Dövlət başçısı iqtidarını formatlayıb, bitirdi; mesaj aydındır – kurs dəyişməyəcək; dəyişilənlər və qovulanlar daxili və xarici siyasətin mexanizminə aid deyil Bütün çoxsaylı versiyalara və ortada gəzən iddialara baxmayaraq, Azərbaycanın baş naziri dəyişmədi. Oktyabrın 22-də Milli Məclis prezidentin baş nazir haqqında təqdimatın təsdiqləyib. Parlamentin spikeri Oqtay Əsədov bildirib ki, dövlət başçısı baş nazir vəzifəsinə yenidən Artur Tahir oğlu Rəsizadənin təqdimatını verib. O.Əsədov deyib ki, A.Rəsizədə təcrübəli insandır və müzakirələrə ehtiyac yoxdur. 112 nəfər deputat lehinə, 2 nəfər əleyhinə olmaqla, A. Rəsizadə yenidən baş nazir postuna təsdiqlənib. Beləliklə, hakimiyyət 1996-ci ildən Azərbaycanın baş naziri olan 78 yaşlı A.Rəsizadə ilə yoluna davam etməyə qərar verdi. Xatırladaq ki, 2003-cü ilin avqustunda “xəstələnən” A.Rəsizadə seçkidən sonra elə həmin ilin noyabrında yenidən vəzifəyə qaytarıldı və 13 ildir ki, baş nazir kimi “əvəzedilməzdir.” 2014-cü ilin fevralında (Artur Rəsizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub) 79 yaşının qeyd edəcək A.Rəsizadəni hakimiyyət üçün “əvəzedilməz” edən bir neçə mühüm amil var. Əvvəla, konstitusiya səlahiyyətlərinə görə ölkədə ikinci şəxs hesab edilən A.Rəsizadənin baş nazirliyi əslində, somvolokdir. Neçə illərdir ki, yalnız ara-sıra tədbirlərdə görünən, ildə bir dəfə büdcə müzakirələrində parlamentdə hesab xarakterli çıxış edən A.Rəsizadə hakimiyyətdə ciddi fiqur kimi qəbul edilməyib. O, iddiasız olması, özünə xüsusi maddi kapital toplamaması və ən əsası klanlara qoşulmaması kimi hakimiyyətə vacib olan keyfiyyətləri ilə fərqlənir. A.Rəsizadənin postunda saxlanılmasının ən əsas səbəbi də budur. Amma 78 yaşlı A.Rəsizadənin postunda saxlanılmasını təkcə bu sözəbaxımlılığı ilə izah etmək də olmaz. “Məgər nazirlərin sırasından başqa bir namizəd bu posta otursa, hakimiyyət hansı təhlükə ilə üzləşə bilərdi ”, - sualı da aktual səslənir. Bu posta məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ya da ədliyyə naziri Fikrət Məmmədovun namizədliyi irəli sürülsəydi hakimiyyətə nə təhlükə ola bilərdi ki? Bütün hakimiyyət qollarına nəzarət zatən bir nəfərin-prezidentin əlində cəmləşdiyi ölkədə hətta ordu generalı belə cızığından çıxa bilməz, kimsə çıxarsa da, taleyi uzun müddətlik həbsxana həyatı yaşamaq olar. Bəs, nə səbəbdən prezident komandasının ən yaşlı üzvünü istefaya göndərmədi? Niyə yalnız iki nazir, bir də Xəzər Dəniz Gəmiçiliyinin rəisi işdən çıxarıldı?
Axı, cəmiyyət və beynəlxalq müşahidəçilər bir yana, iqtidar düşərgəsində ikinci-üçüncü eşolondakı kadrlar 10 ildir ki, dəyişiklik, yenilənmə, özlərinin qabağa çəkilməsini gözləyirlər. İqtidarın kadr bankı həddindən çox ehtiyatda qaldı; oradakı bir çoxlarına görə, indiki nazirlərin, komitə sədrlərinin, hətta icra başçılarının standartları onlarınkından çox aşağıdır; həm də bu cür düşünənlər haqlıdırlar. Yeni Azərbaycanlıların ikinci nəsli artıq vəzifələrə hazırdırlar; feodal tipli məmurların - ataların - xaricdə təhsil alıb, ölkəsinə qayıtmış övladları da bu komandadan məmnun deyillər. Onlar dünyanı görüb, oradakı standartlarla Bakıdakı standartları müqayisə etmək imkanına sahibdirlər - bu baxımdan, iddia etmək olar ki, aid olduqları hakimiyyət düşərgəsində bu cür durğunluq onları narazı salmaqda, məyus etməkdədir.
