Akademik istefa ərizəsini yazıb, amma əlindəki öldürücü kompromatlar müqabilində zaman ala bilib
gundemxeber.az Sabiq deputat Gülər Əhmədovanın həbsi məsələsilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, Gülər Əhmədovanın həbsi təsdiqlənməsə də, bu barədə yayılan xəbərlər heç də əsassız deyil. Sabiq deputat həqiqətən də saxlanılıb və barəsində həbs-qəti imkan tədbiri seçilməsi qərara alınıb. Lakin son anda Gülər Əhmədovanı himayə edən qüvvələr həbs qərarının çıxarılmasının qarşısını ala biliblər. Əvəzində sabiq deputat təqsirləndirilən şəxs qismində polis nəzarətinə verilib. Hakimiyyətyönlü KIV-lərdə onun həbsi barədə ailəsindən təsdiqlənmiş xəbərin yayılması da bununla bağlıdır. Yəni, sabiq deputatın özü və ailəsi də həbs qərarının çıxarılacağından məlumatlı olublar.
Hər şey Mehdiyevin əleyhinədir
Bu olay hakimiyyətdə iki nüfuzlu qruplaşmanın - Paşayevlərlə Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev arasındakı savaşın açıq müstəviyə keçməsinə səbəb olub. Hələ xeyli əvvəl yazmışdıq ki, Elşad Abdullayevin videoları yayılana qədər Gülər Əhmədovanın Ramiz Mehdiyevlə normal münasibətləri olub. Lakin sabiq rektorun birinci videosundan sonra PA rəhbəri Gülər Əhmədovanın həbsilə məsələni elə buradaca bitirmək istəyib. Eyni zamanda bununla cəmiyyətdə hakimiyyətin bu məsələ ilə bağlı tədbir görməsi barədə rəy yaratmaq niyyəti güdüb. Elə bu səbəbdən Gülər Əhmədovaya hücum kampaniyasına start verilib. Lakin sabiq deputatın sonradan təkzib etdiyi “Məndə də videolar var” və ölkə başçısı Ilham Əliyevə müraciətində “Ağzımı açdırmayın” hədələrindən sonra bu kampaniya dayandırıldı. Bundan sonra proseslər birbaşa Ramiz Mehdiyevin əleyhinə istiqamət götürdü. PA rəhbərinin bu məsələ ilə bağlı məlum açıqlamalarından sonra isə ona qarşı hücum daha şiddətli xarakter aldı. Hadisələrin ardıcıllığına diqqət yetirsək görərik ki, Ilham Əliyevin PA-dakı təyinatları da Ramiz Mehdiyevin məlum açıqlamalarından sonraya təsadüf edir. PA rəhbəri ona müavinlər təyin edilməsini mövqelərinin güclənməsi kimi ictimai rəyə sırımağa cəhd etsə də, proseslərdən açıq-aydın sezilirdi ki, Ilham Əliyevin bu təyinatları akademiki nəzarətə götürmək məqsədi daşıyır. Yeri gəlmişkən, bir neçə gün əvvəl məlumat yayılmışdı ki, Ramiz Mehdiyev PA-da iclas keçirib. Müavinləri həmin iclasda iştirak etməyib. Məlumatlara görə, PA rəhbəri özü onları iclasa dəvət etməyib. Bununla komandasına yeni təyinatların onun üçün əhəmiyyətsiz olduğunu, müavinlərinin əslində köməkçi funksiyası daşıdığı mesajını verməklə mərkəzdənqaçma meyllərinin qarşısını almağa çalışıb.
