«İranın Ali Dini Liderinin Bakıdakı Dəftərxanası» heç bir hüquqi əsas olmadan fəaliyyət göstərir; Xameneyinin Azərbaycandakı nümayəndəsi nə işlə məşğul olur?
gundemxeber.az İran Bakı şəhərinin mərkəzində – Kazımzadə küçəsi, ev 31 ünvanında ölkə qanunvericiliyini kobud şəkildə pozur. Burada əhalinin – «Hüseyniyyə» məscidi kimi tanıdığı yerdə qanunvericiliyə zidd olaraq bəzi xarici vətəndaşlar, o cümlədən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejad moizələr oxuyur. Əslində, bu yer İranın heç bir statusu olmayan, Azərbaycan Respublikasında qeydiyyatsız fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin balansındadır. Kazımzadə küçəsindəki tikili məscid olmasa da, faktiki olaraq İran vətəndaşlarının nəzarəti altında məscid kimi fəaliyyət göstərir. Burada oxunan moizələrdə isə hətta Azərbaycan hakimiyyəti təhdid edilir. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bildirir ki, «Hüseyniyyə» xüsusi mülkiyyət hüququnda alınmış torpaq sahəsində yerləşir: «Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejada 29 aprel 2004-cü ildə göndərilmiş məktubda Mədəniyyət Mərkəzinin Bakı şəhəri, Kazımzadə küçəsi ev, 31 ünvanında xüsusi mülkiyyət hüququnda aldığı torpaq sahəsindəki ibadət yerinin İran İslam Respublikası vətəndaşlarının dini tələbatlarını ödəmək üçün istifadəsinə etiraz edilmədiyi bildirilib. Məktubda, ibadət yerində Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmaqla Azərbaycan vətəndaşı olan imam və ya axundun təyin edilməsi şərti qoyulub. Lakin bu ibadət yerinə Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış imam və ya axund təyin olunmayıb. «Hüseyniyyə»-də dini ayinlərə İran İslam Respublikasının vətəndaşı rəhbərlik edir və Azərbaycan Respublikası vətəndaşlarının da ibadət etmələrinə şərait yaradılır. Bu iki fakt yuxarıda qeyd olunmuş razılaşmaya və ölkə qanunvericiliyinə ziddir. «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının qanununun 21-ci maddəsinə əsasən, «İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi «Hüseyniyyə» namazxananın fəaliyyətini tənzimləyən müvafiq qurumlara və şəxslərə dəfələrlə xəbərdarlıq edib, iradlarını bildirib. Məsələ nəzarətdə saxlanılır və müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir». Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib ki, mövcud qanuna görə, QMİ qeydiyyatdan keçmiş dini icmalara müvafiq dini vəzifələrə təyinatlar edir: «Adıçəkilən icma qeydiyyat üçün müraciət etmədiyindən ora təyinat da olmayıb». Azərbaycanda İrana məxsus bir neçə təşkilat mövcuddur. Onlardan biri də 1996-cı ildən ölkəmizdə fəaliyyət göstərən İranın Bakıdakı Mədəniyyət Mərkəzidir. Mərkəzə 1992-ci ildən ölkəmizdə yaşayan Seyid Əli Əkbər Ocaqnejad rəhbərlik edir və o dindarlar arasında özünü «Ayətullah Üzma Seyyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi» kimi təqdim edilir. Bir qayda olaraq, nümayəndələr yüksək ali təhsilə malik ruhanilər arasından seçilir. 1991-ci ildə İran dövlət başçısı Haşimi Rəfsəncaninin sərəncamı ilə yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasına dini təbliğatçı kimi göndərilib. Azərbaycan üzrə Dini İşlər Qərargahına sədr təyin olunub. 1996-cı ilə qədər bir müddət həm də Seyyid Əli Xameneyinin Azərbycandakı nümayəndəsi Ayətullah Səbri Həmədaninin müavini kimi çalışıb. 1996-cı ildən isə ali dini liderin Azərbaycan üzrə nümayəndəsi vəzifəsinə təyin olunub. Eyni zamanda bir müddət İran Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsini tutub. Bundan əlavə, Azərbaycanda bəzi dini mərkəzlərin və mərceyi-təqlidlərin nümayəndəsi kimi də fəaliyyət göstərib. Bir sıra dini kitabların müəllifidir, eyni zamanda çoxlu sayda əsərlərin redaktoru və ön söz müəllifidir. Güney Azərbaycan İstiqlal Partıyası bildirir ki, müasir dövrdə sözügedən təşkilatların mövqeyindən xarici ölkənin ərazisində təşkilata sahib dövlətin maraqlarını təmin etməyə yönəlmiş fəaliyyət göstərməsi məlum faktdır. Xüsusən də İran İslam Respublikası kimi ölkənin – hansının ki, xarici siyasəti bu ölkəyə məxsus