GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Avropasayağı çaxır və xaçapuri

Avropasayağı çaxır və xaçapuri

Tarix: 30-11-2013, 00:10 Bölmə :Manşet Baxış: 4 786
 Avropasayağı çaxır və xaçapuri

Vilnüs sammiti: hər iki stuldan imtina edən Azərbaycan..
Avropa İttifaqının (Aİ) indi artıq heç bir ümid bəslənilməyən Şərq Tərəfdaşlığı sammiti noyabrın 28-də Vilnüsdə yüksək siyasi təlatüm şəraitində öz işinə başladı. Hərçənd o, elə bu yaxınlara qədər taleyüklü tədbir olmağı vəd edirdi. Bu sammitin əsas hadisəsi Ukrayna ilə Aİ arasında Assosiativ sazişin imzalanması, “desert” kimi isə Moldova və Gürcüstanla da analoji sənədlərin paraflanması olmalı idi. Bu sammitə böyük ümidlər bəslənirdi. Amma onlar əbəs imiş.



Şərq Tərəfdaşlığı Aİ ilə postsovet məkanı ölkələrinin - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanın birgə təşəbbüsü idi. 2009-cu ildə Paris sammitində irəli sürülən bu layihə adıçəkilən ölkələri Avropaya siyasi, iqtisadi, sosial-mədəni inteqrasiyasını nəzərdə tuturdu. Şərq Tərəfdaşlığı daha geniş Avrasiya periferiyasındakı bütün ölkələri əhatə edən və ümumi dəyər və maraqlara söykənən “Avropa qonşuluq siyasəti”nin tərkib hissəsidir. Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle noyabrın 28-də Vilnüsdə dedi: “Biz Şərq Tərəfdaşlığı məkanını azad və ədalətli seçkilərin keçirildiyi, xalqın onu idarə edənlərlə bağlı özünün qərar verdiyi, hökumətin xalqın iradəsinə və qanunların aliliyinə hörmət etdiyi, siyasi məhbusların olmadığı məkan kimi təsəvvür edirik”.

Kifayət qədər ambisiyalı proqramdır. Və bu da Aİ-nin niyyətinin nə qədər ciddi olduğunu deməyə əsaslar verir. Şərq Tərəfdaşlığı ideyası ilə bağlı hər şey məlumdur. Biz Aİ-nin gündəliyində nələrin dayandığını və Aİ-nin öz yeni tərəfdaşlarından nələri gözlədiyini bilirik. Bu tərəfdaşların özlərinin nə istədiyi isə bəlli deyil.

“Zaporojets” “Mercedes”in üstünə çıxdı




Sammitin əsas intriqalı məsələsi əvvəldən axıra qədər Ukrayna ilə Aİ arasında Assosiativ sazişin və azad ticarət anlaşmasının imzalanması məsələsi idi. Rəsmi Kiyev bu sənədlərin imzalanmasına hazırlığı dayandırsa da Aİ Şurasına sədrlik edən və forumun təşkilatçısı olan Litva hələ də ümid edirdi ki, Ukrayna hakimiyyəti fikrini dəyişəcək.

İstənilən halda son sözü bütün bu proses boyunca açıq-aşkar iki cəbhəyə oynayan prezident Viktor Yanukoviç deməli idi. Bir tərəfdən, Kremlin əlaltısı rolu Yanukoviçi cəlb etmir, digər tərəfdən isə o, Ukraynanı demokratiya yoluna çıxarmaqla öz hakimiyyətinin hətta xırda bir parçasını da itirmək istəmir. Elə siyasətçilər var ki, yalnız öz şəxsi hakimiyyətlərini saxlamaq üçün oynayırlar. Elələri də var ki, tarix və öz xalqının taleyi kontekstində oynayır. Yanukoviç açıq-aşkar ikincilərdən deyil.

