GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Cəmil Həsənlinin seçki qərargahı hesabat yaydı

Cəmil Həsənlinin seçki qərargahı hesabat yaydı

Tarix: 7-10-2013, 16:24 Bölmə :Manşet Baxış: 858
  Cəmil Həsənlinin  seçki qərargahı hesabat yaydı
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının vahid namizədi
Cəmil Həsənlinin Seçki Qərargahı 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkiləri üzrə seçkiqabağı siyasi durum və təşviqat kampaniyasının nəticələri haqqında hesabat yayıb. "Yeni Müsavat" qəzetinin redaksiyasına daxil olmuş hesabatın mətni aşağıdakı kimidir.

***

"Demokratik Qüvvələrin Milli Şurasının (Milli Şura) namizədi Cəmil Həsənlinin Seçki Qərargahı 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında prezident seçkilərinin səsvermə gününədək olan mərhələsinin, həmçinin seçkiqabağı təşviqat kampaniyasının qeyri-demokratik şəraitdə və ədalətli olmayan hüquqi baza əsasında ciddi qanun pozuntuları və inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçirildiyini bildirir.

Seçki Qərargahı bəyan edir ki, geridə qalan seçki mərhələsi seçicilərin məlumat mənbələrinə çıxış imkanlarının məhdudlaşdırılması, rejimin siyasi opponentlərinə güc vasitəsilə təzyiqi, prezidentliyə namizəd Cəmil Həsənliyə qarşı böhtan və təhqir kampaniyasından istifadə edilməsi və cəmiyyətdə siyasi qarşıdurmanın artırılması şəraitində keçib.

9 oktyabr 2013-cü il prezident seçkilərinin seçkiqabağı təbliğat-təşviqat dövrü Azərbaycanda son 20 ildə keçirilən əvvəlki seçkilərdə olduğu kimi azad, demokratik, həqiqi və ədalətli seçkilərlə bağlı BMT-nin, ATƏT-in və Avropa Şurasının beynəlxalq öhdəliklərində nəzərdə tutulan tələblərə uyğun gəlməyib.

Qeyd edilən pozuntulara baxmayaraq, Demokratik Qüvvələrin Milli Şurası 9 oktyabr 2013-cü il prezident seçkisində iştirakla bağlı Cəmil Həsənlini müxalifətin əsas namizədi kimi müəyyən edərək, onun prezidentliyə namizədliyinin qeydiyyatı, seçki qərargahının yaradılması və seçkiqabağı təşviqatının təşkili üçün müəyyən etdiyi Fəaliyyət Planı əsasında müvafiq tədbirlər həyata keçirib. Mövcud siyasi şəraitin və qanunun imkan verdiyi şəkildə təcrübəli şəxslərin daxil olduğu Seçki Qərargahı və onun strukturları yaradılıb, Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri, vəkilləri qeydiyyatdan keçirilib, qeyri-bərabər vəziyyətdə olsa da, ölkə boyunca seçki təşviqatı aparılıb. Lakin bütün bu dövr ərzində seçicilərlə görüşlər, mitinqlər və tədbirlər zamanı bir qayda olaraq icra hakimiyyəti orqanlarının təşkil etdiyi təxribatlar, təzyiqlər və maneələrlə üzləşilib. İctimai TV-də və Radioda çıxış etmək üçün həddən artıq az vaxt ayrıldığı üçün Cəmil Həsənli bu quruma ötən seçkilərə nisbətən qəsdən dəfələrlə bahalaşdırılmış pullu efir vaxtı üçün müraciət edib, lakin Seçki Məcəlləsi kobud şəkildə pozularaq ona pullu efir vaxtı ayırmaqdan açıq şəkildə imtina edilib.