quruluşun digər müsəlman dövlətlərinin cəmiyyətlərinə aşılanmasına yönəlib. Ə.Ocaqnejadın kütləvi dini mərasimlərdə iştirakı, inqilabın zəruriliyinin üstüörtülü şəkildə beyinlərə yeridilməsi, dindarların iranyönümlü icmalarda təşkilatlanması və onların maliyyələşdirilməsi istiqamətlərində fəaliyyət göstərır. Ə.Ocaqnejad 2009-cu ildən etibarən Mədəniyyət Mərkəzinin sədri vəzifəsindən azad olunaraq İranın Bakıdakı səfirinin dini məsələlər uzrə muşaviri vəzifəsinə keçirilməsinə baxmayaraq o, İranın Bakıdakı Mədəniyyət Mərkəzinə, Ali Dini Liderin Dəftərxanasına, «Hüseyniyyə» namazxanasına, Şəhriyar Mədəniyyət evinə də rəhbərlik edir. Bu da öz növbəsində diplomatik fəaliyyətlələ uzlaşmır və bununla da 1961-ci il Vyana konvensiyasının tələbləri kobud şəkildə rozulur. Eyni zamanda Ə.Ocaqnejad «Hüseyniyyə» namazxanasında Azərbaycan Respublikasının “Dini etiqad azadlığı” haqqında qanunun tələblərini pozur. Onun ümumiyyətlə din xadimi kimi fəaliyyəti iranlılar üçün yox azərbaycanlı dindarlara yönəlmişdir. Buna Ə.Ocaqnejadin moizələri CD və DVD disklərə yazılaraq respublika ərazisində yayılması, moizələrin Azərbaycan dilində oxunması da dəlalət edir. Bəzi iddialara görə, Əkbər Ocaqnejad 2011-ci ilin əvvəllərində nümayəndəliyin keçmiş icraçı direktoru Əli Əhmədi ilə əlbir olaraq, dini nümayəndəliyin əvvəllər Nərimanov rayonu, Teymur Əliyev kuçəsi, 114 ünvanında yerləşdiyi binanı şəhərin Məsud Əlizadə küçəsi 64-də yerləşən villa ilə mubadilə edib. Nəticədə adları çəkilən şəxslər İran dövlətindən kulli miqdarda pul alaraq bir-neçə yüz min dollar mənimsəyiblər. Hazırda Ə.Ocaqnejad nümayəndəliyin sənədləşdirilməsi işlərini tam olaraq başa çatdıra bilmədiyinə görə, maliyyə fırıldaqlarının üstünün açılacağından çox narahatdır. Ə.Ocaqnejadın rəhbərliyi altında nümayəndəliyin yuxarıda adını çəkdiyimiz keçmiş icraçı direktoru Əli Əhmədi və nümayəndəliyin müdir müavini Məhəmməd Hadi Fəridəsr vasitəsilə yerli dindarlardan “xums və zəkat” dini vergiləri toplanaraq İrana göndərilir. Sonradan bu pullar yenidən Ali Dini Liderin Dəftərxanasının Bakı nümayəndəliyinin bank hesablarına köçürülür və sonuncular vasitəsilə Azərbaycanda qeyri-qanuni fəaliyyətə sərf olunur. Qeyd olunan xums-zəkat pulları ölkəmizdə İranın mənafeyinə uyğun təbliğat işinin aparılmasına, iranyönümlü təşkilatların və dini icmaları maliyyələşdirilməsinə yönəldilir. O da vurğulanır ki, Əkbər Ocaqnejad 2002-ci ildə azərbaycanlı gənclərinin İrana qeyri-rəsmi dini təhsilə çıxarılması və Azərbaycan İlsam Partiyasının fəaliyyətinin təşkili səbəblərindən məhkəmənin sanksiyasına əsasən Azərbaycan Respublikasından arzuolunmaz şəxs qismində çıxarılıb. Lakin Ə.Ocaqnejad 2003-cü ilin əvvəllərində ölkəmizə yenidən qayıdaraq Mədəniyyət Mərkəzinə rəhbərliyi davam etdirib. Görünür, o, ikinci dəfə Azərbaycandan çıxarılmasına zəmin yaratmağından xəbərsizdir və ya, bunu bilərəkdən edir. Bəzi ekspertlər hesab edirlər ki, hazırda Ə.Ocaqnejadın rəhbərlik etdiyi qurum faktiki olaraq Azərbaycan Respublikasında İran tipli dövlətin yaradılması, iranyönümlü sosial bazanın formalaşdırılması və ölkədəki ictimai-siyasi proseslərə təsir olunması istiqamətində fəal iş aparır. Siyasi Texnologiyalar və İnnovasiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyir ki, İran Mədəniyyət Mərkəzi fəaliyyətini dayandırmalı və Ocaqnejad Azərbaycanı tərk etməlidir: «Heç kim bilmir ki, bu struktur nə işlə məşğuldur. Ocaqnejad kimdir, molladır, ya siyasətçi?! O, din xadimlərini, ekspertləri başına yığıb siyasi təhlillər edir. İnformasiya və kommunikasiya sahəsində nüfuzlu şəxslərlə əlaqə yaradıb iş birliyi qurur. İranı lazımi informasiyalarla təmin edir. Dində belə qeyri-şəffaflığa yer yoxdur. Şəffaf olsa belə, bu struktur Azərbaycanı tərk etməlidir. Bütün problemlərin mənbəyi o insan və o strukturdur”. Nəticədə bir daha qeyd etməliyik ki, Ocaqnejadın rəhbərlik etdiyi «İranın Ali Dini Liderinin Bakıdakı Dəftərxanası» heç bir hüquqi əsas olmadan fəaliyyət göstərir. Çingiz Coşqun
Sorğu
Yeni dizaynımız necədir?