gundemxeber.az Azərbaycanda 2013 - cü il prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətdə bir çox daşlar yerindən oynamağa başlayıb. Kimisini birdəfəlik çıxarılmaq, başqa birisi ilə əvəzlənmək, kimisini də özündən böyüklərin yerinə qoyulmaq kimi aqibət gözləyir. Konstutisiya görə, dövlətin ikinci postu olan baş nazir kreslosu bu dönəmdə xüsusi strateji əhəmiyyət daşıdığından bu vəzifə uğrunda yeraltı savaşın başladığını demək olar. Əvvəla, ona görə ki, iddialı iriçaplı məmurlar baş nazir Artur Rəsizadənin səhhətində ciddi problemlər olduğunu, hətta yeriməkdə belə çətinlik çəkdiyini bilir və bu strateji postun tezliklə dəyişəcəyini düşünürlər. Baş nazirin rəsmi görüşdə halının pisləşdiyi haqda informasiyalar da göstərir ki, baş nazir kreslosu uzunmüddətli bu şəkildə yürüməyəcək və tezliklə alternativ axtarışına çıxılacaq. Başqa tərəfdən, yaxın keçmişdə Rusiyada Medvedyev-Putin tandeminin oynadığı prezident-baş nazir səhnəsi də bizim bəzi oliqarx məmurlarımızın iştahasını qabardıb. Buradan yola çıxaraq hətta post Əliyev dövrünə hazırlaşanlar və müəyyən fantaziyalar quranlar da yox deyil. Bu sırada daha çox FH naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun, maliyyə naziri Samir Şərifovun və baş nazirin birinci müavini Yaqub Eyyubovun adları hallandırılır. Kəmaləddin Heydərovla və Ziya Məmmədovun oğlanları Qərbdə hakimiyyətin imicini qaldırmaq adı altında, əslində, məxsus olduqları ailənin gələcək təhlükəsizliyi və perspektivləri naminə lobbiçilik edən müəyyən şirkət və siyasətçilərə milyonlar xərclədikləri artıq heç kimə sirr deyil. Maliyyə naziri Samir Şərifov da açıq biruzə verməsə də, onun da iddialılar arasında olduğu bəllidir. Üstəlik, Samir Şərifov yuxarıda adı keçən nazirlərlə müqayisədə toya getməlidir. Ən azından onun adı onlar kimi beynəlxalq yazışmalarda və məxfi sənədlərdə pis yöndə hallandırılmayıb və müəyyən mənada nisbətən Qərb standartlarına uyğun biri kimi görsənir. Ancaq bu məsələ təkcə xarici faktordan asılı iş olmadığı üçün hara getsən, diqqətlər yenidən Azərbaycana, onun prezidentinə və ölkədə gedən ictimai-siyasi proseslərə yönəlir. Çünki bu məsələ burada, özü də dünyada gedən proseslərin ruhuna uyğun bir şəkildə həllini tapacağı gözlənilir. Bu arada baş nazir postunun bir addımlığında yürüyən, bu kresloyaya çoxdandır göz qoyan daha bir məmurun adı iddialılar arasında xeyli vaxtdır hallandırılır. Bu, baş nazirin birinci müavini Yaqub Eyyubovdur. Onu hökümətdə daha çox kölgə adam kimi tanıyırlar. Üzdə xarici qonaqların qəbul-yola salma prosesində görünsə də, iqtisadiyyata yönəlik fəaliyyəti sanki yoxmuş kimi, heç bir zaman qabarıq olmayıb. Zaman-zaman mətbuatda etnik mənşəyində qarışıqlıq olduğu haqda informasiyalar getsə də, bu məlumatları axıradək isbat edən olmayıb. Nazirlər Kabinetindəki mənbənin iddialarına görə, Yaqub Eyyubov kollektivdə sevilən, səmimi hörmət edilən biri deyil. Bundan da ötə baş nazir Artur Rəsizadənin Eyyubovu heç sevmədiyi və bir müavini