicat Quliyev arasında münasibət qurmaq istəyib: “Telefonla zəng vurmuşdu. Dedi ki, Nicat Quliyev sizinlə görüşmək istəyir, müxalifətlə yaxınlaşmaq, dəstək vermək qərarındadır. Qəti şəkildə görüşməkdən imtina etdim. Çünki Nicat Quliyevi tanıyırdım və şübhələnirdim ki, 2005-ci ildən hakimiyyət orqanları onu ”verbovka" edib. Lakin deyə bilmərəm, o, digər müxalifət tanınmışları ilə görüşə bilib, yoxsa yox... “ Müxalifətin tanınmış siması olan mənbə əməkdaşımıza onu da deyib ki, Nicat Quliyev vasitəsi ilə Milli Şuranın rəhbərliyinə qarşı provokasiyaların hazırlanması versiyasını mümkün sayır: “Əgər onu bu işə bilərəkdən və planlı qoşublarsa, heç şübhəsiz, Milli Şuranın önəmli adamlarından heç olmasa biri ilə görüşdürüblər. Telefon, skayp danışıqları da qeydə alına bilər. Hətta mümkündür ki, o, kiməsə maliyyə dəstəyi verib və bu da lentə alınıb. Vəziyyət belədirsə, yaxın günlərdə iqtidar 2005-ci ildə olduğu kimi, miqyaslı bir ”çevriliş şousu"na başlayacaq. Ortada silah-sursat varsa, təbii ki, ittihamları iğtişaşlara, dövlət çevrilişinə doğru yönəldəcəklər." Qeyd edək ki, Nicat Quliyev üzdə olan fiqur olsa da, onun personası haqda ictimai məlumatlar çox azdır. Məsələn, çox az adam bilir ki, o, Azərbaycan tarixinin ən məşhur simalarından olan, himnimizin müəllifi Əhməd Cavadın nəsli ilə qohumdur. O, Əhməd Cavadın oğlu, bir neçə il əvvəl dünyasını dəyişən Yılmaz Axundzadənin qızının həyat yoldaşıdır. Əslən Şəmkirdən olduğu deyilən Nicat Quliyev heç vaxt rəsmi olaraq xarici iqtisadi əlaqələr naziri deyil, nazir əvəzi olub. 1999-cu ildə nazirlik ləğv edilib İqtisadi İnkişaf Nazirliyinə birləşdiriləndən sonra onun da karyerasında düşüş başlayıb. 2005-ci il seçki ərəfəsi yaradılan “Müstəqil qəzet”in maliyyə bossunun da Nicat Quliyev olduğu bildirilir. Belə məlumatlar var ki, onun 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbsinə səbəb Fərhad Əliyevlə bağlılığı olub. Belə ki, onların şərikli biznesi varmış. Onun eks-spiker Rəsul Quliyevlə biznes əlaqələrinin olması xəbəri də var. Beləliklə, 2005-ci ilin “dövlət çevrilişi” şousundan müəmmalı şəkildə qurtulan iki nəfər 2013 seçki ərəfəsi yenidən MTN təcridxanasına salınıblar. Bu həbslərin bir-biri ilə bağlılığının olub-olmamasına yaxın günlərdə aydınlıq gələcək. N.Quliyevin həbsinin onsuz da yaxşı günlər yaşamayan Milli Şuraya qarşı necə istifadə edilə biləcəyi də həmçinin aydınlaşacaq. Görünən budur ki, iqtidar bu prosesə ciddi hazırlaşır...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?