Martın 16-da Vaqif Mustafazadənin 75 illik yubileyi münasibəti ilə İçərişəhərdə keçiriləcək “Vaqifsayağı” caz festivalına hazırlıq işləri başa çatır.
ANS PRESS-in məlumatına görə, festivalın təşkilatçısı Şakir Eminbəylinin APA-ya verdiyi məlumata görə, tədbirdə həm tamaşaçılara, həm də səhnədə çıxış edənlərə sürprizlər, hədiyyələr olacaq: "Vaqif Mustafazadə etno cazın, Azərbaycan cazının banisi idi, ona görə də bizim festival milli üslubda olacaq. Yerə xalça salınacaq, tamaşaçılar yerdə oturacaqlar. Ortalıqda samovarlar qoyulacaq, xonçalar düzüləcək. Düşünürük ki, sadə və mümkün qədər xalqa yaxın olan tədbir keçirək. Arzu edirəm, bu festival davamlı olsun və el bayramına çevrilsin. Vaqif özü bütün çərçivələrdən uzaq, xalqa yaxın adam olub, ona görə onun ad günü məhz bu cür olmalıdır. Festivalda istər tamaşaçılar, istər səhnədə çıxış edənlər üçün sürprizlərimiz, hədiyyələrimiz olacaq. Məsələn, iştirakçılar “Vaqifsayağı” geyinəcək, parik taxacaq, bığ qoyacaqlar”.
O deyib ki, aparıcı Rahib Azəri Vaqif Mustafazadənin rolunu oynayacaq, Vaqifin adından iştirakçıları salamlayacaq: “Festival günü “İçərişəhər” metrosunda və "AZAL"ın mümkün reyslərində, bir çox radiolarda ancaq Vaqif Mustafazadənin musiqiləri səslənəcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbərliyi sağ olsun, festivalın keçirilməsi üçün bütün köməkliyi edirlər. Bu layihəni həyata keçirmək çoxdankı fikrim idi. Bu ilə təsadüf etməsi həm də Vaqif Mustafazadənin 75 illik yubileyi ilə bağlıdır. Festivalın keçirilməsinə dəstək olan qurumların - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun adını çəkməklə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin, xüsusən “Gilan Holdinq”in rolunu xüsusi qeyd etmək istəyirəm ki, bizə bütün şəraiti yaradıblar".
Şakir Eminbəyli əlavə edib ki, festival Vaqif Mustafazadənin məzarının və ev muzeyinin ziyarəti ilə başlayacaq: “İncəsənət xadimləri ilə danışmışıq, nəqliyyat ayrılıb, arzu edənlərin hamısı Vaqif Mustafazadənin məzarını və evini ziyarət edəcək, daha sonra festivala start verəcəyik. Festival axşam saat 18:00-dək davam edəcək. Tədbirdə Azərbaycanın ən məşhur caz ifaçıları çıxış edəcəklər”.
Festivalın aparıcısı və təşkilatçılarından olan Rahib Azəri APA-ya açıqlamasında qeyd edib ki, tədbirin davamlı olmasını arzu edir: “Dünyada böyük musiqiçilərinin adı ilə bağlı festivallar olursa, niyə bizdə də olmasın? Mən bu təşəbbüsü Vaqifsevər kimi müsbət qarşıladım. Arzu edirəm, festival hər il keçirilsin. Təbii ki, birinci festivalı təşkil etmək çox çətindir. İnşallah ikinci və növbəti festivalları daha böyük miqyasda keçirə biləcəyik. İndiyə qədər Vaqif Mustafazadənin xatirəsinə konsert keçirilsə də, bu miqyasda festivalın olmağını xatırlamıram. Vaqif azad insan olub, ona görə onun şərəfinə keçirilən tədbir məhz bu şəkildə olmalıdır. Hətta istəyərdik ki, festivala gələn rəsmi şəxslər də qeyri-rəsmi tərzdə olsunlar. İnsafən, belə insanları Bakı caz festivallarında çox görmüşəm və istəyirəm ki, o xoş ənənə burda da davam etsin".
R. Azəri V. Mustafazadə ilə bağlı xatirələrini də danışıb: "Mən Vaqifi bir neçə dəfə görsəm də, şəxsi tanışlığımız olmayıb. O dünyasını dəyişəndə birinci kursda təhsil alırdım. İçərişəhərdə Vaqiflə dəfələrlə qarşılaşmışam. Amma aldığımız tərbiyə imkan vermirdi ki, ona yaxınlaşaq. Biz utanırdıq. İndi təəssüflənirəm ki, o vaxt ona yaxınlaşamağ ürək etməmişəm. Mücərrəd yaratdığımız dünyada Vaqif mənim də, Şakir Eminbəylinin də ən yaxın dostudur. Təxminən bir il əvvəldən bu layihə haqqında düşünürdük və inanıram ki, festivalı layiqincə keçirib Vaqif Mustafazadənin qarşısında olan vətəndaşlıq borcumuzu yerinə yetirəcəyik. Vaqif Mustafazadə bizim adət etdiyimiz tarixlə 39 il yaşayıb. Amma onun özünün tarixinə baxsaq, bəlkə 100 il yaşayıb. Çünki Vaqifin ölçü vahidi tamam başqa olub”.
Qey edək ki, Vaqif Mustafazadənin ev-muzeyində qonaqlar nadir eksponatlarla tanış olacaqlar. Festivalda caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə, digər bir parçasını isə özünəməxsus şəkildə ifa edərək tamaşaçılara təqdim edəcəklər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?