Beynəlxalq öhdəliklər

Azərbaycan hakimiyyəti azad və ədalətli seçkilərin keçirilməsi üzrə beynəlxalq öhdəliklərinin heç birini yerinə yetirməyərək, indiyədək Avropa Şurası Parlament Assambleyası (AŞ PA), Avropa Şurası Venesiya Komissiyası (AŞ VK) və ATƏT-n Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) tövsiyələrinə əməl etməyib. Xüsusi olaraq qeyd edək ki, 2003-cü ildən indiyədək AŞ PA, AŞVK və ATƏT/DTİHB Azərbaycanda keçirilən seçkilərdən sonra qanunvericilik aktlarının və seçki təcrübəsinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürsə də, hakimiyyət bu qurumlarla dialoq və əməkdaşlıqdan yayınıb, seçki qanunvericiliyində mütərəqqi islahatlar əvəzinə, 2008 və 2010-cu illərdə Seçki Məcəlləsinə mürtəce dəyişikliklər edib.



Seçkinin hüquqi bazası və seçki sistemi

18 mart 2009-cu ildə “Konstitusiyaya əlavə və dəyişikliklər haqqında” Referendum Aktının ictimai-siyasi müzakirələri, referendum aktının hazırlanması və referendumun təşkili ciddi hüquqi pozuntularla müşayiət olunaraq keçirilib. Referendum seçicilərin iradəsini əks etdirməyib, nəticədə ölkədə bir şəxsin ikidəfədən artıq prezident seçilməsini məhdudlaşdıran müddəa Konstitusiyadan çıxarılıb. Bu cür antidemokratik düzəliş nəticəsində ölkədə respublikaçılıq ənənələrinin sarsılması və birpartiyalı siyasi hakimiyyətin de-fakto yaradılması üçün hüquqi məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda 15 oktyabr 2008-ci ildə real olaraq alternativsiz prezident seçkiləri nəticəsində dövlət başçısı postunda qalan İlham Əliyevin ikinci dönəm prezidentlik üçün verdiyi anda rəğmən, onun yenidən üçüncü dəfə prezidentliyə namizəd olması qanunsuz sayılmalı, seçkilərdə iştirakı qeyri-legitim hesab edilməlidir.

Mərkəzi Seçki Komissiyasının, həmçinin 125 dairə və 5300 məntəqə seçki komissiyasının tərkibinin formalaşdırılması AŞ PA Venesiya Komissiyasının tövsiyələrinə məhəl qoymadan əsas müxalif siyasi partiyaların iştirakı olmadan, hakim Yeni Azərbaycan Partiyasının mütləq üstünlüyü əsasında yaradılması, ölkədə müstəqil seçki administrasiyasının yaradılması tələblərinə və ictimai etimada cavab vermir. Xüsusilə qeyd edək ki, 2005-ci il parlament seçkilərindən sonra Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda seçki hüquqlarının pozulması üzrə 20-dən artıq qərar versə də, bu prosesdə iştirak edən seçki komissiyalarının üzvlərinin, o cümlədən MSK üzvlərinin məsuliyyəti hüquqi qiymətini almamış, ictimai və işgüzar nüfuzunun zədələnməsinə baxmayaraq, onlar hələ də seçki komissiyalarında təmsil olunurlar.

Hazırda Seçki Məcəlləsinə əsasən, hər üç səviyyə seçki komissiyalarında üzvlərin 3/1 hissəsi Yeni Azərbaycan Partiyasını, qalan 3/1 hissə parlamentdə yer alan digər siyasi partiyaları, digər 3/1 hissə isə müstəqil deputatları təmsil edir. Əslində bu cür format 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü və AŞ PA-nın qətnamələrində yer alan öhdəliyin – seçki komissiyalarının bütün siyasi qüvvələrin bərabər təmsilçiliyi şəraitində formalaşması prinsipinə ziddir. İkincisi, hazırkı parlamentdə mövcud yerlərin tutulması ölkədəki gerçək siyasi münasibətləri əks etdirmir.

Seçkiqabağı kampaniya və təşviqat

Seçkiqabağı kampaniyanın 120 gündən 60 günədək azaldılması təşviqat kampaniyasının isə 21 günə endirilməsi səsvermə hüququ olan seçicilərlə təmaslar, təbliğat və təşviqat işinin vaxt çərçivəsini ciddi şəkildə daraldır və seçki prosesinə marağı azaldır.