Ukraynanın Avropadan imtinasının əsas səbəbi kimi əlverişsiz iqtisadi mühitdə belə addım atmağın iqtisadi cəhətdən məqsədəuyğun olmaması göstərilir. Ukrayna bu qış da Rusiyanın qazı kəsməsindən və Kremlin mümkün iqtisadi sanksiyalarından qorxur. Bu isə nəhəng ölkəni Avropaya uduzmaq istəməyən güclü qonşunun addımlarında şantaj elementinin olduğunu göstərir. Rəsmi Kiyev öz mövqeyini Yanukoviçlə Putin arasında bu yaxınlarda keçirilmiş görüşdən sonra nahaq yerə belə kəskin dəyişmədi ki... Kreml dzüdoçusunun Yanukoviçin gözəgəlimli başına hansı qorxulu iqtisadi söhbətləri yeritdiyini söyləmək çətindir, amma fakt göz qabağındadır...




Brüssel isə əksinə, belə vədlər verir ki, onunla tərəfdaşlıq və islahatlar Ukraynanın sürətli inkişafını və çiçəklənməsini təmin edəcək. Ş.Füle dedi ki, sammitdə Ukrayna və Aİ üçün böyük şans əldən verildi, elə Rusiya da buradan yalnız uduşla çıxa bilərdi: “Assosiativ sazişin qüvvədə olduğu elə birinci ildə Ukrayna ixracatçıları təkcə idxal aksizlərində yarım milyard avroya qənaət edəcəkdilər. ÜDM əlavə olaraq 6,2 faiz arta bilərdi. Kiyevdəki dostlarımız da yaxşı bilir ki, biz “kim daha çox pul verər - Brüssel, yoxsa Moskva” kimi bazar sövdələşmələrində iştirak etmirik. İslahatlardan qaçmaqla çiçəklənməyə aparan yolu bağlamaq olmaz. Polşa ilə Ukraynanı müqayisə edin. 1991-ci ildə onların ÜDM istehsalı səviyyəsi təxminən eyni idi. İndi isə baxın, ÜDM-in səviyyəsi Polşada necə yuxarı qalxıb, Ukraynada necə aşağıdır...”

Cənab Fülenin nə deməyindən asılı olmayaraq “Röyter” obrazlı ifadə elədi: “Gəlini elə gərdəkdən götürüb qaçdılar”.

Yekəxana dzüdoçu sadəlövhcəsinə nəzakətli botanikin əlini quru yerdə qoydu... Burada münasib tarixi şansları bir-birinin ardınca əlindən qaçıran qoca Avropanın astagəlliyi və ləngliyi də öz sözünü dedi. Siyasətdə ələ düşən şansdan vaxtında yararlanmaq çox vacibdir, əks halda onu itirəcəksiniz. Ukraynanın keçmiş prezidenti Yuşşenko Aİ-nin qapılarını uzun müddət israrla döydü, məhz Assosiativ saziş bağlamaq üçün Avropaya xeyli yalvardı. Aİ isə uzun müddət başını əlləri arasına alıb fikrini cəmləşdirməklə məşğul oldu. Avropa bu düşüncələrində olarkən yanukoviç Yuşşenkonu əvəzləməyə macal tapdı. Bu isə artıq ayrı tarixçədir. İndi isə Aİ Ukraynaya doğru addım atır. Lakin indi də rəsmi Kiyev öz maraqlarını qurban verməyə hazır deyil. Belə hadisə bir vaxtlar Rusiyanın da başına gəlmişdi. Yeltsin ola bilər ki, lap isti-isti NATO-ya girmək arzusunu dilə gətirmişdi. Rusiyanı o vaxt NATO-ya üzv qəbul etsəydilər, dünyanın siyasi tarixi ayrı ssenari üzrə inkişaf edərdi, biz indi tamamilə fərqli bir dünyada yaşayardıq. Təəssüf ki, demokratiyanın belə üzü də var, qərarların qəbulu bəzən uzun, əzablı və vaxt aparan bürokratik prosesə çevrilir. Bu proses nəticə versə də o, zaman baxımından aktual olmur. Necə deyərlər, qaşıq yeməyin yanında yaxşıdır...




