“Azərbaycanı necə təmsil etdiyi hər kəsə məlumdur”.
Ukraynada kunq fu və uşu idman növü üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava olub. Davaya səbəb ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıraraq təxriba əl atmasıdır.
Yarış zamanı meydanda Azərbaycan yığmasını təmsil edən idmançı Orxan Mehdiyev və komanda yoldaşları artıq Bakıya qayıdıblar.
Mir.Az xəbər verir ki, O.Mehdiyev kütləvi dava ilə bağlı bilinməyən məqamları AzVision.az-la bölüşüb:
“Mən Aşot Marukinyan adlı erməni ilə döyüşdə tam üstünlüyə malik idim. Bunu sübut edən videolar da var. Amma hakimlər qalib kimi erməni idmançının əlini qaldırdılar. Hamı gözləyirdi ki, mən qalib elan olunacağam. Bizə haqsızlıq etdilər. Buna haqlı olaraq etiraz etdik. Ermənilər bundan istifadə edib vəziyyəti gərginləşdirdilər. Nəticədə dava düşdü. Davadan sonra yarışın təşkilatıçıları videoya baxdılar, xallar yenidən hesablandı və mən 12:9 hesabı ilə qalib elan olundum. Federasiya prezidenti daha sonra mikrofonla elan etdi ki, yalnışlığa yol verilib, döyüşün qalibi Azərbaycan idmançısıdır. Bu çıxışdan sonra qalib kimi mənim əlimi yuxarı qaldırdılar”.
İdmançının bildirdiyinə görə, ermənilər onun qələbəsindən sonra yenidən təxribata əl atıblar:
“Bizim daha bir idmançımız erməni ilə yarımfinalda üz-üzə gəldi. Bu zaman kənarda duran ermənilər bizim idmançılara söyüş söydülər. Dava düşdü. Hələ yarış başlamışdan öncə ermənilər zala girən kimi qondarma “bayrağı” qaldırdılar. Bizim baş məqşçi və federasiya prezidentimiz bayrağın yığışdırılmasını tələb etdilər. Bundan sonra ermənilər bayrağı yığışdırdılar. Bir müddət sonra yenidən saxta bayrağı qaldırdılar. Biz yenə də etiraz etdik. Ermənistan yarışdan uzaqlaşdırılmalı idi. Yenidən aramızda dava düşdü. Nəticədə erməniləri qəşəng döyüdük. Onlar xəstəxanalıq oldular”.
İdmançı onun uğurunu işıqlandırmağına görə, yerli telekanallardan şikayətlənib:
“Biz Bakıya qayıdanda telekanalların əməkdaşları hava limanında idilər. Onlar bizim qələbəmizi işıqlandırmaq istəmədilər. “Eurovision”da özünü reklam edən Səmra adlı xanımı çəkib efirə verdilər, bizə isə yaxın gələn olmadı. Mən ermənini məğlub etmişdim. Erməni ilə rinqə çıxan zaman Allaha yalvardım ki, ən gözəl günlərimi qurban verərəm, təki erməniyə uduzmayım.
Telekanallar bizim qələbəmiz efirə vermədilər, amma Səmranı çəkdilər. Biz ermənilərin qaldırdıqları bayrağı cırdıq, onları yaxşıca döydük, bunu telekanallarımız görməzdən gəlirlər. Səmranın Azərbaycanı necə təmsil etdiyi hər kəsə məlumdur”.
O.Mehdiyev, həmçinin vurğulayıb ki, Səmranı qarşılamaq üçün hava limanına 4-5 nəfər gəlmişdi:
“Səmra xanım hava limanında biabır oldu. Bizi yüzlərlə insan qarşılamağa gəlmişdi. Səmranı isə 4-5 nəfər və telekanallar qarşıladı. Səmranın ağzı açıq qalmışdı. Özünü elə aparırdı ki, guya camaat onu qarşılamağa gəlib. Telekanallar da bunu çəkdilər ki, Səmranı hava limanında yüzlərlə insan qarşılayıb. Həmin insanlar bizi qarşılamağa gəlmişdilər, Səmranı yox. Səmra bizi yüzlərlə insanın əhatəsində görəndə biabır oldu”,-deyə idmançı vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?