- Prezidentliyə namizədlərin təşviqat kampaniyası rekord qısa müddətdə və hökumətin KİV üzərində total nəzarəti şəraitində keçib, bu isə müxalifət namizədinə təşviqat kampaniyasını tam şəkildə həyata keçirmək imkanlarını məhdudlaşdırıb. Bunun aşağıdakı səbəbləri var:

- İlk dəfə namizədlərin seçki kampaniyasının dövlət büdcəsindən maliyyələşdirilməsi ləğv edilib,
bu da ölkədə maliyyə resursları üzərində hakimiyyətin total nəzarəti şəraitində müxalifət
namizədinə maliyyə resurslarından istifadə imkanı verməyib. Namizədlərə yalnız bank hesabı vasitəsilə pul köçürülməsi barədə icbari tələb isə müxalif namizədin kampaniyasına yardım etmək istəyənlərin çoxunu qorxudub. Yardım etmək istəyənlər hakimiyyətin
təqibindən çəkiniblər.

- Cəmil Həsənlinin televiziya ilə çıxışları üçün yalnız İctimai Televiziyadakı debatlarda 6 dəqiqə vaxt ayrılıb. Onun ümumi çıxış müddəti 54 dəqiqə, faktiki olaraq əsasən iqtidar mövqeyindən çıxış edən opponentlərin vaxtı isə 486 dəqiqə olub. Başqa hallarda İTV və digər telekanallar Cəmil Həsənliyə çıxış üçün vaxt ayırmayıblar, İctimai Televiziya hətta ona reklam və ya ödənişli əsasla vaxt ayırmaqdan da imtina edib. Ötən mərhələdə telekanal və radiolarda seçki mövzusuna ya ümumiyyətlə toxunulmayıb, ya da Milli Şuranın namizədinin əleyhinə tənqid və təhqir məzmunlu çıxışlar təşkil olunub.

- İTV-də “debat” adlanan verilişləri isə debat saymaq mümkün deyil, çünki bu zaman namizədlərin ən azı 7 nəfəri Milli Şuranın namizədinə hücum və təhqir kampaniyası həyata keçirib. Debatlar həmin namizədlərin seçkilərdə formal iştirakını və faktiki məqsədini göstərib – Mili Şura namizədinə mane olmaq.

- Debatlarda Cəmil Həsənli və Milli Şura İTV aparıcısının səhlənkarlığı və iqtidar təəssübkeşliyi nəticəsində açıq təhqirlərə məruz qalıb.

- Bu dövrdə çap və onlayn KİV-lərin böyük əksəriyyəti prezident İlham Əliyevə dəstək üzrə informasiya kampaniyası aparıb, Milli Şura namizədinə qarşı isə məqsədyönlü tənqid həyata keçiriblər. KİV-in bu mövqeyi onların hakimiyyətdən iqtisadi və siyasi asılılığı ilə əlaqədardır. Eyni zamanda çap KİV-lərinin tirajı məhduddur. Böhtan və başqa ittihamlar üzrə məhkəmə iddiaları jurnalistlərə sərbəst işləmək və fikrini ifadə etmək imkanı vermir. 4 iyun 2013-cü ildə diffamasiyaya görə cinayət məsuliyyəti İnternetə də şamil edilib.

- Seçki təşviqatı dövründə İlham Əliyev öz prezident statusundan istifadə edib müxtəlif dövlət obyektləri açaraq, maaş və pensiyaların artırılması barədə sərəncamlar verərək, hər gün televiziyalarda reklam edilib. Prezident statusundan sui-istifadəni o da göstərir ki, əgər 2012-ci ilin iyul-sentyabrında regionların sosial-iqtisadi inkişafı məqsədi ilə 52,4 milyon manatlıq 13 sərəncam verilibsə, 2013-cü ilin eyni aylarında 160,8 milyon manatlıq 68 sərəncam verilib. Bu vəsaitlər əsasən inzibati resursların aktivləşdirilməsinin təşviqi üçün verilib.

- Ümumiyyətlə, 7 telekanalın (AzTV, ATV, ANS, İTV, “Lider TV”, Space, Xazar) informasiya proqramalarında prezident İlham Əliyev 11 saat 45 dəqiqə, müxalifətdən olan namizəd Cəmil Həsənli isə cəmi 16 dəqiqə təqdim edilib. Bunu da qeyd edək ki, İ.Əliyev pozitiv, C.Həsənli isə neqativ rakursda təqdim olunub.

