Elman Abdullayev: “Azərbaycan səfirliyi Rusiyada öldürülmüş Ruslan Qaraxanlının qətli ilə bağlı istintaqın gedişini də diqqətdə saxlayır”
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan tərəfi qətldə təqsirləndirilərək saxlanılan Orxan Zeynalovla görüş almaq üçün Rusiya tərəfi ilə danışıqlar aparır. APA-nın xəbərinə görə, bunu keçirdiyi brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib. O, Azərbaycanın bu məsələ ilə bağlı Rusiyaya nota təqdim etdiyini təsdiqləyib. Notada bildirilir ki, məhkəmənin qərarına qədər saxlanılan şəxsə qarşı kobud davranış və KİV-də onun cinayətkar kimi təqdim olunması günahsızlıq prezumpsiyasına ziddir. E. Abdullayev bu hal çərçivəsində hüquqi əsasın tapılmasının vacibliyini vurğulayıb və iki ölkə arasında 1998-ci ildə qüvvəyə minmiş konsulluq konvensiyasının mövcud olduğunu söyləyib: “Azərbaycan öz vətəndaşına bütün lazımi dəstəyi göstərəcək. Bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə müvafiq təlimatlar verilib. Azərbaycan səfirliyi ölən Yeqor Şerbakovun ailəsinə başsağlığı da verib. Saxlanılan şəxslə görüşmək üçün sorğu ilə müraciət edilib və hazırda Rusiya tərəfi ilə danışıqlar aparılır”.
E. Abdullayev məişət münaqişəsinin milli zəmində münaqişəyə çevrilməsinin yolverilməz olduğunu bəyan edib. O, Azərbaycan səfirliyinin Rusiyada öldürülmüş azərbaycanlı Ruslan Qaraxanlının qətli ilə bağlı istintaqın gedişini də diqqətdə saxladığını söyləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?