“Bilmirik, bu gün qəzeti çap edək, yoxsa yox... Əgər çap edib səyyar satıcılara verəcəyiksə, polislər də satıcıların əlindən alacaqlarsa, belə çıxır ki, biz sabahkı qəzet satışından zərərə düşəcəyik. Bəs onda nə edək?”
Bu suallar qarşısında qalan gündəlik nəşr olunan “Gündəmxəbər” qəzetinin təsisçisi Şirin Cəfərlidir. Deyir, redaksiyaya yığışıb qəzetin səhifələrini də hazırlayıblar. Ancaq nəşrə göndərməyə tərəddüd edirlər. Təsisçi danışır:
VƏZİYYƏT GÖSTƏRİR Kİ...
“Bakı Şəhər İcra Hakimiyyətinin ticarət departamenti səyyar qəzet satışına qadağa qoyub. Bu, mətbuata qarşı təzyiqdir. İddia olunur ki, bizdə demokratiya var. Ancaq mətbuata qarşı qoyulan qadağalar, əngəllər başqa söz deyir. Bir tərəfdən prezident müstəqil, özü-özünü saxlaya bilən mətbuatdan danışır. Başqa tərəfdən isə buna səddlər çəkilir. Vəziyyət göstərir ki, ölkədə reket jurnalistikasının şaxələnməsinə təkan verilir, özü-özünü maliyyələşdirə bilən qəzetlər ortadan çıxarılır”.
Şirin Cəfərlinin sözlərinə görə, qəzetin satışı elə təşkil olunub ki, redaksiyanın xərcini-borcunu ödəmək imkanı var. Amma Bakı İH-nin təzə qərarı belə imkanların qarşısını alır:
"BİZİ TAMAMİLƏ YOX EDİRLƏR"
“Qəzetin 60-70 faizini əldə satdırırıq. Satışdan gələn gəlirlə ayaq üstə dayanmışıq. Belə bir qərar bizi ağır durumla üz-üzə qoyub. Qəzet belə bir sahədir ki, bununla bağlı ölkənin birinci, ikinci adamı qərar verə bilər. Hansısa qurumun xırda bir departamenti yox. Məmurlar bizi məhkəməyə verir, cərimə qərarları çıxartdırırlar. Hesabımıza həbslər qoyulur. Yayım firmalarının ünvanlarına həbs qərarları göndərirlər. Həmin firmalar qəzet satışından gələn pulları bizim hesabımıza yox, onların hesablarına köçürməli olurlar. Buna görə də belə ağır cərimələrlə üz-üzə qalanda rəsmi firmalara qəzet vermirik, səyyar satışını təşkil edirik. Bu gün isə bizi tamamilə yox edirlər”.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin ticarət departamenti yanvarın 1-dən Bakıda səyyar qəzet və kitab satışını qadağan edən qərar çıxarıb. Bunu səyyar satışın şəhərin görünüşünə zərər gətirməsi ilə əsaslandırıb.
Şirin Cəfərli səyyar satışın qadağası götürülməzsə, etiraz aksiyalarına əl atacaqlarını deyir. Azadlıq radiosu
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?