Əməkdaşımız Bilgəhdəki Qocalar Evində baş verən maxinasiyaların üzünə düşdü
Bir neçə gün bundan öncə avtobusla Bilgəhə gedirdim. Qeyri ixtiyarı istəmədən iki gənc oğlanın söhbətinə qulaq müsafiri oldum. Oğlanlardan biri yanındakına deyirdi ki, əgər sevgilisi ilə kef çəkmək istəyirsə, ucuzvari məkan var, özü də Qocalar evində. Saatı 15 manata... Amma gərək ki, bir gün əvvəldən onları xəbərdar edəsən. Çünki burada cəmi üç belə otaq var və müştərisi də çoxdur. Qış aylarında isə bura düşmək əməlli-başlı müşkülə çevrilir. Eşitdiklərimdən nitqim tutulmuşdu. Əcəba, dörd divar arasına sığınanların məkanında belə yerin fəaliyyət göstərməsi nə dərəcədə doğru idi? Bəs, hüquq-mühafizə orqanlarının və əlaqədar təşkilatların bundan xəbərləri yox idimi? Eşitdiklərimin təsiri ilə Bigəh qəsəbəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən müharibə və əmək əlilləri üçün pansionata üz tutdum. Oranın rəhbəri ilə görüşərək, eşitdiklərimə onun aydınlıq gətirməsini istədim. Pansionata girmək cəhdim baş tutmadı. Qapıda mənə bildirildi ki, baş həkim Bəhruz Əlmədətovun icazəsi olmadan qapıdan içəri quş-quşluğu ilə uça bilməz. Baş həkimə nə qədər zəng etsəm də, dəstəyi qaldıran tapılmadı. Bu zaman onun köməkçisi ilə əlaqə yaradıb, onunla və buradakı yaşlılarla görüşmək istədiyimi bildirdim. Yenə də bir nəticə əldə edə bilmədim.
Yadıma illər əvvəl bir neçə dəfə şahidi olduğum bir hadisə düşdü. Belə ki,Vətən hüdudlarından kənarda yaşayan tanınmış bir xeyriyyəçinin mətbuat rəhbəri kimi çalışırdım. O, Qurban, Novruz və Yeni il bayramlarını Azərbaycana gəlirdi. Vətənə hər gəlişi zamanı uşaq və qocalar evinə gedər, onlarla görüşər, yardımlar edərdi. Novruz bayramı zamanı bizlər yenə Qocalar evinə baş çəkdik. Xeyriyyəçi pansionatın direktoruna lazımi məbləğ ayrıca pul verdi ki, oradakı çatışmamazlıqları həll etsin. Sonra qocalara hədiyyə və pul verib, onlara gözəl süfrə açdı. Növbəti gedişimiz zamanı qocalarla söhbət əsasında məlum oldu ki, xeyriyyəçinin onlara verdiyi pulu da pansionat direktoru onların əllərindən almışdı, baxmayaraq ki, onun özünə də ayrıca yüksək məbləğdə pansionata xərcləmək üçün pul ödənilmişdir. Analoji halla biz 3 saylı uşaq evində də rastlaşmışdıq. Bundan sonra Bəhruz müəllimə jurnalist həmkarım sual verəndə ki, bura verilən yardımları nə edib, hara xərcləyirsiniz, o, cavab vermişdi ki, nazirliyə veririk. Gülməli cavab deyilmi? Heç bura ayrılan büdcə tamlığı ilə ünvanına xərclənmir,o da qalsın ki… Sonra biz tələbələrlə bura qocalara baş çəkməyə gəlmək istədik. Bizə bildirdilər ki, istədiklərimizi onlara gətirə bilmərik. Yalnız tələbələrə veriləcək siyahıdakı şeyləri almaq olar. Bütün bunları yada salıb, fikrə dalmışdım ki, qapının yanında iki ağsaçlı qoca ilə rastlaşdım. Onların adlarını soruşsam da, binəvalar qorxudan söyləmək istəmədilər. Axı, onların son ümid yerləri bu məkan idi. Buradan da atılsaydılar, onda... Onların titrəyən əllərinə və kədərli gözlərinə baxaraq soruşdum: - Burada yeməyiniz-içməyiniz necədir ? Nə yeyib, nə içirsiniz? Yaşlılardan biri dilləndi: - Yox, ay bala, bura gəlib-gedən olanda mədəmiz bayram edir. Səhərlər sıyıq, günorta-axşam isə vermeşil yeyirik. Elə olur ki, aylarla ağzımıza ət dəymir. Amma nə edək, qalmağa yerimiz yoxdur, odur ki, dözmək məcburiyyətindəyik. Qeyd edək ki, deyilənlərə görə, Bəhruz müəllim həm də Bakıxanov bələdiyyəsinin üzvüdür.Pansionatdan qazandıqları ilə özünə Bakıxanovda torpaq biznesini də gücləndirib. Bundan başqa , mənə söylənildi ki, bəzi evi olan yaşlılar burada aldadılır, evi əlindən alınır. Bütün sivil dövlətlərdə uşaqlara, qocalara, imkansız ailələrə xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan Dövlətinin iqtisadiyyatı gücləndikcə, dövlət büdcəsi artdıqca ölkə rəhbərliyi mütəmadi olaraq sosial yönümlü xərclərin artırılması üçün mühüm qərar və tapşırıqlar verir, sərəncamlar imzalayır. Lakin çox əfsuslar olsun ki, bəzi nankor məmurlar tutduqları vəzifə postundan şəxsi məqsədləri üçün istifadə etməklə uşaqlara, qocalara ayrılan vəsaitləri müxtəlif yollarla mənimsəməklə, onların boğazına şərik çıxır və öz həyatlarını murdar əməlləri ilə əldə etdikləri milyonlar hesabına eyş-işrət içərisində keçirirlər. Bizlər dəfələrlə Qocalar Evində yaşayanların gündəlik ərzaq normalarının bir qisminin müəssisə rəhbəri Bəhruz bəy tərəfindən mənimsəməsi haqqında informasiya almışdıq. Bura düşmək üçün qocaların 500 – 700 manat verməsi məlumatını da almışdıq. Lakin əfsuslar olsun ki, Bəhruz bəyi tapa bilmədik ki, eşitdiyimiz və gördüyümüz bəzi faktlara aydınlıq gətirsin. Lakin maraqlı faktlardan biri isə dini sekta nümayəndələrinin bura sərbəst gəlişi idi. Belə ki, orada olduğum müddətdə bir neçə xarici maşının içəri gəldiyini gördüm. Öyrəndim ki, bura gələn sekta nümayəndələrindən əksəriyyəti xristianlığı təbliğ edirlər və onlara burada giriş azaddır. Onlar Qocalar Evinə gələrək öz əqidələrini yaşlılara qəbul etdirmək istəyirlər.
Həmçinin sekta nümayəndələri onlara qoşulan qocalara aylıq pul verirlər ki, bu yaşlıların əllərindən alınır. Sözsüz ki, sekta nümayəndələrinin bura azad girişi yalnız Bəhruz bəyin razılığı ilə ola bilərdi. Qocalar Evində rastlaşdığım digər məqam isə burada məskunlaşmış yaşlıların sanki gestapo şəraitində yaşamaları idi. Belə ki, onlar tanımadıqları insanlarla Bəhruz bəyin qorxusundan danışmaqdan çəkinirdilər. Qocalarla söhbət zamanı bir məqam da bəlli oldu ki, onlar təqaüdlərini vaxtı-vaxtında ala bilmirlər. Eyni zamanda bura ayrılan, həmçinin xeyriyyəçi insanların gətirdikləri ərzaqlar Bəhruz müəllimin mağazalarına ötürülür. Bunu da biz yox, oradakılar dedilər. Əgər Bəhruz bəylə görüşmək mümükün olsaydı, deyilənlərin nə qədər doğru olub olmadığını öyrənmək bizə də nəsib olardı.
Beləcə, Bəhruz bəyin gestapo rejimi yaratdığı iqamətgahına girib eşitdiklərim haqqında onunla söhbət edə bilməsəm də, elə giriş qapısından bu məkanın sahiblərinin hansı faciəli bir durumda oturub Əzrayılı gözlədiklərinin canlı şahidi oldum. İndi isə söz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərinindir. Qocalar evində həyat ağacının son meyvələrini dərən bu insanların halına əl yelləyib, görməzdən gəlmək ən azı doğru olmazdı…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?