Təşkilatçı-prodüser Samir Xəttabı sosial şəbəkədə “maşennik” adlandıran müğənni Arzu Seyidzadə qarşı tərəfin onu aldatması iddiası ilə məhkəməyə müraciət edib.
Müğənninin iddiasına görə, konsert təşkili ilə bağlı rəhbəri olduğu “HAS Production” şirkəti ilə təşkilatçı Samir Xəttab arasında müqavilə bağlanılıb. Samir Xəttab müğənni ilə birlikdə Davud Güloğlunun Bakıda konsertini təşkil etməli olsa da, vədinə əməl edə bilməyib.
Müqavilənin şərtlərinə əsasən, Arzu Seyidzadə sifarişçi qismində Samir Xəttaba 17 min 500 manat pul ödəyib. Təşkilatçı mətbuata verdiyi açıqlamalarda bu faktı inkar etsə də, bugünkü məhkəmə prosesində faktı təsdiqləyib. Bu barədə müğənni Arzu Seyidzadə AzNews.az-a açıqlamasında bildirib ki, Samir Xəttab həqiqətən də məndən 17 min 500 manat pul aldığını təsdiqləyib:
“Özü müqaviləyə şərt qoymuşdu ki, kim konsertdən vaz keçsə, təzminat ödəməlidir. Sonradan isə bunu inkar edirdi. Samir Xəttab məhkəmədə əməlli-başlı təlaş keçirirdi. Artıq başa düşmüşdü ki, güvənəcəyi kimsə ətrafında yoxdur və dövlətimizin qanunları qarşısında boynu qıldan incədir. O, məhkəmə salonuna daxil olanda mənə utanmadan salam verib, ironiya ilə halımı soruşdu. Sevinirdi ki, məni bu qədər borca salıb, işimi də görməyib, şirkətimi gözdən salıb. Ancaq haqq-ədalət axır ki, yerini tapır”.
Müğənni təşkilatçının vergidən yayınmaq üçün özünü işsiz göstərdiyi faktını da açıqlayıb:
“Məhkəmədə ondan soruşanda ki, harada işləyirsiniz, o, əvvəlcə işsiz olduğunu söylədi. Sonradan isə 400 minlik proyektlərinin olduğunu bildirdi. Bunu da biz növbəti prosesdə qeyd edəcəyik. Vergidən yayınmaq üçün öncə işsiz olduğunu söyləyən Samir Xəttab axı necə 400 minlik proyekt edə bilir və bu kimi maraqlı suallar növbəti məhkəmə prosesində araşdırılacaq”.
Məsələ ilə bağlı tanınmış vəkil Zülfiyyə Bayramova da öz fikirlərini bizimlə bölüşüb: “Bu gün Nizami rayon İnzibati İqtisad məhkəməsində təşkilatçı Samir Xəttab və müğənni Arzu Seyidzadə arasında məhkəmə prosesinin birinci mərhələsi başa çatıb.
Samir Xəttab etiraf edib ki, Arzu Seyidzadədən 17 min 500 manat pulu alıb və Türkiyəli müğənni Davud Güllüoğlu ilə konserti təşkil edə bilməyib. Hakim Xalid İmanov məhkəməni dekabrın 17-nə kimi təxirə saldı. Ancaq qeyd olundu ki, Samir Xəttab həmin məbləği Arzu xanımdan alıb. Hələlik məhkəmə davam edir. Əsas istədiyimiz və gözlədiyimiz etirafı Samir Xəttabdan aldıq. Məhkəmədə hansı tərəfin qalib gələcəyi sonda bilinəcək”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?