İlin sonunda hakimiyyətin siyasi taleyi müəyyənləşəcək Hakimiyyət daxilində vəziyyət göründüyü qədər də stabil deyil. Siyasi şərtlər iqtidarın təqviminin geri sayılı günlərlə yaşadığını göstərir. Dünyanın Rəsmi Bakı ilə olan münasibətləri getdikcə gərginləşir. Avropa mediasında demək olar ki, hər gün iqtidar əleyhinə yazılar yazılır. Xüsusilə də sonuncu seçkilər dönəmində bu qarşıdurmalar bir qədər də gərginləşib. Çox mühim bir məqam isə ondan ibarətdir ki, hakimiyyət daxilində artıq mərkəzdənqaçma meyilləri də özünü göstərməyə başlayıb. İqtidar texnoloqları isə islahatlara başlamağın zəruriliyini xüsusi vurğulayırlar. Və bəzən elə olur ki, islahatlara başlamaq iqtidarın özünün monolitliyinə ağır zərbələr vurur. Dövlət başçısının müdafiə naziri dəyişməklə bağlı olaraq qərarı kifayət qədər radikal və qəti iradə nümayişi idi. Çünki daxildə bu struktur uğrunda mübarizə son zamanlar kifayət qədər gərginləşmişdi. Bu barədə aşağıda daha ətraflı məlumat verəcəyik. Lakin bu gün iqtidarı ikiyə parçalayan daha mühim amil ondan ibarətdir ki, dünyanın Azərbaycan hökumətinə münasibəti dəyişib. Uzun illər neft və qaz siyasəti ilə balanslaşdırma ilə bağlı olaraq münasibətlər göstərilir. Xüsusilə də Rusiya ilə ABŞ və Qərbin iqtidardan istəkləri konkretləşdikcə, hökumətin də daxilində fikir ayrılıqları yaranır. Mühim məqam ondan ibarətdir ki, hakimiyyət daxilində Rusiyaya və İrana meyillənməli olan konkret güclər var. Məsələn bu günlərdə deputat Qüdrət Həsənquliyev açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan Gömrük İttifaqına qoşulmalıdır. Hər halda Q.Həsənuliyevin hakimiyyətdə dostları olmamış deyil və hakimiyyətə yaxınlığı ilə tanınan bir partiya sədrinin belə bir mövqe sərgiləməsi istənilən halda maraq doğurur. Hakimiyyət daxilindəki mənbələrimiz iddia edir ki, bu gün iç qruplaşmalar arasında artıq Rusiya ilə daha çox yaxınlaşma tərəfdarı olan məmurlar konkret mövqelər sərgiləməyə başlayıblar. Eyni zamanda Avropa və ABŞ-ladaha sıx əməkdaşlığın tərəfdarı olanlar da adekvat mövqelər sərgiləməyə başlayıblar. Mənbəmiz israrla iddia edir ki, bu günə qədər eykdil komanda kimi vahid fikirdən çıxış etməyən Qərbyönümlü qruplaşma tərəfdarları artıq sərt və qəti şəkildə mövqe bildirirlər. Məlumatlara əsasən onlar kifayət qədər mühim postlarda təmsil olunurlar. Bildirilir ki, onların mühim postlarda təmsil olunmaları kifayət qədər diqqəti çəkir. Lakin Rusiyanın 2014-ün yanvarına qədər Azərbaycan iqtidarından Gömrük İttifaqına qoşulub-qoşulmamaqla bağlı olaraq mövqe istəməsi vəziyyəti bir qədər də gərginləşdirir. Məlumatlara əsasən elə Rusiyada azərbaycanlılara qarşı edilən basqılar da məhz bu konkretləşdirmə üçün mühim bir faktor kimi özünü biruzə verir. Məlumatlarda o da bildirilir ki, Rusiya Azərbaycanı həlledici bir ölkə olaraq adıçəkilən ittifaqa qoşmaq istəyir. Əgər Azərbaycan bu birliyə qoşulmaqdan imtina edəcəksə, şimal qonşumuzun