- Seçkilərin ötən mərhələsində istər dövlət, istərsə də ictimai və özəl telekanallar ''Televiziya və radio yayımı haqqında'' qanunun müddəalarını kobud şəkildə pozmuşdur. Bu qanunun 32-ci maddəsinin 32.0.2.1 bəndinə əsasən, bütün telekanallarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmalıdır.

- ''Televiziya və radio yayımı haqqında'' qanunun 32.0.4 bəndinə əsasən, faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir; 32.0.3 bəndə əsasən, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır; 40.2.4 bəndə əsasən, insanların şəxsi həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşılmalı; 40.2.5 bəndə əsasən, yayım zamanı peşə etikasına riayət edilməlidir (2003-cü ildə qəbul edilən Azərbaycan Jurnalistlərinin Peşə Etikası Məcəlləsi); nəhayət, 40.2.9 bəndə uyğun olaraq, informasiyanın qərəzsizliyi və tərəfsizliyi təmin edilməlidir.

Dövlətin iştirakı ilə formalaşan KİV-də etik prinsipləri tənzimləməli olan Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası kimi yarımictimai strukturlar bu kobud pozuntulara reaksiya verməyiblər.



Yığıncaq azadlığının məhdudlaşdırılması

Konstitusiya və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olaraq, hakimiyyət seçki təşviqatı dövründə vətəndaşların açıq havada və qapalı yerlərdə yığıncaqlar keçirməsinə məhdudiyyətlər yaradıb. Tədbirləri keçirmək üçün əsasən toplanma üçün yararsız olan və ucqar yerlər ayrıldı. Amma hakim Yeni Azərbaycan Partiyası öz mitinq və görüşlərini ölkə şəhərlərinin mərkəzində inzibati binaların qarşısında keçirdi.

Milli Şuranın namizədi Cəmil Həsənlinin regionlardakı mitinqlərinə görüşləri pozmaq üçün təxribatçılar gətirilir və onlar açıq şəkildə mitinq iştirakçılarına qarşı güc tətbiq edirdi. Həmçinin hakimiyyət qabaqcadan əhalini qorxudur, müxalifətin mitinqində iştirak etmək istəyənləri repressiyalarla hədələyirdi. O cümlədən, namizəd İqbal Ağazadənin görüşlərini keçirmək üçün maneələr yaradılırdı.

Namizədlər İlham Əliyev, Hafiz Hacıyev, Qüdrət Həsənquliyevin mitinqlərində isə çoxsaylı məcburi iştirak halları qeydə alınıb, dövlət idarələri, təhsil müəssisələri işçilərinin və tələbələrin zorla bu mitinqlərə gətirildiyi müəyyən edilib.

Vətəndaş cəmiyyətinə təzyiq

Seçkilər ərəfəsində və seçki kampaniyası dövründə hakimiyyət qorxutma, həbs və zorakılıq yolu ilə vətəndaş cəmiyyəti fəallarına təzyiqləri artırıb.
Milli Şura namizədinin 22 sentyabr mitinqindən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlinin oğlu Türkel Kərimli və daha iki aksiya iştirakçısı həbs edildi.
Bundan əlavə, Demokratik Qüvvələrin Milli Şurasının namizədinin qərargah üzvü Oqtay Gülalıyevin 16 yaşlı oğluna hücum edilib və bədən xəsarətləri yetirilib.
Müsavat Partiyasının Qəbələ rayon təşkilatının özək sədri İmran İsmayılov namizəd prezidentliyə namizəd Cəmil Həsənlinin təşviqat materiallarını payladığı üçün 7 sutka müddətinə azadlıqdan məhrum edilib.
18 avqust mitinqi ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimli həbs olunub.
Müsavat Partiyasının Gəncə rayon təşkilatının sədri Oqtay Zeynalov, həmin partiyanın Sabirabad rayon təşkilatının sədr müavini, prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Azər İsmayıl bu rayonda keçiriləcək görüş-mitinq ərəfəsində həbs edilərək, bir gün polis idarəsində saxlanmışdır.
Mart ayında NİDA hərəkatının fəalları Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu, daha sonra hərəkatın liderləri Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı həbs olunub.

