Vergilər nazirinin xaricdən gətizdirdiyi donmuş ət inhisarçıların qəzəbinə səbəb olub
Azərbaycan vətəndaşı gündəlik qidalanmada ənənəvi olaraq ətdən daha çox istifadə edən ölkələr diyahısında qərarlaşıb. Elə bu səbəbdən də Azərbaycanda ət və ət məhsullarına olan tələbat hər zaman yüksək olub. Bu baxımdan təkcə bir faktı xatırlatmaq kifayətdir ki, hətta Sovet hakimiyyəti illərində belə Azərbaycanda ətçilik sektorunun inkişafına baxmayaraq respublikamız ətə olan ehtiyacını daxili imkanlar hesabına ödəyə bilməyib. “Bu gün isə Azərbaycanın ətə olan tələbatı 340 min tondur. Lakin bu ehtiyacın yalnız 80 faizi ödənilir”. Xatırladaq ki, bu açıqlamanı kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev açıqlamasında deyib. Göründüyü kimi, hətta rəsmi şəkildə belə etiraf olunur ki, nəinki yerli istehsal, heç ixrac belə ölkə əhalisinin ət və ət məhsullarına olan tələbatını tam şəkildə ödəyə bilmir. Bu isə Azərbaycan bazarında ət biznesinin necə gəlirli bir sahə olduğunu bir daha əyani şəkildə sübut etmiş olur. Danılmaz faktdır ki, Sovet İttifaqının süqutundan, qarşılıqlı iqtisadi əlaqələrin dağılmasından sonra isə respublikada kənd təsərrüfatı subyektlərinin iflası fonunda Azərbaycanın ət məhsullarıyla bağlı xaricdən aslılılığı nəzərəçarpacaq dərəcədə artıb. İqtisadçı ekspertlər hesab edirlər ki, ölkədə yerli istehsal ət məhsullarına olan tələbatı tam ödəməyə imkan vermir. Tələbatı ödəmək üçün bir sıra, eləcə də qonşu ölkələrdən, özəlliklə Gürcüstandan idxal həyata keçirilir. Azərbaycanda ətin Gürcüstanla müqayisədə baha olduğunu və nəqliyyat xərclərinin digər ölkələrlə müqayisədə daha ucuz başa gəldiyini nəzərə alsaq, bu ölkədən ət gətirmək iş adamları üçün daha cəlbedicidir. Bundan başqa o da faktdır ki, yay aylarında ət və ət məhsullarına tələbat azalır. İnsanlar ilin bu vaxtları əsasən qeyri-ət məhsullarına üstünlük verir. Tələbatın azalmasına adekvat olaraq bazar iqtisadiyyatı şəraitində qiymətlər adətən ya aşağı düşür, ya da eyni səviyyədə qalır. Lakin Azərbaycanda görünən odur ki, ətlə bağlı bunu demək qeyri-mümkündür. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, tələbat azalsa da, yayda ətin qiyməti qalxıb. İndi isə istisna olunmur ki, payıza doğru ət və ət məhsullarının qiymətində yeni bir sıçrayış özünü göstərəcək. Payızda bu məhsullara tələbat yaya nisbətən artır. Həmin amilin qiymət artımına təsir edəcəyi istisna deyil. İndiki halda fermerlər istehsal etdiyi məhsuldan gəlir götürə bilmir. Buna yem məhsullarının qiymətinin qalxması da təsir edib. Həm də hazırda ət və ət məhsullarının qiymətinin bahalaşması prosesi bütün dünyada gedir. Son aylar dünya miqyasında, ərzaqla bərabər, ət və ət məhsullarının da qiymətində yüksəlmə tendensiyaları müşahidə olunur. Dünyada cərəyan edən proseslər isə əvvəl-axır Azərbaycana da sirayət etməlidir. Payıza doğru ət və ət məhsullarının bahalaşmasına, həmin məhsulun qiymətinin dünyada qalxması ilə yanaşı, mövsümi amilləri də əlavə etmək lazımdır. Yayda gözlənilmədiyi halda ətin qiyməti qalxıbsa, mövsümi amil şəraitində onun bahalaşması daha real görünür. Çünki havaların soyuması ilə ət və ət məhsullarına tələbat da çoxalır. Hələlik isə qeyri-rəsmi araşdırmalar, illər üzrə gömrük rəsmiləşdirmələri göstərir ki, ölkədə ətin qiyməti süni şəkildə bahalaşdırılır. Bütün bunlar isə ayrı-ayrı məmurların ət biznesinə girişməsinə və məntiqi sonluq olaraq iqtisadi qarşıdurmalara gətirib çıxarır. Gəlir sahələrinin əhəmiyyətli şəklidə bölündüyü, hər kəsin öz “sərhədlər”ini yaxşı tanıdığı Azərbaycanda mərkəzdənqaçma meylləri artdıqca isə ayrı-ayrı məmurların bir – birinin gəlir sahələrinə nüfuz etməsi kimi ənənəvi olmayan sitiuasiyalar da yaranır. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, belə bir durum Azərbaycana gətirililən ət və ət məhsullarıyla bağlı yaşanmaqdadır. Həmin məlumatlarda iddia olunur ki, Azərbaycanda “ət biznesi”ylə məşğul olanların əl dəyişməsi prosesi müşahidə olunmaqdadır. Belə ki, hazırda ət biznesinin əhəmiyyətli bir hissəsinə kənd təssərrüfatı naziri İsmət Abbasovun nəzarət etdiyini vurğulayan mənbəmiz onun yalnız yerli istehsal üzərində monopoliya qurduğunu iddia edir: “İsmət Abbasov artıq uzun illərdir ki, yerli təssərrüfatı canlandırmaqla daxili bazarda əsas söz sahibinə çevrilməyə çalışır. Bu məqsədlə xaricdən, əsasən Almaniya və Avstraliyadan südlük və ətlik cins mal-qara gətirilir. Amma məlum olduğu kimi bu qəbildən olan tədbirlər belə daxili bazarın ixracdan asılılığını təmin edə bilməyib”. Hazırda ölkənin ət tələbatının əsasən ixrac hesabına ödənildildiyini bildirən mənbə bu işin başında isə bir neçə iri çaplı məmurun dayandığını söylədi: “Bu günə qədər ət monopolistləri kimi əsasən fövqəladə hallar naziri Kəmaləddin Heydərov və prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adları daha çox hallanır. Amma hazırda vergilər naziri Fazil Məmmədova yaxın şəxslər də bu biznesə girişib və onlar bu sektorda əhəmiyyətli uğurlara imza atıblar”. Mənbənin sözlərinə görə vergilər naziri Fazil Məmmədovun yaxın çevrəsinə aid olan şəxslər əsasən ölkəyə donmuş ət məhsulları gətirməklə məşğuldur. Xatırladaq ki, donmuş ət məhsulları təzə ətlə müqayisədə bir neçə dəfə ucuzdur və bu da alıcılıq qabiliyyəti olduqca aşağı olan Azərbaycan bazarında onlara böyük üstünlüklər qazandırır. Məlumat üçün bildirək ki, hazırda təzə mal ətinin 1 kiloqramının qiyməti 8-10 manat aralığında dəyişirsə super marketlərdə donmuş ətin 1 kiloqramı 4-5 manat civarındadır. Mənbəmiz bildirir ki, əvvəllər ənənəvi ət istehsalçıları Fazil Məmmədova bağlı olan bu qruplaşmanın fəaliyyətindən o qədər də narahat olmayıblar. Amma artıq ucuz qiymətə təqdim olunan və əhalinin böyük əksəriyyətinin həvəslə aldığı donmuş ət biznesinin çiçəklənməsi inhisarçıları ciddi şəkildə narahat etməyə başlayıb. Onların Fazil Məmmədova təzyiq göstərərək nəyəsə nail olacağına inanmadığını iddia edən mənbəmiz nazirin geriyə addım atmayacağını söyləyir: “Əvvəla, nəzərə almaq lazımdır ki, Fazil Məmmədov çox ehtiyyatlı adamdır və o belə bir ciddi işə özbaşına qol qoya bilməz. Digər tərəfdən donmuş ət kifayət qədər ucuzdur, bu biznesin çökdürülməsi isə seçki ərəfəsində kəskin bahalaşmaya səbəb ola bilər ki, bu da artıq siyasi amillərə bağlı olan məsələdir. Elə bu amilı nəzərə alaraq iddia etmək olar ki, Fazil Məmmədov yaxın adamlarının iştirakıyla donmuş ət biznesinə məhz “yuxarılar”ın xeyir-duasıyla girişib”. Orxan
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?