planları demək olar ki, iflasa uğramış olacaq. Bəlkə də müstəqillik tarixində ilk dəfədir ki, Azərbaycan iqtidarı balanslaşdırma siyasətindən məhrum olma, konkret seçim etmə zorunda qalıb. Hakimiyyət daxilindəki qərbyönümlü qruplaşmaların isə mövqeyi getdikcə möhkəmlənməkdədir.Onların tərəfdarları arasında iri oliqarx-məmurların, Kəmaləddin Heydərovun, Ziya Məmmədovun olması barədə informasiyalar əldə etmişik. Məlumatı verən mənbə adları çəkilən hər iki şəxsin oğullarının Avropa ölkələrində geniş diaspor fəaliyyəti göstərmələri də əsaslandırıcı fakt kimi göstərilir. Bununla belə sonuncu seçkilərdən sonra qruplar arasındakı daxili savaş daha çox beynəlxalq şərtlərlə uzlaşdırılmağa başlayıb. Bəzən daxildə kompromat savaşları qrupların bir-birini şantaj etməsi təşəbbüsləri kimi qiymətləndirilir. Ənənəvi taktikadan istifadə etməklə, müxalifətlə işbirliyində olma, gizli «dövlət çevrilişi» planları və sair. Hələlik 2013-cü ildə 2005-ci ilin ssenarrisi təkrarlanmayıb. Görünən odur ki, bu təkrarlanma davam etdiyi təqdirdə hakimiyyət daxilində də bir qarşıdurma olur. İndi Qərb və Rusiyanın istəkləri daha böyük miqyasdadır. Yəni bir dövlət olaraq bundan sonrakı siyasi kurs necə olacaq. Dövlətin adına qərar vermə məqamı gəldiyindən məsuliyyət iki qrupun davasından sonra bəlli olacaq. Yəni hər iki halda tərəflər güclənəcəklər. Əgər Azərbaycan Rusiyaya yaxınlaşacaqsa, o zaman Qərbyönümlü qrupun Avropa və ABŞ_dan eyni zamanda daxildən ciddi dəstək ala biləcək. Rusiya bunun qarşısını ala biləcək gücdədirmi? Cavablar heç də birmənalı deyil. Yox əgər Rəsmi Bakı birmənalı olaraq Qərbyönümlü siyasət tutacaqsa, o zaman Rusiya tərəfi Azərbaycanda hansı imkanlara malik olacaq? Bu sualın da cavabı şahmat oyunundakı PAT vəziyyətinə daha çox bənzəyir. Seçkilərdən sonra qruplar arasında müxalifətə yardım etmə şantajları bir qədər isinmə hərəkətləri kimi dəyərləndirilirdi. Hətta prezident seçkiləri ərəfəsində hansı məmurların Milli Şuraya dəstək verdikləri haqda “yuxarıya” məlumat ötürülüb; yüksək vəzifəlilər bir-birini müxalifətə yardım etmək şantajı ilə bitirməyə çalışırdılar. Prezident seçkilərinə az qalmış hakimiyyət daxilində yeni kompromat savaşı və müxalifətin “kassası” ovuna çıxılması barədə informasiyalar mediada dolaşdı. Məlumatlarda bildirilirdi ki, hakimiyyətin ən yuxarı eşelonuna müxalifətin, konkret olaraq Milli Şuranın prezident seçkilərinə xeyli pul xərcləməsi barədə məlumat verilib.Əslində bu məlumat həqiqəti əks etdirməsə də, bu barədə yuxarılara verilən xəbərdə Milli Şuranın məhz böyük paralar hesabına uğurlu kampaniya apardığı qeyd olunub. Hakimiyyətdəki üst qatın qarşısına qoyulan dosye xarakterli məlumatda o da qeyd olunub ki, bu paranın böyük hissəsi ölkə daxilində müxalifətə transfer edilib. Məlumatı bizimlə bölüşən şəxs hələlik ad açıqlamasa da, bildirib ki, yuxarıya verilən xəbərdə bəzi iş adamlarının və hazırda yüksək vəzifə tutan