“Human Rights Club” Azərbaycan hüquq müdafiə təşkilatının məlumatına görə, bütövlükdə ilin əvvəlindən bu yana həbslər davam edib və prezident seçkiləri ərəfəsində ölkədə fəalları, jurnalistləri, hüquq müdafiəçilərini və dindarları əhatə edən siyasi məhbusların sayı 142 nəfərə çatıb.

Seçkiləri işıqlandıran jurnalistlərə təzyiqlər

Mingəçevir və Sabirabadda polis və hakimiyyət tərəfindən öyrədilmiş şəxslər Cəmil Həsənlinin seçicilərlə görüşünü işıqlandıran jurnalistlərə qarşı fiziki və mənəvi zorakılıq tətbiq ediblər. Məsələn, sentyabrın 5-də bir qrup jurnalist, o cümlədən “Turan” İnformasiya Agentliyindən Etimad Budaqov, “Yeni Müsavat” qəzetindən Röya Rəfiyeva, “Azadlıq” qəzetindən Ramin Deko və Sevinc Vaqifqızı, “Media forum” saytının əməkdaşı Amid Süleymanov, “Bakunews” saytının əməkdaşı İlham Rəsulzadə və başqaları Sabirabadda Cəmil Həsənlinin seçkiqabağı aksiyasını işıqlandırarkən hücuma və fiziki zorakılığa məruz qalıb. Həmin mitinqdə Müsavat Partiyasının üzvləri Mətin Nağıyev və İlqar Şirəli, AXCP üzvü Türkel Əlisoy və başqaları da fiziki zorakılığa məruz qalıb. Hücumlar hüquq mühafizə orqanları əməkdaşlarının yanında baş verib və onlar jurnalistlərin döyülməsinin qarşısını almaq üçün heç bir tədbir görməyiblər. Bəzi jurnalistlər ciddi bədən xəsarəti alıb, onların avadanlıqlarına ziyan dəyib.

Sentyabrın 2-də Baş Prokurorluq Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun reportyoru, seçkiləri intensiv işıqlandıran fəal bloqçu Mehman Hüseynovu qorxutmaq məqsədi ilə iki saat dindirib.

Namizədlərin qeydiyyatı
Hakimiyyət əsassız olaraq 4 namizədi qeydə almaqdan imtina etdi. Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyov ikinci vətəndaşlıqla bağlı imtina cavabı aldı, hərçənd qanunvericilik yalnız başqa ölkə qarşısında öhdəlik olduğu təqdirdə seçkidə iştirakı məhdudlaşdırır. İbrahimbəyov belə öhdəliklərin olmaması ilə bağlı rəsmi sənədlər təqdim etdi, lakin onlar nəzərə alınmadı.
“Real” Hərəkatının sədri İlqar Məmmədov seçkidən öncə qanunsuz olaraq həbs edildi və daha sonra onun namizədliyi də əsassız şəkildə qeydə alınmadı. Seçkidə iştirakı əngəllənən İlqar Məmmədov və “Real” Hərəkatı Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləmək barədə qərar verdi.
Seçkilərə 10 namizəd buraxıldı və onların əksəriyyəti namizəd İlham Əliyevin vəkilləri kimi çıxış etdi. Bu da seçkiləri formal, qeyri-bərabər, qeyri-demokratik, hakimiyyətin ciddi müdaxiləsi ilə keçirildiyini sübut etdi. İlham Əliyev və bir sıra digər namizədlər Seçki Məcəlləsini pozaraq bu günəcən gəlirləri barədə bəyannamə təqdim etməyib, onların mülkiyyət məlumatları cəmiyyətə açıqlanmayıb. Cəmil Həsənlinin tələb və iradlarına baxmayaraq, bu, MSK tərəfindən nəzərə alınmır.
Seçicilərin sayı
Hakimiyyətin seçkiləri saxtalaşdırmaq səylərini ölkədəki seçicilərin sayı ilə bağlı MSK ilə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdəki fərq də təsdiq edir. MSK-nın məlumatına görə, hazırda ölkədə 4,9 milyon seçici, AR Dövlət Statistika Komitəsinin məlumatına görə isə – 6,4 milyon seçici var. Rəsmi məlumatlara əsasən, seçicilərin siyahısına Azərbaycanı tərk edənlərin də adları salınıb, bu da saxtalaşdırma üçün geniş imkanlar yaradır.

