Aldadılan iş adamı: “Cənab prezident, ümidim yalnız sizədir...”
Qazax rayon, Aşağı Əksibara kənd sakini, Məmmədov Elşad Tofiq oğlu redaksiyamıza və paralel olaraq dövlət başçısına şikayət məktubu ünvanlayıb. Şikayət məktubunda iş adamı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli tərəfindən aldadıldığını və ölkə məhkəmələrinin bu şəxslə bacarmadığı faktlarla öz əksini tapıb. Şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq.
“Cənab Prezident! 2 ildir ki, Hacı İbrahim Nehrəmli tərəfindən hədə-qorxu və dələduzluq yolu ilə qanunsuz olaraq 2 mənzilim əlimdən alınıb. Bu haqsızlıqğı sizə və ölkənin birinci xanımı Mehriban Əliyevaya çatdırmaq üçün 700 şikayət ərizəsi, 100-ə yaxın qəzetlərdə məqalə, 100-ə yaxın internet saytlarında müraciət etmişəm. Buna sübut kimi “Google” səhifəsində girib Hacı İbrahim Elşad Məmmədov yazmaq kifayət edir. Və siz görəcəksiniz ki, sizə və Mehriban xanıma, MTN-ə, DİN-ə və Prokurorluğa bu qədər şikayət yazan adamın bir dəfə də olsun heç bir nazirlik strukturları maraqlanmayıblar. Axı mənim Hacı İbrahimli Nehrəmlinin mühafizəçisi hədə-qorxu yolu ilə bondatdelin (Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin) əli ilə tutduracağını və əlimdəki ev sənədlərini qaytarmasan həmin binaya yaxın gəlsən sənin ayaqlarını sındırıb öldürərik deyib.
CənabPrezident! Axı Siz bütün çıxışlarınızda sahibkarların haqlarının qorunmasından və hər bir vətəndaşın prezidenti olmağınızdan danışırsınız. Hüquqlarım Hacı İbrahim Nehrəmli tərəfindən pozulub və bu haqqımı mən heç cür Azərbaycanda bərpa edə bilmirəm. 1. MTN-nin əsas binasına gedib 2-ci mərtəbədə şikayət ərizəsini şəxsən baş idarənin işçisinə vermişəm və Hacı İbrahim Nehrəmlinin hədə-qorxu və dələduzluq yolu ilə mənzillərimi əlimdən almasını demişəm. Çox maraqlıdır ki, MTN-nin əməkdaşı “biz dövlətin təhlükəsizliyini qoruyuruq, bu iş bizlik deyil” dedi. Bəs biz bu dövlətin vətəndaşı deyilikmi? Mən Azərbaycan ordusuna 4 il qulluq etmişəm. Böyük qardaşım Qarabağ müharibəsi veteranıdır. Bəs onda biz bu dövləti nəyə görə qorumuşuq? Lazım olanda haqlı olsaq belə dövlət bizi bu dələduzun əlindən qurtarmır.
2. Prokurorluğa 2 il ərzində yazdığım şikayət ərizələri hərəkətsiz saxlanılır. Nədənsə Korrupsiyaya qarşı Mübarizə İdarəsində və Baş Prokurorluqda Hacı İbrahim Nehrəmlinin etdiyi dələduzluq faktları ortada fakt olsa da bununla bağlı cinayət işi açılmır. Əlimdə Hacı İbrahimə məxsus “AVESTA” Konserninə daxil olan “Həsən-96” MTK-ya, (yeri gəlmişkən həmin şirkətin rəhbəri Emil Tağıyev Hacı İbrahim Nehrəmlinin bacanağıdır-red) aid maliyyə arayışı və kassa mədaxil çeki var ki, mən şirkətə nəğd şəkildə pul ödəmişəm. Amma bütün bunlara baxmayaraq heç bir cinayət işi açılmayıb.
3. Daxili İşlər Nazirliyinə Hacı İbrahim Nehrəmlinin adamları tərəfindən məni açıq nömrədən dəfələrlə ölümlə və “Bandotdel”in əliylə tutduracağını bildirməsiylə başlı şikayətimlə bu günə qədər heç bir güc strukturu maraqlanmayıb. Maraqlıdır, həmin ifadələri mən Hacı İbrahim Nehrəmli barəsində desəydim necə olacaqdı? Bir vətəndaş kimi bizim həyatımızla Daxili İşlər Nazirliyi maraqlanmır. Başımıza bir hadisə gəlsə mənim 3 körpə övladıma kim baxacaq? Bu məsuliyyəti öz üzərinə kim götürəcək? Hamıya məlumdur ki, Hacı İbrahim Nehrəmli milyarderdir, idmançı mühafizəçiləri var və nə istəyirsə onu da edir.
4. Ədliyyə Nazirliyinə məhkəmələrin ədalətsiz və sifariş yerinə yetirməsi barəsində şikayət ərizələri yazmışam. Buna fakt kimi göstərə bilərəm ki, Nəsimi rayon məhkəməsinin hakimi Səyyad Qafari iştirakım olmadan qanunları kobudcasına pozaraq mənə məxsus 2 mənzilimin sənədlərini Hacı İbrahim Nehrəmlinin sifarişi ilə ləğv edib. Bu haqsızlıq barəsində mənə məhkəmə qətnaməsi gəldikdə məcburiyyət qarşısında qalaraq, 5 saylı hüquq məsləhətxanasının vəkili Kamil Əliyevlə birlikdə Apellyasiya Məhkəməsinə şikayət verdik. Lakin Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmova birinci iş məhkəməsində mənə məxsus qanuni sənədləri görüb əks tərəfin vəkilinə “bu sizin üçün bazarda 1 kq alma alveri deyil” dedi. Lakin bu sözləri deyən hakim sonradan Hacı İbrahim Nehrəmlinin tapşırığını və sifarişini yerinə yetirib mənim iştirak etmədiyim Nəsimi rayon məhkəməsinin saxta qərarını çox gülünc vəziyyətdə qüvvədə saxladı. Və 2 məhkəmənin ədalətsiz qərarları barədə Ali Məhkəməyə şiakyət verdik. Mən Apelyasiya məhkəməsindən də ədalətli qərar gözləmirdim. Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev də Hacı İbrahim Nehrəmlinin tapşırıq və sifarişi yerinə yetirdi.
Hörmətli Prezident! Sizdən çox xahiş edirəm, mənim və ailəmin (3 körpə övladımın) həyatı təhlükə qarşısındadır. Nə MTN, nə DİN-i nə də ki, Baş Prokurorluq bizim həyatımızla maraqlanmır, müstəqil və demokratik ölkədə göz görə-görə Hacı İbrahim Nehrəmli at oynadır və əmlakımızı saxta məhkəmələr və hədə-qorxu yolu ilə əlimizdən alır. Mənim ümidim yalnız Sizədir. Çünki Hacı İbrahim Nehrəmli ilə heç kim bacarmır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?