Bununla belə Ukrayna Avropa üçün hələ itirilməyib. Kazak azadlığı ruhu ilə yoğrulan Ukrayna xalqı hələ ki, var. Kiyevdə və Ukraynanın digər şəhərlərində keçirilən çoxminlik mütinqlər buna bariz sübutdur. Ukraynalıların milli ruhu, milli xarakteri genetik baxımdan azadlığa köklənib. Ukrayna xalqı bu gün əmindir ki, əsl azadlığı yalnız azad və demokratik Avropada əldə etmək mümkündür. Ona görə də bu gün yalnız hansısa ləngimədən danışa bilərik, Aİ-yə aparan yolun sonunun gəlməyindən yox.

Üstəlik Aİ sədri Herman van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu özlərinin 25 noyabr tarixli birgə bəyanatlarında bildirdilər ki, Assosiativ saziş haqdakı təklif öz qüvvəsində qalır. Görünür, onlar bu mesajı noyabrın 28-də axşam Yanukoviçlə danışıqlar zamanı onun özünə də çatdırıblar.

Noyabrın 29-da sammitin plenar iclasından əvvəl Aİ-nin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton da bəyan elədi ki, rəsmi Kiyevin hazırlıqları dayandırmaq barədəki qərarına baxmayaraq Aİ Ukrayna ilə danışıqlarda tezliklə irəliləyiş olacağına ümid edir: “Saziş imzalanması məsələsi açıq qalır. Çünki bu məsələ həm Ukrayna üçün, həm də bizim üçün çox vacibdir. Ümid edirəm ki, biz bu məsələnin həllində mümkün qədər sürətli irəliləyişə nail ola biləcəyik”.

Eyni zamanda Polşanın xarici işlər naziri Radoslav Sikorski çox maraqlı bəyanatla çıxış etdi. Onun sözlərinə görə, həm Ukraynada, həm də Rusiyada demokratikləşmə planındakı real islahatlar yalnız neftin qiymətinin sabit şəkildə enməsi fonunda gedəcək. Bunun sadə dilə tərcüməsi budur ki, Rusiyaya aqressiv xarici siyasət yürütmək - o cümlədən Ukraynaya münasibətdə -imkanını məhz neftin qiymətinin yüksək olması amili verir. Bunu Yanukoviçin bu sözləri də təsdiqləyir ki, Ukrayna Aİ ilə bundan sonrakı danışıqları yalnız Moskvanın iştirakı ilə aparmağa hazırdır. Bu isə Aİ-ni heç cürə qane etmir.

Avropasayağı çaxır və xaçapuri

Amma bu su sammit təkcə Ukraynaya həsr olunmamışdı. Ukrayna ilə saziş imzalanması ideyası iflasa uğrayandan sonra Aİ Moldova və Gürcüstana stavka edir. Sammitdə Moldovanı baş nazir Yuri Lyankenin rəhbərliyi altında kifayət qədər sanballı nümayəndə heyəti təmsil edir. Onun sözlərinə görə, Moldovanın Avropaya inteqrasiya yolu geriyə dönüşü olmayan yoldur. Moldova sammitdə bu istiiqamətdə daha bir vacib addım atdı. Y.Lyanke əmindir ki, Avropaya inteqrasiya yolunun seçilməsi Moldovaya konkret faydalar - idarəçilikdə aşkarlıq və şəffaflığı təmin edən müstəqil təsisatlar, şəxsiyyət azadlığı, azad sahibkarlıq imkanları, yüksək maaş imkanları, modern infrastruktur verəcək. Bununla belə baş nazir dedi ki, Rusiya Moldovanın inkişafının Avropa modelindən narahat olmamalıdır, çünki bu model heç bir geosiyasi məqsədlərə bağlı deyil. Moldova Aİ ilə Assosiativ sazişi məhz bu ruhda parafladı. Saziş yaxın gələcəkdə, yəqin ki, 2014-cü ildə imzalanacaq.