bir sıra şəxslərin ismi çəkilib. Həmin şəxslərin müxtəlif maraqlar səbəbindən müxalifətə pul ötürdüyü və seçki kampaniyasında hakimiyyətin xeyrinə çox zəif işlədikləri bildirilib. Eyni zamanda başqa bir qrup da digər məmurların müxalifətə maliyyə dəstəyi verməsi ehtimalının olduğu barədə “yuxarıya” xəbər sızdırıblar. İndiki dövr hakimiyyət üçün çox həssas məqam olduğundan bu məlumatlar araşdırılır və müxalifətin hakimiyyət daxilindəki maliyyə mənbələrini “aşkarlayan” qrup öz məlumatlarının doğru olduğunu isbatlamağa çalışır. Həmin məlumatlarda adları çəkilən məmurlar və iş adamları isə bu həssas məqamda adlarının qara siyahıya düşməsindən çox narahatdırlar. Buna görə də onlar da öz növbələrində barələrindəki məlumatı yalanlamağa çalışırlar. Bu səbəbdən də indiki məqamda daxildə hakimiyyət üçün arzuolunmaz bir savaş gedir. Tərəflər bilirlər ki, hakimiyyətdəki qrupların indiki davranışları və onlar barəsində birinci şəxsdə formalaşdırılan rəy prezident seçkilərindən sonra həlledici olacaq. İlham Əliyevin yenidən prezident seçilməsi onsuz da postlarını itirəcəklərindən narahat olan bir çox məmurlar həm də bu ərəfədə özlərini “çox yaxşı apardıqlarını” göstərmək naminə hakimiyyətin ən yaralı yeri olan müxalifətə pul ötürülməsi əməliyyatını “ifşa” etmək üçün dəridən-qabıqdan çıxırlar. Qeyd edək ki, hakimiyyət daxilindən müxalifətə pul ötürülməsi məsələsini prezident İlham Əliyevin bu seçkilərdəki vəkili, YAP icra katibinin müavini Siyavuş Novruzov da prezidentliyə namizədlərin son teledebatında gündəmə gətirmişdi. S.Novruzov Milli Şuranın və onun prezidentliyə vahid namizədi Cəmil Həsənlinin hakimiyyət əleyhinə sərt çıxışlar etməsini müxalifətə xaricdən və daxildən ötürülən pulların hesabatı kimi qiymətləndirirdi. Təbii ki, müxalifətə daxildən pul ötürülməsi barədə danışarkən S.Novruzov hansısa müəllimin, yaxud fəhlənin Milli Şuraya maliyyə dəstəyi verməsini nəzərdə tutmayıb. Bunun özü hakimiyyət daxilində müxalifətə maliyyə ötürülməsi ilə bağlı ciddi narahatlıqların olduğunu göstərir. Prezident seçkiləri ilə bağlı hakimiyyət daxilində narazılığa və narahatlığa səbəb olan digər məsələ isə prezidentliyə namizədlərin teledebatlarında iqtidardakı ayrı-ayrı qruplara bağlı namizədlərin müxtəlif nazirləri və dövlət qurumlarını vurmasıdır. Hakimiyyətdəki bir çox məmurlar iqtidardan qidalanan həmin namizədlərin canlı efirdən hakim komandanın üzvlərini vurmasının ümumən sistemin əleyhinə işlədiyini hesab edirlər və bununla bağlı məsələ qaldırıblar. Ordu uğrunda savaş Artıq yeni bir dönəm başlayıb. İndi ordunu ələ keçirmək üçün hakimiyyətdaxili qruplar arasında amansız savaş gedir. Məlumata əsasən bu məsələdə daha çox fəallıq göstərən iqtidarda ən güclü qruplaşmalardan hesab edilən Paşayevlərdir. Orduya marağın həm siyasi, həm də iqtisadi səbəbləri var. Seçkilərdən sonra orduya nəzarəti təmin edən qrup təbii ki, onun imkanlarından yararlanaraq