Milli Məclisin Sosial siyasət komitəsinin sədri Sosial Müdafiə Fondunun sədri olmaq üçün bütün resurslarını işə salıb; köhnə qvardiya və YAP rəhbərliyi onun namizədliyini dəstəkləyir
Dövlət Sosial Müdafiə Fondunun sabiq sədri Səlim Müslimov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra onun boş qalmış kreslosu uğrunda rəqabət başlayıb. Oliqarxlar bu posta öz adamını yerləşdirmək üçün hakimiyyətin üst qatı ilə dil tapmağa can atırlar. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, posta əsas iddialılardan biri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir. H.Rəcəbli hakimiyyətdə “köhnə qvardiya”nın təmsilçilərindən sayılır. Onun bu posta təyin olunmasının lobbiçiliyini də Prezident Administrasiyasının rəhbərliyi edir. YAP-ın icra katibi Əli Əhmədovun baş nazirin müavini postuna təyinatı H.Rəcəblini daha da ürəkləndirib və o, Dövlət Sosial Müdafiə Fondunun sədri olmaq üçün bütün resurslarını işə salıb. Bu məsələdə YAP rəhbərliyi, konkret olaraq Ə.Əhmədov da H.Rəcəbliyə dəstək verir. Çünki Ə.Əhmədov Nazirlər Kabinetində sosial sektoru kurasiya edəcək. Sosial Müdafiə Fondu sosial sektorun ən böyük qolu olduğundan Ə.Əhmədov çalışır ki, qurumun rəhbəri onunla hesablaşacaq bir şəxs olsun. Əgər bu postda oliqarxlardan birinin təmsilçisi otursa, onda Ə.Əhmədovun onun fəaliyyətinə müdaxilə etmək imkanları sıfıra bərabər olacaq. Bu baxımdan YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli ən münasib namizəddir. Yeri gəlmişkən, sosial sektorun daha bir qolu olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslimov da YAP İdarə Heyətinin üzvüdür. Yəni sosial sektora daxil olan qurumların YAP rəhbərliyinə daxil olan şəxslərdən seçilməsi, “köhnə qvardiya”nın, o cümlədən də Ə.Əhmədovun maraqlarına uyğundur.
Bununla belə, H.Rəcəblinin bu iddiasına qarşı sərt mövqe tutan qruplar da var. Məsələn, hakimiyyətdə söz sahiblərindən olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov birmənalı olaraq bu təyinata qarşıdır. Təbii ki, bu posta FHN şefinin də öz namizədi var. Ancaq K.Heydərovun H.Rəcəblinin bu təyinatına qarşı aqressiv münasibəti təkcə bu posta öz namizədinin olması ilə bağlı deyil. Söhbət ondan gedir ki, K.Heydərovla H.Rəcəblinin münasibətləri çox sərindir. Bunun da kökü 2005-ci ilə gedib çıxır. K.Heydərov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə münaqişə vəziyyətində idi və H.Rəcəblidən ortaya mövqe qoymasını tələb edirdi. Ancaq bu gözləntilərə rəğmən H.Rəcəbli konkret mövqe ortaya qoymadı. Bu səbəbdən H.Rəcəblinin K.Heydərovun atası, Milli Məclisin üzvü Fəttah Heydərovla münasibətləri kəskinləşdi və bu günə qədər də normallaşmayıb. Ona görə də K.Heydərov var qüvvəsi ilə bu təyinata qarşı çıxmağa çalışır.
Mənbənin iddiasına görə, hakimiyyətdəki başqa bir güc mərkəzinin - şərti olaraq Bakı klanı adlanan qrupun da H.Rəcəblinin bu iddiasına münasibəti birmənalı deyil. Düzdür, K.Heydərovdan fərqli olaraq Bakı klanı H.Rəcəblinin Sosial Müdafiə Fondunun rəhbəri olmasına aqressiv yanaşmır. Ancaq bunu dəstəkləmir də. Çünki Bakı klanının da öz namizədi var.
Mənbənin sözlərinə görə, H.Rəcəblinin işini çətinləşdirən amillərdən biri də onun ifrat praqmatizmidir. H.Rəcəblidə praqmatizm o qədər inkişaf edib ki, o, karyera naminə özünün etnik mənşəyindən də imtina etməyə hazırdır. Bakı klanı ilə münasibətlərini yaxşılaşdırmaq üçün H.Rəcəbli Ərdəbil kökənli olduğunu bildirib. Bir qədər öncə publika.az saytına müsahibə verən Hadı Rəcəbli “Siz talışsız, ya yox?” sualına belə cavab verib: “Mən həmişə talış olduğumu demişəm, amma anam talış deyil, babalarımın əslən olduğu Ərdəbildə də talışlar yaşamır. Talış dilini şəhərdə yaşayarkən 10 yaşımda öyrənmişəm”. Ancaq H.Rəcəblinin doğulduğu Veravul kəndi Lənkəranın talışların kompakt yaşadığı massivlərdən sayılır və burada işlək dil talış dilidir. 10 yaşında da H.Rəcəbli şəhərdə yox, elə həmin kənddə yaşayıb. Talışlara xüsusi minnət kimi “özümü talış sayıram” deməsi, əslində isə Ərdəbil əsilli olduğunu vurğulaması məhz onun karyera maraqlarına xidmət edir. Çünki Bakı klanının başında duranlar məhz Ərdəbil əsillidir. Burada söhbət qətiyyən etnik mənşənin araşdırılmasından getmir. Söhbət karyera naminə etnik mənşədən imtina etməkdən gedir. Hakimiyyət elitasında da H.Rəcəblinin belə öz etnik mənşəyini sual altına alması ikrahla qarşılanıb. Bunu ifrat praqmatizm kimi dəyərləndirən hakimiyyət elitası belə şəxslərə etimad göstərilməsinin təhlükəli olması qənaətinə gəliblər. Bu da H.Rəcəblinin iddiasına mane olan amillərdən biridir. Ona görə də H.Rəcəblinin iddiasının reallaşıb-reallaşmayacağı sual altındadır.
Mənbə onu da bildirir ki, H.Rəcəbli uzun müddət Sosial Müdafiə Fondu sədrinin müavini olmaq üçün çalışıb. İndi artıq sədr postu boş olduğundan sədrliyə iddiasını ortaya qoyub. Necə deyərlər, iştaha diş altındadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?