“Azərbaycan özünü təmin edə biləcək qədər heç bir adda kənd təsərrüfatı məhsulu istehsal edə bilmir”.
Bunu Modern.az-a aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, Azərbaycan tərəvəz məhsullarına olan tələbatını nisbətən ödəyə bilir: “Tərəvəz məhsullarına olan tələbatımızın təxminən 95 faizini ödəyə bilirik. Digər məhsullarla gəldikdə, Azərbaycan öz tələbatını ödəyəcək qədər məhsul istehsal edə bilmir”.
Ekspert Rusiyanın Avropadan ərzaq məhsullarının idxalına qadağa qoyduqdan sonra məhsul ixracında Azərbaycana üstünlük verməsini ciddi hesab etmir:
“Son zamanlar Rusiyanın dövlət məmurlarının bu ölkəyə ərzaq mallarının ixracında Azərbaycan və Orta Asiya ölkələrinin adını çəkməsi, həmin məmurların düzgün hesablamalar aparmaması ilə əlaqədardır. Düzdür Azərbaycan əvvəllər Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edib. Amma bu məhsulların miqdarı çox cüzi olub. Biz Rusiyaya təxminən 200 min ton meyvə-tərəvəz ixrac edirik. Rusiya bazarı üçün bu rəqəm əhəmiyyətli deyil. Rusiyaya məhsul idxalında Azərbaycanın və digər ölkələrin adlarının çəkilməsi məmurların dünya iqtisadiyyatı ilə bağlı məlumatlarının az olmasından xəbər verir”.
V.Məhərrəmovun fikrincə, Rusiyaya ixracın artması daxili bazara çox ciddi təsir edəcək: “Azərbaycan az məhsul istehsal edir. İstehsal etdiyi məhsulun da bir qismi Rusiyaya gedir. Bu da qiymətlərin çox sürətlə qalxmasına səbəb olub. Azərbaycan adekvat olaraq hansı ölkədən məhsul idxal etsə, həmin məhsulların qiyməti qalxacaq”.
Ekspert düşünür ki, məhsul ixracı ən çox inhisarçılara sərf edir: “Rusiya bazarlarına ixracın artması nəticəsində kənd təsərrüfatı məhsullarının qiymətlərinin artması istehlakçılarımızın ərzaq üçün daha çox maliyyə vəsaiti ödəməsi ilə nəticələnəcək. Azərbaycanda zirək inhisarçılar var. Onlar digər ölkələrdən respublikamıza kənd təsərrüfatı məhsulları idxal edəcəklər. Bizim istehlakçıların da həmin məhsulu əldə etməkdən başqa yolu qalmır. Ona görə də idxalla məşğul olan inhisarçılar çox asanlıqla bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərini qaldıracaqlar”.
V. Məhərrəmovun sözlərinə görə, bu il Azərbaycanda məhsul istehsalına fikir verilməyib: “Ümumiyyətlə bu il kənd təsərrüfatı məhsullarının istehsalına fikir verilmədi. Taxıl, yem istehsalı azalıb. Bu da ondan xəbər verir ki, Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı da azalacaq. Bizi yaxın aylarda kəskin qiymət artımı gözləyir”.
“Bəs, biz ixraca qadağa qoya bilərikmi” sualına ekspert belə cavablandırıb: “İndiki halda Rusiyaya edilən ixraca qadağa qoymaq heç bir məsələni həll etməyəcək. Alma, yaxud xurmanın ölkədə qalması hesabına fermerlərə ziyan dəyməsinin heç kimə xeyri yoxdur. Artıq bizim ehtiyacımız olan məhsullar - kartofun, pomidorun bir hissəsi Rusiyaya gedib. Rusiyaya ixrac olunan məhsullara qadağa qoymağın faydası yoxdur. Bunun üçün yeni qanun hazırlanmalıdır. Qiymət siyasəti aparılmalı, idxal-ixrac məsələləri tənzimlənməlidir. Bizdə də belə qanunun hazırlanması uzun müddət tələb edir”.
Sorğu
Yeni dizaynımız necədir?