Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun şikayətinə baxılıb.
Məhkəmə prosesində İlqar Məmmədov özü də iştirak edib.
Mərkəzi Seçki Komissiyası ötən həftə İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb. Onun namizədliyinin müdafiəsi üçün kifayət qədər imzanın toplanmadığı (minimum 40 min imza tələb olunur) bəyan olunub. Məhkəməyə bu qərardan şikayət verilib. məhkəmə prosesinə sədrliyi hakim Elmira Nağıyeva edib. Prosesdə MSK-nın nümayəndəsi Ramiz İbrahimov da iştirak edib.
Hakim ekspertiza rəyinin təyin edilməsi haqda qərar çıxarıb. Ekspert qrupunun təyin olunması Ədliyyə Nazirliyinə həvalə edilib. Bildirilib ki, ekspertiza nəticəsində hər hansı qanun pozuntusu aşkarlansa, MSK-nın iş üzrə nümayəndələrinə xəbərdarlıq olunacaq.
İlqar Məmmədovun vəkili Xalid Bağırov proses zamanı bildirib ki, MSK sənədləri düzgün yoxlamayıb, məhkəməyə təqdim olunan sənədlər ehtimallar əsasında hazırlanıb.
Məhkəmə prosesinin sonunda İlqar Məmmədov ekspertiza rəyinin uzanacağı halda hər kəsi Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənliyə səs verməyə çağırıb.
İlqar Məmmədov bu il fevralın 4-dən həbsdədir, Bakı İstintaq Təcridxanasında saxlanır.
Sorğu
Yeni dizaynımız necədir?