Cəmil Həsənlinin təşviqat kampaniyası

Cəmil Həsənlinin təşviqat kampaniyasında aşağıdakı tədbirlər keçirilib:

1. Cəmil Həsənlinin İctimai Televiziyada 9 debatda iştirakı;
2. Cəmil Həsənlinin nümayəndələrinin İctimai Radioda 9 debatda iştirakı;
3. Bakı şəhərində 3 görüş-mitinq;
4. Ölkə regionlarında seçicilərlə 8 görüş: Mingəçevir, Gəncə, Şəki, Sabirabad, Masallı, Quba, Neftçala, Sumqayıt;
5. Bakıda gənclərlə görüş;
6. “Bakı” kinoteatrında Bakı şəhəri Xətai rayonu seçiciləri ilə görüş;
7. Cəmil Həsənlinin 2 növ təşviqat plakatlarının, 2 növ bukletlərinin çapı və ölkədə yayılması;
8. Təşviqat materiallarının paylanması ilə həyata keçirilən “Qapıdan-qapıya!” aksiyası;
9. Cəmil Həsənlinin seçkiqabağı reklam çarxlarının hazırlanıb internetdə nümayiş etdirilməsi;
10. Sosial şəbəkələrdə təbliğatın təşkili;
11. Cəmil Həsənlinin yerli və xarici KİV-ə mətbuat konfransı və müsahibələri;
12. Ayrı-ayrı seçicilər, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər.

Hakimiyyət Cəmil Həsənlinin təşviqatına mane olmağa çalışıb və çirkin mübarizə yollarından istifadə edib. Bu dövrdə aşağıdakı qanunsuz və qeyri-əxlaqi hərəkətlər edilib:

1. İctimai Televiziyada və Radioda debatlar zamanı Cəmil Həsənli mütəmadi olaraq hakimiyyətin və hakimiyyətə bağlı namizədlərin, yaxud da onların təmsilçilərinin təhqir və böhtanına məruz qalıb. Bununla əlaqədar o, tədbir görülməsi üçün MSK-ya müraciət etməsinə baxmayaraq, MSK tərəfindən heç bir tədbir görülməyib, əksinə MSK Cəmil Həsənlinin özünə xəbərdarlıq edib.

2. Həsənlinin seçicilərlə görüşü zamanı hakimiyyət guya onun bəyanatları və platforması ilə razılaşmayanların, əslində isə icra hakimiyyəti strukturları tərəfindən bu tədbirlərə gətirilmiş xüsusi adamların iştirakı ilə təxribatlar hazırlayıb. Polisin səhlənkarlığı, hətta iştirakı ilə bu görüşlərdə qarşıdurmalar yaradılıb. Regional hakimiyyət orqanları da Cəmil Həsənli ilə görüş təyin ediləndən öncə yerli seçiciləri qorxudaraq onunla görüşə mane olublar. Görüşlərin və mitinqlərin keçiriləcəyi yerlərə gedən yollar bağlanıb. Görüşlər zamanı görüş keçirilən zalların ətrafında təmir işlərinin aparılması təşkil edilib.

3. Bir sıra telekanallar yalnız Cəmil Həsənliyə qarşı məqsədyönlü qara piar aparıb, amma seçki prosesini işıqlandırmayıb.

4. Ölkənin müxtəlif yerlərində namizədlərin plakatları üçün lövhələrdə Cəmil Həsənlinin plakatlarının cırılması halları qeydə alınıb.

