Rəsmi Bakı Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsinə mövqeyini açıqlayıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü jurnalistlərə bildirib ki, o vaxt Türkiyə Ermənistanla sərhədləri iki məsələyə görə bağlamışdı. Birincisi, Ermənistanın Türkiyəyə olan ərazi iddiası, ikincisi isə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi olub:
"Ancaq bu gün bu məsələyə nəzər salsaq, görərik ki, heç nə dəyişməyib. Yəni nə Ermənistanın Türkiyəyə olan düşmənçilik münasibəti dəyişib, nə Ermənistan Türkiyədən açıq elan etdiyi ərazi iddialarından, nə də soyqırımın dünya mqiyasında tanınması iddiasından əl çəkib. Həm də gördüyünüz kimi Azərbaycana qarşı işğal faktı davam etməkdədir və bu sahədə aparılan danışıqlar heç bir nəticə vermir".
Nazir müavininin sözlərinə görə, bu problemlər ona görə həll olunmayıb ki, Ermənistanın bu məsələdə mövqeyi qeyri-konstuktivdir. Ermənistan bu məsələnin həll olunmasına hazır deyil. Bütün bu sülh proseslərin irəli getməməsinin səbəbi Ermənistan tərəfinin iradəsinin və xüsusilə siyasi iradəsinin olmamasıdır.
X.Xələfov Türkiyənin Ermənistandan Azərbaycanın işğal altında olan 2 rayonunun qaytarılması barədə KİV-lərdə gedən məlumatlara da mövqeyini açıqlayıb: "Bu, əlbəttə, danışıqların predmetidir. Onu müzakirə etməyə ehtiyac yoxdur. danışıqlarda da Azərbaycan tərəfinin mövqeyi aydlındır, bəli, bu məsələnin həll olunması üçün ilk növbədə işğal olunmuş ərazilərin problemi həll olunmalıdır. Bu problem həll olunmadan məsələnin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil".
Nazir müavini deyib ki, Minsk Qurpu da, digər beynəlxalq qurumlar da problemin həllinə dəstək verməlidirlər: "Xüsusilə həmsədrlər zəhmət çəkməlidirlər, üzərlərinə götürdükləri məsuliyyəti və missiyanı axıra qədər yerinə yetirməlidirlər. Bu da ondan ibarətdir ki, Ermənistanı sülhə vadar etməlidirlər. Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, Azərbaycan torpaqlarından geri çəkilməyə vadar etməlidirlər. Bundan sonra sülh prosesindən, prosesin irəli aparılmasıdan söhbət gedə bilər".
X.Xələfov bildirib ki, Azərbaycan Ermənistan və Türkiyə arasında olan münasibətləri Türkiyənin daxili işi hesab edir: "Buna müdaxilə etmirik. Türkiyə özü bilər, Ermənistanla hansı münasibətləri quracaq. Ancaq biz tam əminik ki, Ermənistan bizim regionda yerləşirsə və işğalçılıq siyasəti aparırsa, beynəlxalq məsuliyyət daşıyır. Digər qonşu dövlətlər də Ermənistanın bu işğalçılıq , təcavüzkar siyasətinə biganə qalmamalıdırlar ona münasibət bildirməlidirlər. Biz hesab edirik ki, İran, Rusiya da Ermənistana təzyiq göstərməlidirlər. Çünki bu gün regionda sülhün, sabitliyin pozulmasının əsas səbəbkarı Ermənistanın apardığı siyasətdir. Bu gün Qərbin və ya Avropa İttifaqının regionda aıpardığı siyasətin müvəffəqiyyətsizliyinin əsas səbəbkarı yenə də Ermənistandır. Ona görə də bu məsələlərə göz yummaq olmaz və hesab edirəm ki, beynəlxalq müstəvidə , xüsusilə ATƏT-də vasitəçilik missiyasını öz üzrəinə götürən əsas 3 ölkə- Fransa, Rusiya və Amerika tamam yeni yanaşma göstərməlidirlər və bu məsələni irəli apara bilən addımlar atılmalıdır" (Trend).
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?