Müğənni prezidentin səlahiyyətinə müdaxilə etdi, telekanal susdu
gundemxeber.az ATV telekanalındakı rəhbər dəyişikliyi hələ də gözlənilən nəticəni verməyib. Mətbuatda və internet portallarında sənət adamları arasında yaranan mübahisəli məsələlər Nanə Ağamalıyevanın “Gün keçdi” verilişində müzakirə edilir və burada fərqli mövqe sərgilənir. Həmin verilişdə hətta böyük sənətkarlar belə tənqid hədəfinə çevrilir. Məsələn, heç uzağa getməyək, götürək elə İbrahim Tatlısəs olayını. Aparıcı xanımın qonağı olan Nuridə Küskün bu kanaldan necə bir “göz” elədisə, bir də baxdıq ki, o boyda Tatlısəs Bakıdadır. Reklamın gücünə bir baxın.... Amma maraq doğuran bir məsələ var. Nə üçünsə N.Küskünü efirdə geninə-boluna təbliğ edən bu xanım aparıcı Tatlısəsin müəmmalı gedişini öz verilişində müzakirəyə çıxarmadı. Nə üçün? Səbəb çox sadədir. N.Küskünün efir reklamının arxasında nələrin olduğunu elə N.Ağamalıyevanın özü bilirdi. Amma elə bilməyin ki, ATV-nin “Gün keçdi” verilişinin prodüseri bundan nəticə çıxarıb xalqı aldatmaqdan, çaşdırmaqdan çəkindi. Əksinə, arxa və dayağının böyüklüyünü daima hiss edən bu xanım dünən səhər İlhamə Quliyeva ilə birlikdə insanları ələ salmaqdan belə çəkinmədi. O, xalq artisti ilə birlikdə rəsmi sərəncamlara belə sayğısızlıq etdi. İlhamə xanım veriliş boyu “Abbas Bağırov xalq artistidir. Ona xalq artisti titulunu mən verdim” deyə özünə və səsinə güc versə də, nədənsə aparıcı xanım qonağının səhvini belə düzətmək istəmədi. Görəsən niyə? Çünki primadonnanın “kəsdiyi başa sorğu-sual belə yoxdur”. N.Ağamalıyevada da o cəsarət hardadır ki, xanım Quliyevanın sözünün qarşısında söz demək iqtidarında olsun? Məsələ ilə bağlı Abbas Bağırovla əlaqə saxladıq. O, AzNews-az-a açıqlamasında bildirdi ki, bütün bunlar İlhamə xanımın ona qarşı sevgisindən yaranır: “Bunlar hamısı çox istədiyindəndir. Nə olar deyəndə? Hamı bilir ki, mən əməkdar artistəm”. “Axı A.Bağırovu xalq artisti kimi təqdim etmək prezidentin sərəncamına qarşıdır” sualı ilə İlhamə Quliyevaya edilən zənglərimiz isə cavabsız qaldı. Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov isə bütün bunların səbəbini xalq artisti fəxri adının ucuzlaşması ilə əlaqələndirdi: “Titullar xalq arasında sevilən insanlara verilməlidir. Qabaq 50 yaşından tez əməkdar artist adı verilmirdi. Hər yerindən duran xalq artistidir. Bunlar fəxri ad alverçiləridir. Adamdan soruşan lazımdır, sən neynirsən xalq artistini? Sən şoumensən. Gündə bir ad peyda olur, bir dənə də titul çıxarsınlar - əməkdar şoumen. Versinlər bu televiziyada bitib qalanlara. Bunlar artist, sənətkar deyillər. Nə qədər ki, bu eybəcər hal Mədəniyyət və Turizm Nazirliyinin əli ilə olacaq, şəxsi münasibətlər hər zaman davam edəcək. Belə şey olar? İlhamə xanımın yəqin Abbasla salam-kəlamı var, öz mövqeyini bildirir. İki dənə toyda mahnı oxuyub ya yox, onu durub Alim Qasımova tay etməyəcəksən ki. Ay başınıza dönüm, belə də şey olar? Başımızı götürüb hara gedək? Soyunub, orasını-burasını çöldə qoyub iki mahnı oxuyana xalq artisti fəxri adını verirlər. Məscidin ağzı açıq olanda nə olar? Böyük həvəslə onların hamısını ləğv edərdim. Bu Afrikadan gələn vəhşi estrada kimə lazımdır? Özü çalır, özü oxuyur, özü doğur, özü də göbəyini kəsir. Bu belə asan şeydir? Cinayəti edirlər, cəzasızlıq da baş alıb gedir. Adam öldürmək fərdi şeydir. Kütləvi şəkildə xalqın mədəniyyətini öldürmək isə cinayətdir. Milli Məclis nəylə məşğuldur? Azərbaycan xalqının əxlaqını, mənəviyyatını göz görə-görə məhv edirlər. Yerindən duran soyunub, yaxası açıq, yubkasını qaldırıb efirə çıxır. O gün birinə dedim ki, aşağıdan yuxarı yubkanı qaldırırsan, yuxarıdan aşağı isə yaxanı dartırsan. Sən bu xalqa nə göstərmək istəyirsən? Oxumaq üçün lütlənmək lazımdır ki...?” Bahar Rüstəmli
Sorğu
Yeni dizaynımız necədir?