Moldova kimi Gürcüstan da analoji sazişi parafladı. Rəsmi Tiflis hesab edir ki, bu saziş Gürcüstanla Aİ arasındakı əməkdaşlığın gələcək inkişafı baxımından tarixi əhəmiyyətə malikdir. Bu saziş Gürcüstanın Avropaya mərhələli siyasi-iqtisadi inteqrasiyasını nəzərdə tutur və bu ölkənin avropalaşmasını qaçılmaz edir. Saziş noyabrın 29-da paraflandı. Elə həmin gün Gürcüstanla Aİ arasında Tiflisin Aİ-nin mülki missiyalarında və hərbi əməliyyatlarında iştirakını nəzərdə tutan çərçivə anlaşması imzalandı. Gürcüstan Aİ ilə viza rejiminin sadələşdirilməsi, habelə energetika, nəqliyyat və təhsil sahəsində də anlaşmaya nail oldu. Tiflisdə bunu böyük tərəqqi sayırlar.

Ermənistanla Belarus ofsaydda




Ermənistan Rusiyanın patronajlığı altında olan Gömrük İttifaqına girməklə birmənalı seçim edib. Bununla da erməni diasporunun müqavimətinə baxmayaraq Aİ ilə yaxınlaşmaq niyyətinin olmadığını göstərib. Ermənistan Avropaya inteqrasiya kursundan faktiki olaraq qopub düşərək Belarusun səviyyəsinə endi. O Belarusun ki, bir vaxtlar Rusiya rəhbərliyi ilə sırf şəxsi, daxili intriqasına görə Şərq Tərəfdaşlığı layihəsinə qoşulmuşdu. Minsk bununla Rusiyaya təsir-təzyiq rıçağı əldə etmək istəyirdi. Sonradan Belarus da Gömrük İttifaqına girərək Avropaya inteqrasiya söhbətinə nöqtə qoydu.

Hər iki stulu itələyib xalça üzərində oturan Azərbaycan

Azərbaycanla bağlı məsələyə gəlincə isə burada hər şey ilk baxışda çox sadə görünür. Bakı Avropaya inteqrasiya ideyasını özünəməxsus şəkildə qavrayır və bunu hər şeydən öncə iqtisadi maraqları ilə əlaqələndirir. Prezident İlham Əliyev sammitə şəxsən özü getdi. Bununla da “Azərbaycan o tədbirdə daha aşağı səviyyədə təmsil olunacaq” şəkilli şayiələri rədd etdi.

Əliyevin gündəliyində olan məsələlər aydın idi. Azərbaycan Avropa ilə sadələşdirilmiş viza rejimi məsələsində razılığa gəlməyə çalışırdı. Bakı Aİ ilə Assosiativ saziş imzalamağı planlaşdırmırdı. Bu da demokratik islahatlar və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində islahatlar aparmaq kimi konkret öhdəliklərin götürülməsi ilə bağlı idi. Rəsmi bakı bunun əvəzində Azərbaycanla Aİ arasındakı münasibətlərin formatına daha çox uyğun gələn öz sənədini hazırlamağı arzulayır. O sənəd isə özündə siyasi yaxınlaşmadan daha çox iqtisadi mənfəətləri ehtiva edir.

“Azərbaycan Avropa İttifaqının assosiativ üzvü olmaq fikrində deyil. Biz Aİ-nin təklif etdiyi bu sazişi qəbul edə bilmərik. Biz Aİ ilə əməkdaşlığımızın səviyyəsinə uyğun olan digər sənəd hazırlamaq istəyirik. Biz Aİ-yə əməkdaşlığımızın səviyyəsini nəzərə almaq şərtilə sənəd imzalamağı təklif etmişik” - bunu sammitdən öncə Azərbaycan Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Rəsmi Bakının təklif etdiyi sənəd daha ciddi nailiyyət olacaq. Belə ki, Azərbaycanla Aİ arasında tərəfdaşlığa və əməkdaşlığa dair ilk saziş hələ 1999-cu ildə imzalanıb. Bu sənəd bütün qeyri-hərbi sahələrdə əməkdaşlıq məsələlərini əhatə edir.

Planlaşdırıldığı kimi də oldu. Vilnüs sammitində Azərbaycanla Aİ arasında yalnız sadələşdirilmiş viza rejimi barədə saziş imzalandı. Bəli, bu saziş vətəndaşlarımıza əlavə üstünlüklər verəcək. Amma ortada Aİ ilə xüsusi yaxınlaşma yoxdur və hələ heç görünmür də...