iddiasını həyata keçirməyi asanlaşdıracaq. Digər tərəfdən orduya ayrılan pullar bu sahəni qruplar üçün cəlbedici edib. Beləliklə, hakimiyyətdaxili qruplar üçün ordu həm böyük güc, həm də böyük gəlir mənbəyidir. Bu sırada fövqəladə hallar naziri ilə Kəmaləddin Heydərovun və Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin adı çəkilir. Hər iki şəxs ayrı-ayrılıqda Naxçıvan qruplaşmasını təmsil edir. Kəmaləddin Heydərov qudası, dövlət sərhəd xidmətinin rəhbəri Elçin Quliyevin müdafiə naziri olmasına çalışır. Yeri gəlmişkən, “fövqəlnazir”lə Səfər Əbiyevin münasibətləri hələ Mülki Müdafiə Qoşunlarının Müdafiə Nazirliyindən alınaraq Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi zamanı pozulub. Ordunun ələ keçirilməsi uğrunda savaşın elementləri həm də bu ilin ortalarında orduda əsgər ölümlərinə etiraz aksiyaları və mediada, o cümlədən də sosial şəbəkələrdə kampaniyanın başladılması Rusiya və Qərb (NATO) savaşı kimi dəyərləndirildi. Yazımızın əvvəlində hakimiyyət daxilindəki Qərbyönümlü qruplaşmanın əsas parlaq simalarının kimlər olduğu barədə informasiya vermişdik. Təzə müdafiə nazirinin təyinatı ilə bağlı dövlət başçısının sərt iradə ortaya qoyması əslində təsadüfən yazmadıq. Zakir Həsənov nə Rusiyayönümlü qruplaşmanın namizədi olan Nəcməddin Sadıkovun, nə də Qərbyönümlü qruplaşmanın deyil, birbaşa prezidentin namizədi və adamı olaraq xarakterizə edilir. Hələlik Səfər Əbiyevin kadrlarını sıradan çıxarmasına baxmayaraq müdafiə naziri Nəcməddin Sadıkova toxunmayıb. Bəlkə də bu ordu ilə bağlı Rusiyayönümlü qruplaşmanın maraqlarını qismən də olsa təmin etmək üçündür. Və ya hansısa bir müddətə qədər vaxt qazanmaq üçün edilir. Bütün hallarda isə orduya nəzarət etmək istəyən ikinci qrupun maraqları hələ ki, təmin edilməyib. Məhz Ramiz Mehdiyevin ordudakı namizədi kimi N.Sadıqovun adı göstərilir.Buna baxmayaraq PA rəhbərinin Kəmaləddin Heydərovla münasibətləri soyuq olsa da, onun da Elçin Quliyevə dəstək verdiyi barədə məlumatlar var. “Heydər Əliyevin ölümündən sonra Naxçıvan qruplaşması bir neçə qola ayrılsa da, lazımi anda birləşə bilirlər. Mümkündür ki, ordunun Paşayevlərin nəzarətinə keçməməsi üçün də birgə mövqe sərgiləsinlər”, deyə qaynağımız bildirib. Mənbənin sözlərinə görə, Səfər Əbiyev də baş verənlərdən məlumatlı olub. Onun ordu zabitləri adından “bəyanat kampaniyası”na başlamasının kökündə də elə bu məsələ dayanırmış. Qaynağımız hesab edir ki, dəfələrlə Səfər Əbiyevi devirməyə cəhd olub. Lakin müdafiə nazirinin NATO ilə sıcaq münasibətləri olduğundan bu cəhdlər baş tutmurdu. Artıq Səfər Əbiyev yoxdu. Lakin qruplaşmalar ilin sonuna qədər gözləmə mövqeyində dayanacaqlar. Rusiya konkret vaxt açıqlayıb. Azərbaycan Avrasiya İttifaqına assosiativ qaydada, yoxsa ikitərəfli sazişlərlə qoşulacaq? Bu qərar ölkənin, bəlkə də hakimiyyətin siyasi taleyini müəyyənləşdirəcək. ELMAR
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?