“Mən hələ Milli Şuranın ehtiyat vahid namizədi olmağımla bağlı qərar qəbul etməmişəm. Milli Şura tərəfindən də hələ belə təklif olmayıb. Amma ayrı-ayrılıqda bu təkliflər səslənib”.
Bunu "Amerikanın səsi"nə müsahibəsində Milli Şuranın ictimaiyyətlə əlaqələr komissiyasının rəhbəri Mehman Əliyev deyib. O bildirib ki, Milli Şura tərəfindən ehtiyat vahid namizəd irəli sürülməsi ilə bağlı təklif olarsa baxıla bilər və müzakirə də eləmək olar. “Dünən Milli Şuranın sessiyasında çıxışımda bildirdim ki, mən həmişə vahid namizəd ideyasına qarşı çıxmışam. Mən həmişə azad və ədalətli seçkilər uğrunda vahid hərəkatın dəstəklənməsinə tərəf olmuşam. Dekabr ayında müzakirələrdə də bunu bildirmişdim. Təəssüflər olsun ki, mənim proqnozum bu dəfə də təsdiqlənir. Həqiqətən də bu gün Milli Şura olaraq, koalisiya olaraq vahid namizədlə bağlı problemlə üzləşmişik”- deyə M.Əliyev qeyd edib.
Müsavat Partiyasının ehtiyat namizəd məsələsindəki mövqeyinə toxunana M.Əliyev bunları söyləyib: “Dünənki sessiyada ehtiyat vahid namizəd məsələsinin həlli zamanı İsa Qəmbər dedi ki, vaxt çox az qalıb. Son sessiyada o demişdi ki, avqustun 19-dək fasilə götürür. Namizədliyini təsdiq üçün Mərkəzi Seçki Komissiyasına təqdim etməyəcək. Dünən isə İsa Qəmbər dedi ki, avqustun 19-u oldu ancaq Rüstəm İbrahimbəyovun namizədlik məsələsi həll olunmayıb. Vaxt çox az qalır. Ona görə də o hesab edir ki, seçkilərə qatıla bilər. Yəni İsa Qəmbərin mövqeyi belədir ki, vaxt çox azdır. Amma, bu Milli Şurada bir sıra partiyalar tərəfindən müsbət qarşılanmayıb. İsrar edirlər ki, İbrahimbəyovun namizədliyi üzərində dayanmaq lazımdır. Hətta bildirdilər ki, məsələ bu gün sabah həll oluna bilər. Uzun müzakirələrdən sonra, Müsavat Partiyası avqustun 29-dək yenə də fasilə götürmək barədə razılıq verdi və bu son müddətdir. Bunadək problem həll olunmasa İsa Qəmbər MSK-ya müraciət edəcək”.
Milli Şuranın ehtiyat vahid namizədinin kim olacağı məsələsinə münasibət bildirən M.Əliyev qeyd edib ki, onun da adı ehtiyat vahid namizəd kimi səsləndirilib: “Amma demək olmaz ki, ehtiyat vahid namizəd kimi ancaq mənim namizədliyim gündəmdədir. İndi Milli Şura üzvlərinə vaxt verilib ki, namizədləri irəli sürsünlər. Gözləmək lazımdır ki, bir neçə namizəd irəli sürüləcək. Hansı seçim olacağını Milli Şuranın növbəti sessiyası göstərəcək. Əlbəttə ictimai mənafe xatirinə Mehman Əliyev ehtiyat vahid namizəd ola bilər. Amma burada Milli Şuranın mövqeyindən də çox şey asılı olacaq. Milli Şura ilk öncə ardıcıl və dönməz mübarizə əzmini ortaya qoymalıdır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?