kimi onu içində həzm edə bilmədiyi də iddialar arasında yer alır. Ancaq bütün bunlara rəğmən mənbənin dediklərinə inansaq, Yaqub Eyyubovun baş nazir kreslosuna şansı digərlərindən daha çox kimi görünür. Mənbə Yaqub Eyyubovun artıq indidən özünü baş nazir kimi aparmasını da iddia edir: “Yaqub müəllim artıq xeyli vaxtdır ki, özünü bu posta hazırlayır. Son günlər onun davranışları artıq baş nazir kreslosunun sahibinin kim olacağına əsas verir. Onun davranışlarından çıxan nəticə budur ki, sanki hər şey artıq razılaşdırılıb və kollektivdə onu sevməyən məmurlara bir növ gözdağı verilir. Belə bir fikir də dolaşır ki, Yaqub Eyyubov baş nazir olacağı təqdirdə onu sevməyən bir çox məmurlar öz vəzifələri ilə vidalaşmalı olacaqlar.” Baş nazirin birinci müavinin işini çətinləşdirən amillərdən biri təkcə kollektivin ona etimadının olmaması ilə bağlı deyil. Bildiyiniz kimi, Yaqub Eyyubov öz səlahiyyət kurasiyasına görə, ölkəyə alınıb gətirilən bütün silah- sursatlar məhz onun nəzarəti və bilavasitə iştirakı ilə həyata keçirilir. Silah alveri isə bütün dünyada qaranlıq iş kimi tanınır. Burada heç bir şəffaflıq olmadığı üçün alqı-satqıda bir çox maniplyasiyaların olmadığını heç cür iddia etmək olmaz. Başqa tərəfdən, zaman-zaman mətbuatda müəyyən sövdələşmə əsasında ölkəyə yararsız, istismar müddəti qurtarmış texnikaların, təyyarələrin alınıb, gətirilməsi haqda informasiyaların dərc olunması heç kimin yaddaşından çıxmayıb. Mənbənin iddiasına görə, bu gün o və ona oxşar proseslər baş verməkdə davam edir. İddiaya görə, bəzi güc qurumları, xüsusilə Daxili Qoşunlar və Sərhəd Xidmətinə onlara aidiyyatı olmayan silahlar sırınır. Hətta uyğunsuz silah-sursatların təhvil alınmasında etirazların olduğu və bəzi silah növlərinin istismara qəbul edilmədiyi, aylarla havadan asılı qaldığı haqda informasiyalar da dolaşır. Bütün bunlar deyilməyənlərin və ictimaiyyət tərəfindən bilinməyənlərin bir hissəsi kimi, Yaqub Eyyubovun baş nazirlik kreslosuna doğru yolunu bağlayan amillərdir. Əgər biz mətbuat olaraq gələcək potensial baş nazir haqda bu cür xoşagəlməz məqamları aşkar edə biliriksə, demək ki, xarici xüsusi xidmət orqanları bundandan da ötəsini bilir. Bu isə Yaqub Eyyubovun hədəfə çatmasına əngəl ola biləcək xarici faktor sayıla bilər. Ən nəhayət, ölkə prezidenti baş nazir postuna birini hazırlayarkən ictimai rəyi də müəyyən mənada diqqətə almaq məcburiyyətindədir. O isə Yaqub Eyyubov üçün heç də ürəkaçan deyil. Çünki bu vaxtadək cəmiyyət Yaqub Eyyubovdan xüsusi seçiləcək davranış və fədakarlıq görməyib. Başqa tərəfdən, bu dönəmin baş nazirliyi əvvəlkilərə bənzəməyəcək. Belə ki, dünya gücləri, xüsusilə Qərb dünyası Azərbaycan hakimiyyətindən ciddi islahatlar tələb edir. Belə bir həssas dönəmdə isə “islahat” ayaqqabısının Yaqub Eyyubovun ayaqlarına böyük olacağını düşünürük. Əgər iddialılardan fərqli fikir və düşüncədə olanlar varsa, böyük məmnuniyyətlə qəzetimizdə onlara yer ayırmağa hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?