“Ukrayna Vilnüs sammitində Avropa Birliyi ilə sənədləri imzalamasa, “Şərq tərəfdaşlığı” proqramı ciddi zərər görə bilər”. Bunu Modern.az-a açıqlamasında politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Ukrayna hələlik Avropa Birliyi ilə əlaqələrdən tamamilə imtina etmədiyindən “Şərq Tərəfdaşlığı”nın iflasa uğramasından isə söhbət gedə bilməz.
Politoloqun sözlərinə görə, Ukrayna indiki məqamda sadəcə Rusiyadan çəkindiyini nümayiş etdirir.
Eks dövlət müşaviri Ukraynanın sazişi imzalamayacğı təqdirdə “Şərq Tərəfdaşlığı”nın dağılacağı ilə bağlı fikirləri qəbul etmədiyini vurğulayıb.
“Əksinə daha çox uduzan həmin tərəfdaşlığa qoşulmayan ölkələr olacaq. Avropa bundan sonra üzünü tamam başqa səmtə də çevirə bilər”-deyən siyasi ekspert hesab edir ki, Avropa Birliyinin əsas məqsədi bölgədə Rusiyanın təsirini azaltmaq və dünyanın geosiyasi mənzərəsində balans yaratmağa xidmət edir.
Analitik Azərbaycanın mövqeyinə isə belə aydınlıq gətirib. “Azərbaycan hələ ki, iki tərəf arasında (Rusiya və Avropa Birliyi-red) manevrlərini davam etdirir. Rəsmi Bakı “Şərq Tərəfdaşlığı”na qismən qoşulub. Azərbaycanın gələcəkdə bu layihəyə tam qoşulmaq imkanları isə yubanır. Digər tərəfdən isə Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya ilə danışıqlar aparır”-deyə Q. Hüseynli qeyd edib.
Politoloq 1990-cı illərlə müqayisədə bu gün Avropanın Qarabağla bağlı çağırışlarının dəyişmədiyini deyib. “O zamanla müqayisədə sadəcə olaraq cüzi fərqlər mövcuddur. Ancaq Avropa iqtisadi, maliyyə, demokratiya və insan haqları məsələlərində ciddi fərqlə mövcuddur. Bunu müşahidə etmək elə də çətin deyil”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?