**** Əlbəttə, 22 oktyabrın əsas hadisəsi - köhnə-yeni baş nazirin təyinatı, daha sonra isə Nazirlər Kabinetinin tərkibinin elan olunması onu göstərdi ki, prezident ənənəvi siyasi kursuna sadiq qalacaq. O, həm daxili, həm də xarici siyasətini müəyyən edən dövlət mexanizminin heç bir rıçağını dəyişmədi. Yalnız xalqın həddindən artıq narazı qaldığı iki nazir - müdafiə naziri Səfər Əbiyev və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov komandadan dışlandılar. Yerdə qalan əsas simalar kabinetlərini qoruya bildilər.
Bir sıra müxalif ekspertlərə görə, iqtidar ondan çəkinir ki, əgər ciddi kadr dəyişikliyi olarsa, komanda daxildən sarsıla, müxalifət isə əksinə, narazıların küllü-miqdarda pulu hesabına dirçələ və yeni bir güc kimin ortaya çıxa bilər. Bu komandanı İlham Əliyevdən yaxşı kim tanıya bilər ki? Kimin doğurdan da sədaqətli olduğunu, kimin pula görə vəzifədən ikiəlli yapışdığını da prezident bu illər ərzində sınayıb. Demək, hər cür təhlildən sonra ciddi kadr dəyişikliyinə getməyə qərar verilməyib. Hakimiyyət, xüsusilə Azərbaycan kimi avtoritar ölkələrdə, daha mürəkkəb bir orqanizmə bənzəyir. Komanda professionallıq deyil, sədaqət prinsipi əsasında qurulur. 2008-ci ildə yalnız bir nəfər-iqtisadi inkişaf naziri Heydər Babayev komandadan kənarda qaldı. Onun istefaya göndərilməsinin əsas səbəbi də məhz yediyi çörəyə görə minnətdarlığı əsas ünvana deyil, başqa adama etməsi olmuşdu. Yəni sədaqət andını pozmuşdu. **** Hakimiyyəti riskə getməkdən çəkindirən əsas səbəblərdən biri də komanda daxili münasibətlərdir. İllərdir vəzifədə işləyənlər hakimiyyətdə şaxələnib, kök atıblar. Bir nazirə toxundunsa, onun gərək bütün əsabələrini də daxildə təmizləyəsən. İndi müdafiə və əmək və əhalinin sosial müdafiəsi nazirlərinin köklərini bu nazirliklərdən qazıyana qədər xeyli proses və zaman gedəcək. Azərbaycanda hakimiyyətin daxilidən dəyişməməsinin səbəblərindən biri də tayfa-klançılıq ənənəsidir. Hər kəs bir - biri ilə qohum olub; klanlaşma bütün dövlət aparatı boyunca baş verib. Ona görə bir nazirin dəyişməsi domino daşlarının yıxılması effektini də verə bilər. **** Hakimiyyətin daxilində dəyişikliyə ümid edərək, yuxarıda təsnifləndirdiyimiz kimi, vəzifəyə növbəsini gözləyənlər dəyişikliyə bağladıqları böyük ümidləri gömmək zorundadırlar. İqtidar daxilindən hətta dünənə qədər gələn xəbərlərə görə, bu dəyişikliyə o qədər ümidli olan gənc kadrlar varmış ki, onlar “prezident iqtidar komandasını ciddi dəyişəcək, qocalar mütləq gedəcək”, kimi iddialara inanıb qollarını çırmalayıb seçki prosesində “dəridən-qabıqdan” çıxıblar. İqtidarın ehtiyat kadr bankından Nazirlər Kabinetinə aparılan yeganə fiqur - Əli Əhmədov da artıq gənc sayılmır... A.Rəsizadənin baş nazirliyə təqdimatı və təsdiqi, daha sonra isə Kabinetdə 3 nəfərlik dəyişim-dışlanma əlbəttə ki, hakimiyyətin olmasa da, hökumətin dəyişikliyini gözləyən cəmiyyət kimi onların da ümidlərini qıra biləcək hadisədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?