Redaktorlar və yayımçılar qəzetlərin satışı ilə bağlı yaranmış vəziyyəti müzakirə etdilər; çıxış yolları tapıldı, gələn həftədən radikal addımlar atılacaq Bu gün “Yeni Müsavat” qəzetinin redaksiyasında qəzetlərin yayım problemləri ilə bağlı toplantı keçirildi. Qəzet redaktorları və yayım sektoru nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə son durum və ondan çıxış yolları müzakirə olundu.
“Yeni Müsavat” qəzetinin baş redaktoru bildirdi ki, qəzetlər üçün vəziyyət heç vaxt indiki qədər kritik olmayıb. Onun sözlərinə görə, metroda qəzet satışına əngəl yaradılması ümumən qəzet sektorun çökdürmək məqsədi daşıyır. “Bu sektorda hər kəsin hüquqları və ruzisi təhlükə altındadır” deyən baş redaktor həmçinin xatırlatdı ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetləri yaranmış vəziyyətdən müvəqqəti çıxış yolu olaraq abunə marafonu keçirib. Bu marafon isə qəzetlərin bir neçə ay nəfəs almasına imkan verəcək. “Azadlıq” qəzetinin nümayəndəsi Elşən Şirinov isə metroda qəzet satışının tamamən əngəllənməsinin əldə yayıma hər hansı təsir göstərməsi ilə maraqlandı. Yayımçılar əldə yayım satışında müsbət bir irəliləyiş olmadığını bildirdilər. Onlar həmçinin metro stansiyaların girişində, pilləkənlərdə dayanıb qəzet satmağın da mümkünsüzlüyünü dedilər: “Orda dayanan kimi polislər gəlib qovurlar. Metronun içində isə nəinki qəzet, heç kitab satışına da icazə verilmir. Oxumaq adına hər şey qadağan olunub. Qəzetlərdən boşalan piştaxtalarda isə narkotik və qəzetdən başqa hər şeyin satılmasına icazə veriblər. Məhz belə deyiblər: qəzet və narkotikdən başqa nə istəyirsiz satın. Hər ikisini eyniləşdiriblər”.
R.Arifoğlu tədbir iştirakçılarına xatırlatdı ki, qanun onlara istehsal etdiyi məhsulu – qəzeti satmağa icazə verir: “İstehsalı bizə verilirsə, satmaq hüququ da bizdədir. Amma mən paralel təklif edirəm ki, sizin də işçiləriniz varsa, cəlb edək. Günün müəyyən hissələrində metrolara buraxaq, qəzet satsınlar”.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov isə Azərbaycanda qəzet oxucusunun olmaması ilə bağlı deyilənlərin həqiqətdən uzaq olduğunu bildirdi. Onun fikrincə, satışa məhdudiyyətlər yaradılmasa, qəzetin tirajı 20 minə qədər arta bilər, çünki tələbat var.
Sonda toplantı iştirakçıları aparılan müzakirələri ümumiləşdirərək, aşağıdakı qərarları qəbul etdilər:
1. Qəzetlərin yayımına yaradılan süni əngəllərlə bağlı dövlət başçısı İlham Əliyevə ünvanlanacaq müraciət hazırlamaq. 2. Bakı Metropoliteninin qarşısında yayımçıların və media nümayəndələrinin iştirakı ilə piket keçirmək, bununla bağlı indidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək. 3. İlham Əliyevə ünvanlanacaq müraciəti hər gün, cavab verilənə qədər qəzet səhifəsində, qəzetlərin saytında yayımlamaq. 4. Noyabrın 26-da, saat 15.00-də, Mətbuat Şurasının binasında geniş tərkibli toplantı keçirib, qurum rəhbərliyini növbəti dəfə yaranmış problemlə tanış etmək, bundan çıxış yollarını birgə müzakirə etmək.
Xatırladaq ki, toplantıda “Azadlıq”, “Bizim Yol”, “Bizim dövr”, “Elita Press”, “Yeni Zaman”(“Novoye Vremya”), “Gündəm Xəbər” və “Futbol+” qəzetlərinin rəhbərləri və nümayəndələri, habelə yayım sektorunun təmsilçiləri iştirak edirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?