“Vilnüs sammitində Azərbaycanın yeganə ölkə olaraq Avropa İttifaqı ilə yalnız tərəf müqabili kimi razılaşmaya şərtsiz imza atması dövlətimizin, prezidentimizin güclü iradəsindən xəbər verir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
S.Novruzov qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında 5 dövlətin birgə ticarət dövriyyəsindən artıq ticarət dövriyyəsi var: “Bu gün Azərbaycanın Avropa İttifaqı ilə 30 milyard dollardan artıq dəyəri olan müxtəlif layihələri var. Bu layihələrlə əlaqədar Azərbaycan ancaq tərəf müqabili kimi çıxış edir. Azərbaycanın xarici siyasəti bu cür bərabərhüquqlu siyasəti davam etdirməyə yönəlib".
YAP rəsmisi deyib ki, Avropa İttifaqı vahid dövlət sisteminə çevrilməyə doğru gedir, ona görə də bəzi dövlətlər müstəqilliyinin bir hissəsindən keçərək bu qurumun tərkibinə daxil olurlar: "Azərbaycan isə istər NATO, istərsə də Avropa İttifaqı kimi qurumlarla üzv kimi yox, tərəfdaş kimi müstəqil fəaliyyət göstərmək xəttini götürüb ki, bu balanslaşdırılmış siyasətin də əsası Heydər Əliyev tərəfindən qoyulub, indi də İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizim kimi kiçik dövlətlərə nəzər salsanız, görərsiniz ki, bizim bu cür məqamlarda belə müstəqil siyasət yürütməyimiz Azərbaycan prezidentinin qətiyyətinin nəticəsidir. Fikir verin, bizim kimi ölkələrin çoxu açıq şəkildə bəyan edirlər ki, onlara qarşı təzyiqlər var və bu təzyiqlərə dözə bilmirlər. Amma bu təzyiqlərin iki, hətta üç dəfə artığı bizə var, amma nə qorxuruq, nə də çəkinirik. Bərabərhüquqlu tərəfdaşlıq əsasında öz xalqımızın, dövlətimizin maraqlarını təmsil edirik".
Vilnüs sammitindən sonra Azərbaycanın Rusiya meylli yol tutması ilə bağlı xəbərlərə toxunan S.Novruzov bunun yanlış olduğunu vurğulayıb: "Rusiya yolu tutan Ermənistandır, Azərbaycan deyil. Bizim Ermənistanı çıxmaq şərti ilə digər dövlətlərlə olduğu kimi, Rusiya ilə də hərtərəfli münasibətlərimiz var. Azərbaycanın heç bir böyük dövlətlə diktə qəbul edəcək xarakterdə heç bir münasibəti yoxdur. Biz tam müstəqilik".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?