Nəticələr və tələblər

Cəmil Həsənlinin Seçki Qərargahı 9 oktyabr 2013-cü il prezident seçkisinin ötən mərhələsində hüquqi proseduraların və demokratik seçki prinsipləri üzrə beynəlxalq standartların ciddi şəkildə pozulduğunu nəzərə alaraq bəyan edir:

1. 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında prezident seçkilərinin seçki gününədək olan mərhələsi qeyri-demokratik şəraitdə və ədalətli olmayan hüquqi baza əsasında ciddi qanun pozuntuları və inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçirilib. Hakimiyyət seçicilərin məlumat mənbələrinə çıxış imkanlarının məhdudlaşdırıb, mətbuat azadlığını təmin etməyib, siyasi opponentlərinə güc vasitəsilə təzyiqlər göstərib.

2. Seçki ərəfəsində Azərbaycanda bir çox siyasi xadimlər və ictimai fəallar siyasi motivlərlə həbs edilib, prezidentliyə namizədliyini irəli sürmüş “REAL” Vətəndaş Hərəkatının lideri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov, tanınmış vəkil Qurban Məmmədov, jurnalist və ictimai xadim Hilal Məmmədov, jurnalist Əvəz Zeynallı, İslam Partiyasının sədri Mövsüm Səmədov, NİDA Vətəndaş Cəmiyyətinin üzvləri, gənc fəallar Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, , Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, AGT üzvü İlkin Rüstəmzadə, gənc ilahiyyatçı Taleh Bağırzadə və başqa siyasi məhbuslari azad etmək əvəzinə, əksinə digər şəxslərin də siyasi motivlərlə həbs olunması hesabına siyasi məhbusların sayı daha da artıb.

3. Hakimiyyət prezidentliyə namizəd Cəmil Həsənliyə qarşı böhtan və təhqir kampaniyasından istifadə edib, onun seçki kampaniyasına ciddi əngəllər yaradıb. Həmçinin hakim partiyanın namizədi, namizəd kimi qeydə alınması demokratik prinsiplərə və qanunlara zidd olan mövcud prezident İlham Əliyevin xeyrinə dövlət resurslarından istifadə edilib. Nəticə olaraq 9 oktyabr 2013-cü il prezident seçkilərinin səsverməyə qədər olan mərhələsi azad, demokratik və ədalətli seçkilərlə bağlı BMT-nin, ATƏT-in və Avropa Şurasının beynəlxalq öhdəliklərində nəzərdə tutulan tələblərə uyğun keçirilməyib.


4. Seçki Qərargahı hakimiyyətdən və seçki komissiyalarından seçki günü səsvermənin və onun nəticələrinin müəyyənləşməsinin qanuni, şəffaf və ədalətli olmasını;

5. Seçki gününədək və bundan sonra seçki qanunlarını pozulması ilə bağlı obyektiv araşdırma aparmağı və günahkarların cəzalandırılmasını tələb edir.

6. Seçki Qərargahı hakimiyyətin özünə yaxın qurumlar vasitəsi ilə exit-pollar keçirməyə hazırlaşmasını pisləyir və bunun seçki nəticələrinin saxtalaşdırılacağına yardım məqsədi daşıdığını bəyan edir.

7. Seçki Qərargahı yerli və beynəlxalq seçki müşahidəçilərini, həmçinin seçki ilə bağlı mövqelərini açıqlayan beynəlxalq təşkilatları və ayrı-ayrı dövlətləri tərəfsizliyə və obyektivliyə çağırır".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənlini Seçki Qərargahı seçkilərin ləğvini tələb etdi

    Cəmil Həsənlini Seçki Qərargahı seçkilərin ...

    10-10-2013, 11:47

  • 
  • Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşündən danışdı

    Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşündən ...

    16-09-2013, 16:09

  • 
  • KXCP fəalı həbs olunub

    KXCP fəalı həbs olunub ...

    24-09-2013, 17:48

  • 
  • Cəmil Həsənlinin namizədliyi ləğv oluna bilər

    Cəmil Həsənlinin namizədliyi ləğv oluna bilər ...

    1-09-2013, 11:21

  • 
  • Cəmil Həsənlinin sənədləri sabah MSK-ya təqdim olunacaq

    Cəmil Həsənlinin sənədləri sabah MSK-ya təqdim ...

    23-08-2013, 21:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu