Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bu günlərdə dünyasını dəyişmiş xalq rəssamı Toğrul Nərimanbəyovla bağlı Modern.az saytına maraqlı xatirə danışıb. Z.Əliyevin dediyinə görə, təxminən 60-cı illərdə Toğrul Nərimanbəyov əfsanəvi rəssam Səttar Bəhlulzadəni ölümdən xilas edib:
”Toğrul Nərimanbəyov Azərbaycan incəsənətinin simasını müəyyənləşdirən Səttar Bəhlulzadə ilə yaxın dost olub. Toğrul bu hadisəni də mənə Səttar haqda kitab hazırlayanda demişdi. Deməli, 60-cı illərdə gecə saat 12-də Səttar Toğrula zəng vurub deyir ki, “səni “Baksovet”in qarşısında gözləyirəm. Toğrul deyir ki, görüş “bəlkə sabaha qalsın”. Səttar razılaşmır və nəhayət deyilən yerdə görüşürlər. Toğrul deyir ki, “getdim gördüm qanı qaradır”. Səbəbini soruşanda məlum olur ki, Səttar “Qızbənövşə”yə getmək istəyir. Bu yer Quba ərazisində yerləşir. Səttar deyir ki, “indi ora getməsəm ölərəm”. Nəysə, birtəhər maşın tapıb səhərə yaxın saat 4-də Qubaya çatırlar. Səhər tezdən Səttar işləməyə başlayanda Toğrula deyir ki, “sən məni ölümdən xilas elədin”. Yəni Toğrul Nərimanbəyov Səttar Bəhlulzadəni ölümdən xilas eləmişdi. Toğrulun belə insanı keyfiyytələri, dost qayğısına qalması var idi. Ümumiyyətlə onun bir rəssam kimi yetişməsində Səttar Bəhlulzadənin böyük rolu olub”.
Qeyd edək ki, 1930-cu il avqust ayının 7-də Bakıda anadan olmuş T.Nərimanbəyov iyunun 8-də Parisdə dünyasını dəyişib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?