Hər zaman hücumda olan akademik indi müdafiəyə çəkilib
Bu arada Ramiz Mehdiyevin çevrəsindən sızdırılan bir neçə məqamı da diqqətə çatdırmaq lap yerinə düşərdi. PA rəhbərinin komandasının üzvləri Elşad Abdullayev məsələsində əsasən aşağıdakı məqamları qabardır: - Fransa ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Lakin buna baxmayaraq Elşad Abdullayev bu ölkədən rahat şəkildə hakimiyyəti ifşa etməklə məşğuldur. Əslində bununla Ramiz Mehdiyevin komandası baş verənlərin qrup oyunu olduğunu və məsələnin arxasında Paşayevlərin dayandığını diqqətə çatdırmaq istəyir. Sirr deyil ki, hakim ailə ilə Fransa siyasi dairələrinin sıcaq münasibətləri var. Digər tərəfdən Ilham Əliyevin xanımı Mehriban Əliyeva Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir. - Elşad Abdullayev hakimiyyəti ifşa etməsinə baxmayaraq qardaşı Elsevər Abdullayev Baş Prokurorluqda mühüm post tutur. Halbuki, Azərbaycan reallığında belə bir şey mümkün olmamalıdır. Bu məqamın qabardılması da baş verənlərdə hakimiyyətdə müəyyən qrupların maraqlı olduğuna işarədir. Bundan başqa Ramiz Mehdiyev özünü qorumaq üçün Naxçıvan klanını səfərbər etməyə çalışır. Mətbuatda yazılanlara diqqət edəndə açıq-aydın sezilir ki, Naxçıvan klanının digər qanadlarına prosesin Ramiz Mehdiyevin devrilməsilə başa çatmayacağı, onların da əziləcəyi mesajı verilir. PA rəhbərinin ilin-günün bu vaxtında özünə əziyyət verib Şah Ismayıl Xətai barədə geniş məqalə yazması da təsadüfi sayılmır. Hakimiyyətin siyasi-ideoloji xəttini yönəldən Ramiz Mehdiyevin bu məsələyə toxunması əslində Qərbin Iranla bağlı layihəsini bölüşdüyü mesajını verməsi və əvəzində beynəlxalq dəstək qazanmağa cəhd kimi dəyərləndirilir. Elşad Abdullayevin rüşvət videosundan sonra baş verənlərin görünən tərəfləri bunlardır. Lakin Ramiz Mehdiyevin 1 yazısından sonra konfranslar keçirərək, palaz-palaz məqalələr yazaraq ona dəstək verənlərin indi susması hakimiyyət daxilində vəziyyətin daha da pis olduğunu göstərir.
PA rəhbəri tam tərkisilah edilməyib
Bəs Ramiz Mehdiyev bu döyüşdən qalib çıxa bilərmi? Proseslər göstərir ki, rəqib qruplaşma PA rəhbərini kifayət qədər zəiflədə bilib. Ramiz Mehdiyevin əlində informasiya resurslarının, inzibati-siyasi rıçaqların olduğu iddia edilə bilər. Bəli PA rəhbəri bu günə qədər hakimiyyətin nəzarətində olan KIV-ləri idarə edib. Lakin onun hər hansı televiziyadan və ya qəzetdən rəqiblərinə qarşı istifadə etməsi sadəcə mümkün deyil. Bu bütövlükdə hakimiyyətin özünün intiharı demək olar. Təsəvvür edin, PA rəhbərinə qarşı bu gün bir neçə güclü qruplaşma çıxır. Ilk sırada təbii ki, Paşayevlər gəlir. Daha sonra Qərbi Azərbaycanlıların adını çəkmək olar. Ramiz Mehdiyevin səyləri nəticəsində “vurulan” sabiq nüfuzlu YAP-çıları da bura əlavə etsək, o zaman PA rəhbərinin müdhiş bir güclə üz-üzə qaldığını söyləmək olar. Bu gücə qarşı açıq hücum isə hakimiyyətin məhv olmasına gətirib çıxara bilər. Bununla belə Ramiz Mehdiyevin təmamilə gücsüz duruma düşdüyünü də iddia etmək olmaz. PA rəhbərinin əlində güclü silah - “kompromat silahı” var. Ramiz Mehdiyev “daxili razborkalar”da bu silahla rəqiblərini müəyyən qədər sıxa bilər. Ümumiyyətlə isə bu məsələdə birinci şəxsin iradəsi də mühüm rol oynayır. Hələlik Ilham Əliyevin qəti mövqe sərgiləməkdə tərəddüd etdiyi müşahidə olunur. Bu tərəddüd də böyük ehtimalla Ramiz Mehdiyevin daha çox Əliyevlərlə bağlı kompromotlara malik olması ilə bağlı ola bilər. Hər halda Ramiz Mehdiyev mərhum Heydər Əliyevin xəstəlik dövründən Ilham Əliyevin baş nazir və prezident seçilməsinə qədər baş verənləri təfərrüatları ilə bilən şəxsdir. Bu baxımdan Ilham Əliyevin tezliklə Ramiz Mehdiyevin əleyhinə qərar verməsi bir qədər inandırıcı görünmür. Ramiz Mehdiyevin rəqibləri də bütün bunları nəzərə alır və prosesin PA rəhbərinin könüllü istefası ilə yekunlaşmasını istəyirlər. Təsadüfi deyil ki, son videolardan sonra rəqib qruplaşmaya yaxın mətbuatda Ramiz Mehdiyevin istefa verməsilə bağlı xəbərlər yer aldı. Bu PA rəhbərinə mesaj kimi dəyərləndirilməlidir. Redaksiyamıza daxil olan məlumata görə Ramiz Mehdiyev isə karyerasını mandat alverçisi kimi başa vurmaq istəmir və buna görə xidmətləri müqabilində son xahişini dilə gətirib. Mənbəmizin sözlərinə görə artıq akademikin istefa ərizəsi də hazırdır, sadəcə proseslərin bir qədər səngiməsi və qoca siyasətçinin səhhəti ilə əlaqədar vəzifədən getmək istəyində olmasını açıqlamaq üçün vaxt götürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?