gundemxeber.az Bu gün saat 12.00 radələrində Naxçıvanda fəaliyyət göstərən jurnalist Elman Abbasova hücum edilib. Bu haqda jurnalistin özü “Gündəm xəbər”ə məlumat verib. Naxçıvanda olan hüquq müdafiəçisi Məlahət Nəsibova da faktı təsdiqləyib. Jurnalist deyib ki, bu gün Naxçıvan Şəhər Poçt İdarəsinə gedib: “Poçta daxil olmağıma az qalmış başında papaq olan bir şəxs qarşımı kəsdi. Mənə dedi ki, siz sahibkar Məmməd Qurbanovu həbs etdirmisiniz, buna görə cavab verməli olacaqsınız. Mən isə ona başa salmağa çalışdım ki, sahibkarın özü bizə müraciət edib və biz də onun hüquqlarını müdafiə edirik. Bu şəxs isə özünü sahibkarın qohumu kimi təqdim edib məni küçə söyüşləri ilə təhqir elədi. Mən də poçta daxil olmağa çalışdım. Bu zaman gördüm ki, mənimlə danışan şəxsə kənardan işarə verildi ki, məndən ayrılsın. Ona işarə verən şəxsin MTN-nin əməkdaşı olduğunu bilirəm. Çünki onu sifətdən tanıyıram”. “Gündəm xəbər”ə açıqlamasında jurnalist əlavə edib ki, bütün bunlar onlara qarşı təxribatın tərkib hissəsidir və məqsəd onları susdurmaq, Naxçıvanda baş verən hadisələrin kənara çıxmasının qarşısını almaqdır: “Son zamanlar Naxçıvanda MTN bizə qarşı sistemli addımlar atır. Gah mətbuatda bizimlə bağlı məlumatlar çap etdirirlər, gah təxribat yaradırlar. Bizdə olan xəbərə görə, həbs edilən sahibkarın ailəsinə də, təzyiqlər olunur ki, bizimlə əlaqə saxlamasınlar və bizə qarşı ifadə alsınlar. Sonrada bizi üzbəüz qoysunlar. Mən bu halları pisləyirəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?