Bir qrup təxribatçının sentyabrın 29-da axşam paytaxtda “Bakı” kinoteatrında Demokratik Qüvvələrin Milli Şurasından (DQMŞ) prezidentliyə namizəd Cəmil Həsənlinin gənclərlə görüşünü pozmaq cəhdlərinə baxmayaraq, görüş baş tutub və yüksək emosional atmosferdə keçib.
Turan-ın məlumatına görə, aaat 18.00-a təyin edilmiş görüş başlamazdan əvvəl müxtəlif MİS, bələdiyyə və Xətari Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət bir qrup şəxs zala daxil olub.
Kinoteatrın önündə də buna bənzər bir qrup görünüb, lakin onlar Həsənliyə qarşı plakatlar qaldıraraq, vaxtından əvvəl özlərini ələ veriblər və seçki qərargahı üzvlərinin tələbi ilə polis müdaxilə etmək və bu insanları kənarlaşdırmaq məcburiyyətində qalıb.
Zalda isə təxribatçılar Həsənli içəri girdikdə səs-küy salmağa çalışıblar. Lakin Həsənlinin tərəfdarları coşqun şəkildə etiraz edərək, bu insanları zalı tərk etməyə məcbur ediblər.
Onların bəziləri yenə də zalda qalaraq, vaxtaşırı təxribat xarakterli şüarlar səsləndirməyə çalışıblar.
Amma onların qışqırıqları müxalif liderin auditoriyası tərəfindən alqışlarla eşidilməz olub.
Bu zaman polis boş yer olmaması bəhanəsi ilə bir çox insanları zala buraxmayıb, baxmayaraq ki, insanlar Həsənlini ayaq üstdə də dinləməyə hazır olublar.
C.Həsənli vətəndaşları fəal olmağa və öz talelərinə biganə olmamağa, 9 oktyabr seçkilərində bu hakimiyyətə “Yox!” deməyə çağırıb.
Görüş başa çatdıqdan sonra onun iştirakçıları Həsənlini şadyanalıqla yola salıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?