Görünür, biz bu gün yalnız taktiki gediş elədik. Lakin Aİ-yə daxil olmaq strateji, tarixi və sivil perspektivdə ölkəmizin uzunmüddətli maraqlarına daxildir. Azərbaycan haqqında çoxdan belə bir deyim var ki, bu ölkə eyni vaxtda iki stulda oturmaq istəyir. İndi isə buyurun, Azərbaycan özünəməxsus seçim etdi - o, hər iki stulu kənara itələyərək xalçanın üzərində oturdu.

Bəzi analitiklər belə hesab edirlər ki, postsovet məkanının iqtisadi cəhətdən iki ən güclü ölkəsinin - Ukrayna və Azərbaycanın assosiativ sazişi imzalamağa hazır olmamasını nəzərə alanda Vilnüs sammiti heç bir məzmun kəsb eləmədi və növbəti formal protokol tədbiri kimi yadda qaldı. Təbii ki, əsas ümidlər doğrulmadı. Amma Şərq Tərəfdaşlığı proqramı çərçivəsində prosesin davam etməsi gələcəkdə müsbət nəticəni olacağına ümid yaradır.

Əlbəttə, onu da deyək ki, Şərq Tərəfdaşlığı proqramı bütövlükdə düşünüldüyü kimi uğurlu olmadı. Proqrama qoşulan 6 ölkədən yalnız ikisi - Moldova ilə Gürcüstan Avropaya inteqrasiya barədə qəti mövqe bildiriblər. Belarusun layihədə iştirakı həmişə şübhə altında olub. Ermənistan da Gömrük İttifaqına qoşulmaqla Belarusun yolunu seçdi. Üzərinə konkret öhdəliklər götürmək fikri olmayan Azərbaycan yalnız iqtisadi əməkdaşlıqla kifayətlənir. Proqramın ən vacib iştirakçılarından biri olan Ukrayna iki yol arasında qalıb. İndiki halda bu ölkənin üzünü Avropaya tərəf yalnız onun xalqı döndərə bilər.

Belə olan halda Vilnüs sammiti öz miqyaslılığını və kəskinliyini itirdi. Söz yox, ola bilsin Vilnüsdə bağlı qapılar arxasında keçirilən danışıqlar gələcək irəliləyişin əsasını qoya bilər. İndiki mərhələdə məhz yüksək səviyyəli pərdəarxası danışıqlar sammitin özündən daha məhsuldar və səmərəli ola bilər. İstənilən halda gələcək irəliləyişlər yalnız Aİ-nin müvafiq ölkələrlə ikitərəfli təmasları zəminində mümkün olacaq. Bu ölkələrin inkişaf səviyyələri, ən başlıcası da onların Avropaya inteqrasiya arzularının dərəcələri, habelə bu prosesdən gözləntilərin müxtəlif olması Aİ-yə hamıya eyni gözlə baxmaq, hamıya ümumi formul əsasında yanaşmaq imkanı vermir.

Beləliklə, 6 postsovet ölkəsini əhatə edən Şərq Tərəfdaşlığı layihəsi bir çox aspektlərdən öz ilkin təyinat və mahiyyətindən çıxıb. Bu layihə indi öz fəaliyyətini yalnız Aİ-nin postsovet ölkələri ilə əməkdaşlığının başı üzərindəki siyasi çətir rolunu oynamaqla davam etdirə bilər. Allah eləsin ki, bu çətir güclü leysana davam gətirə bilsin..
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vilnüs sammitində hansı sənədlərin imzalanacağı məlum olub

    Vilnüs sammitində hansı sənədlərin imzalanacağı ...

    26-11-2013, 16:35

  • 
  • İsa Qəmbərin müşaviri Vilnüsdə nələr eşitdi?

    İsa Qəmbərin müşaviri Vilnüsdə nələr eşitdi? ...

    27-11-2013, 16:48

  • 
  • Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı

    Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı ...

    6-11-2013, 23:00

  • 
  • "Azərbaycan hökuməti insan hüquqları və qanunun aliliyinə pis münasibətdə"

    "Azərbaycan hökuməti insan hüquqları və ...

    17-11-2013, 12:07

  • 
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu