“Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Deyirəm ki, Allah bu misraları qələmə alan Xalq şairimiz Qabilə qəni-qəni rəhmət eləsin. Onun illər öncə yazdığı bu misralar elə bu günümüzün, xüsusən də səhiyyəmizin damarını elə tutub ki, qərinələr əvvəl deyilmiş atalar sözünü də əvəz etməyi bacarır. Həqiqətən də bu gün səhiyyə sistemində çalışanların böyük qisminin yeri səhv düşüb. Səhiyyəmizdə kim olduğunu yaddan çıxaran o qədər adam var ki... Çoxları səhiyyədəki problemlərin hamısını nazir Oqtay Şirəliyevin ayağına yazırlar. Təbii ki, səhiyyəmizin indiki acınacaqlı durumunun həmmüəlliflərindən biri də nazirdir. Amma bir həqiqət də var axı…Yaxşı, bütün xəstəxana və poliklinikalara əgər səhiyyə naziri nəzarət edəcəksə, onda baş həkimlərin vəzifəsi nədən ibarətdir? Bu gün hamı “Semaşko” adlı xəstəxanasında tüğyan edən korrupsiya hallarından danışır. Həqiqətən də orada baş verən özbaşınalıqlar insanı vahiməyə gətirir. Oranın rentgen aparatı pulkəsən maşını xatırladır. Doğum şöbəsində isə məzənnənin miqdarı şöbə müdiri Yaqut xanımdan asılıdır. O, heç kimdən çəkinmədən xəstə sahiblərinə məzənnənə oxuyur. Maraqlı məqam isə budur ki, bütün pul bir əldən həkimə verilir. Həkim də pulu tibb bacıları,uşaq həkimləri və sanitarlar arasında bölür. Bir müddət bundan əvvəl ADMİU-nun tələbələrindən biri Qaradağ rayonunda ailəsi ilə birlikdə qəzaya düşmüşdü. Qəza zamanı həmin tələbənin ailəsi, bacısı dünyasını dəyişmişdi. Özü isə ağır vəziyyətdə “Semaşko”ya çatdırılmışdı. Həmin tələbə düz 5 gün xəstəxanada qaldı. Təhsil aldığı ali məktəbdə uşaqlar əməliyyat üçün pul toplasalar da, bu miqdar həkimin istəyi ilə üst-üstə düşmədi. Odur ki, gənc qızı qohumları başqa xəstəxanaya aparıb, orada əməliyyat etdirdilər. Sizcə, burada antikorrupsiyadan danışmağa dəyərmi? Əlbəttə ki, yox! Səhiyyədə antikorrupsiya əməliyyatının necə aparılması ilə bağlı şəhərin poliklinikalarından bəzilərini gəzdim.
20 saylı poliklinikada nə baş verir?
İlk baş çəkdiyim poliklinika 6-cı mikrorayon ərazisində yerləşən 20 saylı poliklinika oldu. Orada öyrəndim ki, burada qeydiyyatda olan xəstələr istədikləri şəkər dərmanını tapa bilmədikləri kimi, onlara test də verilmir. Bu azmış kimi şəkər xəstələrinin müraciət etdikləri həkimlə də danışmaq mümkün deyil. Çünki qışqırmaqdan başqa bir iş bilməyən həkim testlərin verilməməsində Bakı Baş Səhiyyə İdarəsini ittiham edir. Bu azmış kimi, xəstələrə lazım olan dərmanlar pulsuz şəkildə verilmir. Onlara poliklinika tərəfindən verilən dərmanlar çox zaman gərəksiz olur. Məsələn, “Amarel” şəkər həbi əksər xəstələrə həkimlər tərəfindən yazılsa da,bu poliklinikada həmin həbin pulsuz verilməsi təmin edilmir. Şəkərli xəstələrə verilən qanda şəkərin təyini üçün aparatlar da dəyişilməlidir ki, buna da adı çəkilən poliklinikada rəayyət olunmur. Lakin biz orada araşdırma apararkən məlum oldu ki, Bakı Baş Səhiyyə İdarəsi bütün poliklinikaları lazımı dərman pereparatları və testlərlə təmin edir. Əfsuslar olsun ki, poliklinikalarda bu testlər müəmmalı şəkildə buxarlanır. Bundan başqa, adı çəkilən poliklinikada edilən bütün təhlillər pulsuz aparılmalı olduğu halda bunun əksi ilə rastlaşmış oluruq. Milli Onkologiya Mərkəzində də hələ pulun hökmdar olduğunu desək, yanılmarıq. Belə ki, burada kimyaterapiya üçün xəstələr pul ödəmək məcburiyyətindədirlər.
“ Respublika” xəstəxanasında özbaşınalıq
Akademik M.Ə.Mirqasımov adına Respubliuka Klinik Xəstəxanasının urologiya şöbəsində isə adicə cansız stol üçün xəstədən pul tələb olunur. Mən hələ müalicədən danışmıram. Katetr salmaq üçün əgər bu stoldan istifadə edilməlidirsə,stol belə tibb bacısı ilə dil açaraq 10 manat deyir. Burada keçirilən cərrahiyə əməliyyatları da 500 – 1000 manat arasında dəyişir. Adı çəkilən xəstəxanada antisanitariya tüğyan üdir. Palatalarda vəziyyət bərbad haldadır. Əsasən əhalinin kasıb təbəqəsinin müalicə aldığı bu xəstəxana da dövlət xəstəxanası olduğu üçün pulsuz olmalı olduğu halda pulludur. Buradakı lüks palataların məzənnəsi 30-50 manat arası dəyişir. Həkimlərin xəstələrlə sövdələşməsi çox adi bir haldır. Burada rentgen,ultrasəs müayinəsi də pulludur. Belə ki,ultrasəs müayinəsi edən həkimin həyat yoldaşı hakim olduğundan, o, açıq-aydın pullu şəkildə müayinə ilə məşğul olur. Sözsüz ki,bunun dolyası baş həkimə çatır. Biz başqa bir adla bu müayinədən keçərək ultrasəs müayinəsinin həqiqətən də pullu olduğunun,hər orqanın öz məzənnəsi olmasının şahidi olduq. Adı çəkilən xəstəxanada qanın ümumi təhlili 20 manat, qanda şəkərin təhlili 10 manat, böyrək üçün götürülən təhlillər 35-40 manat, həkim müayinəsi 20 manatdır. Əgər sizi professor müayinə edəcəksə,bu, bir qədər baha başa gəlir. Adı çəkilən xəstəxanada döş qəfəsinin rentgeni 15-25 manat, daxili orqabların ümumi müayinəsi 160 manatdır. Qeyd edək ki, xəstələrlə söhbət zamanı bəlli oldu ki,burada adi iynə belə pulsuz vurulmur. Aldığımız məlumatlara görə, adı çəkilən xəstəxananın baş həkimi hər yerdə heç kimdən qorxmadığını deyir. Bu azmış kimi,vəzifəli şəxslərin də adından özünün krışası kimi istifadə edir. Bu xəstəxananın bir özəlliyi də var. Belə ki, xəstəxananın doğum şöbəsində qadının qida çevrilməsi dəb şəklini alıb. Bu isə 300-400 manat civarında başa gəlir. Qıza çevrilib ağ duvaqda ərə getmək istəyən qadın bura elə toy günü gəlir və bu məsələ yarım saat içində həll olur. Xəstəxanada lift də pulla işləyir. Xəstəxananın həyətinə girən və çıxan maşın sahiblərinin də əlləri sözsüz ki,ciblərində olmalıdır. 2 saylı psixi xəstəxanada da vəziyyət ürəkaçan deyil. Belə ki, burada müalicə xəstəyə min manatdan baha başa gəlir. Deyilənə görə burada xəstələr hər gün fiziki əməyə məcbur edilir, onlar axşama qədər işlədilir. Bununla xəstələrin fiziki xüsusiyyətlərində də dəyişiklik etməyi önə sürən səlahiyyətlilər əslində görülən işlərin şəxsi maraqları çərçivəsində olduğunu deyəsən unutmuş olurlar. Elə Topçubaşov adına Eksperimental Xəstəxanada da vəziyyət alayı cürədir. Burada adi kor bağırsağı üçün edilən cərrahiyyə əməliyyatı xəstə sahibinə 1000 manata, ürəklə bağlı cərrahiyyə əməliyyatı isə 3000-4000 manata başa gəlir. Qeyd edək ki, adı çəkilən xəstəxanada ürək cərrahiyyə əməliyyatından həyatını dəyişənlərin sayı gün keçdikcə o qədər artır ki, adi hala çevrilir. Mənim qohumlarımdan biri də bu xəstəxanada ürək cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişmişdi. Maraqlı məqam isə ondadır ki, xəstələrin yaxınlarından 3000 – 4000 manat alan və sonradan ölü cəsədi vicdan əzabı çəkmədən yaxınlarına təqdim edənlər həmin pulun cüzi bir hissəsini qaytararaq, “dərman preparatlarına xərcləndi” – deyərək boyunlarından atırlar. Xəstəxanalardan danışarkən bir məqamı da unutmaq olmaz. Belə ki, xəstəxanada Fransanın “Servier” və İsveçrənin “Rox” firmasının dərmanlarının təbliğatını aparılır. Məlumdur ki, “Servier” firmasının dərmanlarının texnoloji hazırlanmasında erməni əsilli mütəxəssisləri iştirak edirlər. Yoxsa, məsələn “Preduktal” dərmanı Fransada 50 dollara, bizdə isə 15 manata satılmazdı. Beləcə aydın olur ki, Azərbaycanda saxta və keyfiyyətsiz “Preduktal” dərmanları satılır. Qeyd edək ki, “Servier” firmasının əməkdaşları xəstəxanalara gedir, həkimlərə həmçinin arıqlamaq üçün çay və kofelər də təklif edirlər. Həqiqətən də bu gün içimizdə öz yerini bilməyən, kim olduğunu yaddan çıxaran, güzgüyə baxıb öz adını başqasına qoyub onu korrupsioner adlandıran o qədər insanlar var ki. Bizlər isə Səhiyyənin bu acınacaqlı vəziyyətinə baxanda, bir çox baş həkimlər üçün Hippokrat binəvanın andının ciblərinin mənafeyindən qat-qat aşağı olduğunu görürük və rəhmətlik Qabilin: “Səhv düşəndə yerimiz” şerini deməkdən başqa əfsuslar olsun ki, əlimizdən heç nə gəlmir. Sunay Həsənova
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?