Rəsmi İrəvan Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməsinə razılıq verib. Bu sensasion bəyənatı Türkiyənin nüfuzlu “Todays Zaman” qəzeti diplomatik mənbələrə istinad edərək yayıb. Türkiyə Ermənistan- Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyini düşünərək İsveçrə hökumətindən dəstək istəyib.
Qəzetin məlumatına görə, oktyabrın ortalarında İsveçrəyə rəsmi səfər edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu İsveç rəsmi dairələri ilə görüşdə ölkəsinin Ermənistanla əlaqələrin qurulmasına hazır olduğunu deyib. XİN rəhbəri Ermənistanın əvvəlcə işğal etdiyi Azərbaycan torpaqlarının azad etməsi məsələsini də xatırladıb. Davudoğlunun fikrincə, İsveçrə İrəvanı işğal etdiyi ərazilərdən çıxmağa razı salsa Ankara 1993-cü ildən bağlı saxladığı Ermənistan sərhəddini açacaq. Qəzetin məlumatına görə, isveçrəli diplomatlar Davudoğlunun təklifini müsbət qarşılayıb. Türkiyə xarici işlər nazirliyindəki mənbənin sözlərinə görə, qardaş ölkə qondarma soyqırımın 100 illiyinə - 2015-ci ilə qədər Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir.
Qəzet xatırladır ki, Türkiyə və Ermənistan 2009-cu ildə Sürix protokollarını imzalayarkən artıq yol xəritəsini hazırlamışdılar, lakin daha sonra Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda heç bir nəticə əldə edə bilməməsi səbəbindən danışıqlar nəticəsiz qaldı.
Qəzet yazır ki, Ermənistan Dağlıq Qarabağdan başqa Azərbaycanın bu regionuna bitişik daha 7 rayonunu işğal altında saxlayır” – deyə, qəzet İsveçrə tərəfinə müraciət edən türkiyəli XİN rəhbərinin sözlərindən sitat gətirir.
Diqqətəlayiq hal isə yazıda adı çəkilməyən “yüksək vəzifəli türk məmurun” fikirləridir. Onun sözlərinə görə, “Türkiyə Ermənistanla sərhədləri Dağlıq Qarabağa görə deyil, qonşu rayonların işğalına görə bağlayıb”.
İrəvan ən azı 7 rayondan beşini azad edərsə, Azərbaycan Türkiyənin Ermənistanla sərhədləri açmasına etiraz etməyəcəyini bildirib. “İrəvan da həmçinin beş rayonu tərk etməyə hazır olduğunu bəyan edib” – deyə, qəzet mənbəyə istinadən yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?